RUSİYA "QARABAĞ KLANI"NDAN NƏ ÜÇÜN İMTİNA ETDİ? - TƏHLİL

Baxış sayı:
3457

Natiq Miri: "Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzi parlament seçkilərində qalib gələcəyi təqdirdə Qərbə inteqrasiya xəttinə üstünlük verəcək"

"Sarkisyanın Moskvanın təhriki ilə istefa verməsi, hökumətə gələ biləcək yeni qüvvə ilə Rusiyanın əməkdaşlığına yol açmaq üçün edilib"

Bildiyiniz kimi, aprelin 10-dan etibarən düşmən ölkə Ermənistanda müxalif deputat, Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanın mərkəzində Serj Sarkisyanın baş nazir qismində yenidən hakimiyyətə qayıtmasına qarşı etiraz aksiyaları keçirilib. Aprelin 17-dən isə müxalifət Məxməri İnqilabın başlandığını bəyan edib. Dürdüz, Sarkisyan hakimiyyəti aksiyaların yatırdılması, etirazçıların zərərsizləşdirilməsi məqsədiylə əlindən gələni etsə də, bunun heç bir faydası olmadı. Belə ki, daha bir müddət iqtidarda qalmasını təmin etmək niyyətində olan və bu məqsədlə Ermənistanı parlament respublikasına keçirərək baş nazir postuna yiyələnən Serj Sarkisyan ona qarşı tərtib olunan kütləvi etiraz aksiyalarının qarşısında duruş gətirə bilməyib istefa verməyə məcbur oldu.
Əslində, bu, həm də 1998-ci ildə Kremlin xeyir-duası ilə o zamankı prezident Levon Ter-Petrosyanı devirib iqtidarı ələ keçirən "Qarabağ klanı"nın Ermənistan hakimiyyətindən kənarlaşdırılması deməkdir. Maraqlıdır, görəsən iqtidara gəldiyi andan etibarən Rusiyanın qucağında oturan, boynuna Moskvanın xaltasını keçirərək Azərbaycana, o cümlədən Qərbə hürən "Qarabağ klanı"nın hakimiyyətdən getməsində kimlərin, hansı qüvvələrin rolu olub? Ümumiyyətlə, Kreml bu dəfə nədən öz vassalına yetərincə yardım etmədi və onun iqtidardan getməsinə göz yumdu?
Bu və digər bir sıra suallara cavab tapmaq üçün politoloq Natiq Miri ilə əlaqə saxladıq.

