Rusiya Paşinyanı tora salır – Tələdəki pendir, “fake” məktub

Baxış sayı:
2820

“Paşinyanın adından saxta məktubun yayılması şübhəsiz ki, ona qarşı hazırlanmış provokativ addımdır. İlk baxışdan bu, əhəmiyyətsiz məsələ kimi görünə bilər, çünki internetdə hər gün yalan xəbərlərin yayılması adi haldır. Amma hadisəyə Ermənistan daxili siyasəti və Qarabağ münaqişəsi kontekstində yanaşdıqda bunun məqsədyönlü addım olduğu fikrini irəli sürmək mümkündür”. Bunu “Yeni Sabah”a açıqlamasında politoloq Şahin Cəfərli Ermənistanın baş naziri Nikol Paşinyanın NATO-nun baş katibinə yazdığı iddia olunan məktub qalmaqalını şərh edərkən deyib. Politoloq bildirib ki, bu tip “fake”lərlə Ermənistan ictimaiyyətində Paşinyan haqqında şübhələr, tərəddüdlər yaradılmağa çalışılır. “İnsanlar bunun yalan olduğunu anlasalar belə, onların şüuruna şübhə toxumları səpilmiş olur. Sonrakı mərhələdə yəqin ki, bu “toxum”ları “cücərtmək” və ictimai rəyi Paşinyanın əleyhinə çevirmək cəhdlərini müşahidə edəcəyik”. Ş. Cəfərli deyir ki, Paşinyanı hakimiyyətdən salmaq üçün (istər seçki, istərsə çevriliş yolu ilə) ictimai rəyi ona qarşı yönəltməyə, ölkədə narazılıq dalğası yaratmağa ehtiyac var: “Bu narazılığı körükləməyin ən yaxşı yolu isə Qarabağ kartıdır. Başqa bir məqsəd bu ola bilər ki, müəyyən mərkəzlər (məsələn, Rusiya xüsusi xidmət orqanları) Paşinyana bu yolla xəbərdarlıq mesajı göndərə bilər. O mənada ki, “biz sənin Qərb çevrələri ilə gizli təmaslarda nələr söylədiyini, hansı vədləri verdiyini bilirik.” Sirr deyil ki, Paşinyan Ermənistanın xarici siyasətində hər hansı radikal dəyişiklik etməsə də, Moskva ona axıra qədər güvənmir və səmimiyyətinə inanmır. Üstəlik, Paşinyanın ölkə daxilində Qarabağ klanını zərərsizləşdirməyə çalışaraq Rusiyanın dayaqlarını sarsıtmağa cəhd göstərməsi Kremli məmnun edə bilməz. Putinin şəxsi dostu, keçmiş prezident Robert Koçaryanın üçüncü dəfə həbs olunması Paşinyan tərəfindən bu istiqamətdə atılmış qıcıqlandırıcı addımlardan biridir. Putin ötən il Koçaryanın ilk həbsindən və azadlığa çıxmasından sonra onunla şəxsən telefon əlaqəsi saxlamaqla Robert Sedrak oğlunun kimin adamı olduğunu hər kəsə açıq nümayiş etdirmişdi. Lakin Ermənistanın yeni baş naziri bu mesajı qulaqardına vurdu. Çünki bu problem Paşinyan üçün artıq ekzistensial məsələyə, yəni mövcudluq, var olma məsələsinə çevrilib: əgər Koçaryanın öhdəsindən gələ bilməsə, istər dövlət aparatında, istərsə də cəmiyyətdə onun nüfuzu sarsıla bilər, bu isə sonra iqtidarın vaxtından əvvəl dəyişməsi ilə nəticələnər. Ermənistan kimi hələ oturuşmamış ölkələrdə bürokratik aparat 1-ci adamın zəiflədiyini fərq edərsə, mərkəzdənqaçma meylləri dərhal başlayar və bunun qabağını almaq mümkün olmaz. Eyni zamanda, toplum da birinci şəxsin qətiyyətli və möhkəm adam olmadığını müşahidə etsə, dəstəyini tədricən geri çəkər. Paşinyan şübhəsiz ki, bu cür riskləri hesablayır və buna uyğun siyasət yeridir”. Ş. Cəfərlinin fikrincə digər tərəfdən, Koçaryan kimi Moskvaya bağlı bir fiqurun azadlıqda qalması təcrübəsiz yeni hökumət üçün böyük risklər ehtiva edir: “İstər-istəməz qarşıdakı dövrdə Paşinyanın reytinqi eniş trendinə girəcək və artıq bu proses gedir. Narazılıq artdıqca, toplum alternativ axtarışına başlayacaq və maddi imkanları, beynəlxalq əlaqələri güclü olan Koçaryan belə bir alternativə çevrilə bilər. Başqa bir risk isə sabiq prezidentin Dağlıq Qarabağda və oradakı silahlı dəstələr üzərində böyük nüfuza və təsirə malik olmasıdır. Koçaryan azadlıqda olarsa, arxasındakı bu güclə Paşinyan iqtidarı üçün böyük təhdid mənbəyinə çevrilər. Ona görə də, mən düşünürəm ki, ən azı Dağlıq Qarabağda gələn il keçiriləcək “prezident seçkiləri”nə qədər Paşinyan Koşaryanı içəridə saxlamağa çalışacaq. Hazırda Paşinyanın başlıca məqsədi Dağlıq Qarabağda öz adamını iqtidara gətirmək və oradakı silahlı gücü tam nəzarət altına almaqdır”. Münaqişənin həllinə gəldikdə isə, Ş. Cəfərli bildirib ki, biz əlbəttə ki, qapalı danışıqlarda nələrin müzakirə olunduğunu bilmirik. “Amma hesab edirəm ki, Paşinyan bu məsələdə radikal addımlar atmaqdan çəkinəcək. Ona sərf edir ki, ən azı hazırkı mərhələdə vəziyyət dəyiməz qalsın. Əgər nizamlanma çərçivəsində hansısa qərarlar qəbul etmək mərhələsi gəlib çatıbsa, onda Paşinyan üçün sərfəli variant budur ki, həmin qərarları o özü yox, Dağlıq Qarabağ erməniləri versin. Onun qondarma DQR-i danışıqlara cəlb etməkdə israrı məhz bununla əlaqədardır. Paşinyan başını ağrıtmaq istəmir və münaqişənin həlli ilə bağlı qərarın siyasi məsuliyyətini üzərinə götürməkdən qaçır”.