Rusiyanın Ermənistanı nəyinsə qarşılığında, Qərbə, xüsusilə də ABŞ-a təhvil vermək niyyətində olmadığını vurğulayan politoloq hesab edir ki, yaxın gələcəkdə də belə bir hadisənin baş vermə ehtimalı gözlənilmir: "Nikol Paşinyanın rəhbərliyi ilə baş tutan etiraz dalğasında Rusiyanın heç bir fəaliyyəti yox idi. Bu, illər uzunu Sarkisyan hakimiyyətinə qarşı yığılmış bir qəzəb idi ki, hansısa məqamda partlayış verdi. Nikol Paşinyan jurnalistdir və bütün yazılarında həmişə Sarkisyanı, onun komandasını tənqid edirdi. Elə bu səbəbdən də bir müddət əvvəl onu həbs etmişdilər. Sonradan isə həbsdən azad olunan Paşinyan deputat kimi parlamentə daxil olmağı bacardı. O, parlamentdəki fəaliyyətində də Sarkisyana qarşı sərt çıxışları ilə tanınıb. Və ən nəhayət, Paşinyan prezidentlik dönəminin son aylarında Sarkisyanın xalqa verdiyi sözü xatırladaraq əhalini küçələrə çağırdı. Belə ki, zamanında Sarkisyan prezidentlik dönəmi bitdikdən sonra konstitusiya dəyişikliklərinə uyğun olaraq yeni baş nazir postuna namizədliyini irəli sürməyəcəyinə dair vəd vermişdi. Lakin o, vədinə xilaf çıxaraq növbəti dəfə saxta parlament seçkiləri ilə qələbəsini elan etdi və zorakı yolla baş nazir postuna yiyələndi. Məhz bundan sonra Paşinyan xalqı küçələrə çağırdı. Bu təşkilatlanmada isə əsas həlledici qüvvə gənclər idi və qısa zaman ərzində etiraz dalğası kütləviləşərək İrəvanın sərhədlərini aşıb bütün Ermənistanı əhatə etdi".
Sarkisyanın zamanında etiraz dalğasına zorakı şəkildə müdaxilə etmədiyini qeyd edən Natiq Mirinin fikrincə, onun prezidentliyi dönəmində Avropa Birliyi ilə assosiativ müqavilə imzalandığı üçün Sarkisyan daha sərt tədbirlərə baş vura bilmədi: "Həmin müqavilədən doğan bəzi öhdəliklər var ki, hüquqi və siyasi baxımdan Sarkisyan hökuməti bu öhdəliklərə riayət etmək məcburiyyətində idi. Bundan başqa, etiraz dalğası qalxan zaman Sarkisyanın müavini ABŞ-da Ermənistana əlavə maliyyə yardımı edilməsi üçün danışıqlar aparırdı. Və bu danışıqlar çərçivəsində Ermənistana müəyyən maliyyə yardımının ayrılması planlaşdırılırdı. Ona görə də Sarkisyanın güc orqanlarının vasitəsi ilə dinc nümayişlərə zorakı üsullarla müdaxilə etməsi Avropa Birliyi və ABŞ-dan Ermənistan hökumətinə ayrılacaq maliyyənin qarşısını ala bilərdi. Bu səbəbdən də Sarkisyan ilk vaxtlar zorakı üsullardan istifadə edə bilmədi. Nəticədə bu, etiraz dalğasının getdikcə böyüməsinə yol açdı. Bunları nəzərə alaraq, düşünürəm ki, burda Rusiya amilini qabartmaq doğru deyil. Bu sadəcə olaraq illərlə Sarkisyan hakimiyyətinin rəhbərlik etdiyi "Qarabağ klanı"na olan nifrətin, qəzəbin nəticəsi olaraq ortaya çıxmışdı".
Bu arada, Ermənistandakı etiraz dalğasına rəhbərlik edən Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyanın Rusiya tərəfindən idarə olunmadığını deyən politoloqun sözlərinə görə, elə bu səbəbdən də gənclər asanlıqla onun ətrafında birləşə bildi: "Bildiyiniz kimi, Ermənistanda fəaliyyət göstərən bütün siyasi partiyalar məhz Rusiya tərəfindən idarə olunur. Ona görə də indiyə qədər heç bir siyasi partiya Sarkisyan hakimiyyətinə qarşı ciddi mənada dirəniş göstərə bilməyib. Çünki bu siyasi partiyaların xalqın yanında heç bir nüfuzu yoxdur. Ancaq Nikol Paşinyan isə Qərb təfəkkürlü və Rusiyaya bağlı olmayan, daim Sarkisyana qarşı çıxışlar edən gənc, dinamik bir şəxsdir. Buna görə də gənclər çox asanlıqla onu müdafiə etdilər. Sadəcə son dönəmdə, xüsusilə də Ermənistan ordusunun hərbçiləri xalqın tərəfinə keçdikləri haqda bəyanat verdikdən sonra vəziyyət daha da dramatikləşdi. Yəni artıq izdihamın, nümayişçilərin önündə məhz hərbçilər gedirdi. Və bundan sonra bir qrup polis zabiti də xalqın tərəfinə keçərək bütün Ermənistan polisini nümayişçiləri dəstəkləməyə çağırdılar. Qeyd edim ki, məhz bundan sonra artıq vəziyyətin xilas edilməyəcəyini anlayan Sarkisyan hakimiyyəti dərhal həbsdə olan Nikol Paşinyana elçi göndərdi. Bu elçi isə Sarkisyanın müavini olan, sabiq baş nazir Karen Karapetyan idi. Onun bu işdə vasitəçi olması bir daha göstərdi ki, prosesin geriyə dönməz xarakter aldığı şəraitdə Rusiya olaylara müdaxilə etdi. Yəni Karen Karapetyan vasitəsi ilə Nikol Paşinyanla həbsxanada danışıqlara başladı. Onu da nəzərinizə çatdırım ki, Karen Karapetyan danışıqlara başlamazdan öncə Paşinyan haqqında parlamentə göndərilən millət vəkilliyinin ləğvi ilə bağlı ərizənin geri götürülməsi üçün prokurorluğa müraciət etdi. Bunun ardınca həbsxanada Karen Karapetyan Nikol Paşinyanla görüşüb danışıqlar apardı. Və bu danışıqların nəticəsi olaraq Paşinyan və onun deputat həmkarları dərhal həbsdən azad olundu. Bir neçə saat sonra isə baş nazir Serj Sarkisyan istefa verdiyini bəyan etdi. Bütün bu zəncirvari hadisələr bir daha göstərdi ki, Rusiya sadəcə öz geosiyasi maraqlarını xilas etmək üçün prosesə müdaxilə etdi və Moskvanın təhriki ilə Sarkisyan baş nazir postundan istefa etdi. Bu həm də gələcəkdə hökumətə gələ biləcək yeni qüvvə ilə Rusiyanın əməkdaşlığına yol açmaq üçün edilib".
"Nikol Paşinyanın Kremlin adamı olmadığını, eyni zamanda onun Qərb meylli biri olduğunu nəzərə alsaq, o zaman onun hakimiyyətə gəlməsindən sonra Ermənistanın Rusiyadan uzaqlaşıb Qərblə daha sıx münasibət quracağını ehtimal etmək olarmı?" sualını cavablandıran Natiq Miri hesab edir ki, Ermənistan tezliklə Moskvanın nəzarətindən çıxa bilməyəcək: "Paşinyan və ətrafındakı insanlar Qərbə inteqrasiyanı müdafiə edirlər. Bu faktın özü də göstərir ki, gələcəkdə növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzi qalib gələcəyi təqdirdə formalaşacaq yeni Ermənistan hökuməti Qərbə inteqrasiya xəttinə daha çox üstünlük verəcək. Ancaq bu, heç də o demək deyil ki, Ermənistan dərhal Rusiyanın monopoliyasından, orbitindən çıxa biləcək. Bu, kifayət qədər çətin və ağrılı bir prosesdir. Çünki Rusiyanın Ermənistanın bütün sahələrində, sosial, siyasi, iqtisadi və hərbi sahələrdə çox böyük təsir imkanları var. Ona görə də yeni hökumət üçün Ermənistanı qısa vaxt ərzində Kremlin monopoliyasından çıxarmaq o qədər də asan olmayacaq. Lakin Nikol Paşinyanın başçılığı ilə yeni hökumət formalaşarsa, o zaman həmin hökumətin məhz Qərbə inteqrasiya xəttinə üstünlük verəcəyi birmənalıdır".