RUSİYA “OXOTNİK”LƏ SƏMANI FƏTH EDƏ BİLƏCƏKMİ? – “Real şəraitdə yoxlanılması gərəkdir”

Baxış sayı:
497

Hazırda bir çox ölkələrin silahlı qüvvələrinin döyüş cərgəsində yer alan PUA-ların əksəriyyəti, demək olar ki, ABŞ-ın “MQ Reaper”-na uyğun gəlir. Bu cür perspektiv hərbi PUA-lar hazırlamağı bacaran ölkələr çox deyil və onların arasında Rusiya da yoxdur. Hərçənd ki, SSRİ öz dövrünün şərtlərinə cavab verən yüksək sürətə malik kəşfiyyat dronlarının müxtəlif tiplərinə malikdi, amma buna baxmayaraq, Rusiya hələ də hərbi dronlar istehsalında rəqiblərindən geri qalır.

Rusiyanın “Orlan-10” kimi kiçik həcmli kəşfiyyat dronları real döyüş şəraitində özlərini yaxşı tərəfdən göstərə bilməyiblər və həmçinin də bu aparatların texniki xarakteristikası, avadanlıqlarının imkanları məhduddur. ”Orlan-10” aparatları Türkiyənin “Bayraktar TB 2” PUA-larından çox geri qalırlar. Rusiya dronlarının etibarlılığı da çox aşağı səviyyədədir. Belə ki, ”Orlan-10” dronları Ukraynanın şərqində və Suriyada dəfələrlə vurularaq, Ukrayna hərbçilərinin və Suriya yaraqlılarının əlinə keçib.

 

 

Rusiyanın geridən gələrək digər ölkələri ötüb keçmək və dünya səviyyəsində öncül yerə çıxmaq üçün başlıca ümüdi “C-70 Oxoтник” (Ovçu) zərbə PUA-sıdır. Rusların məlumatlarına əsasən, “Oxotnik” PUA-nın gövdə uzunluğu 14 metr, qanadlarının ümumi uzunluğu 19 metr, uçuş kütləsi 25 ton, maksimal sürəti saatda 1000 kilometrdir.

“C-70 Oxotnik” radarlara az yaxalanan kəşfiyyat Pilotsuz Uçuş Aparatıdır və bu aparatlar nəinki qabaqcıl Hava Hücumundan Müdafiə sistemləri ilə təchiz edilmiş yerüstü hədəfləri vurmaq qabiliyyətinə malikdir, onlar həmçinin “Su-57” qırıcı təyyarələrinin hava döyüşündəki etibarlı köməkçisi rolunu oynaya bilər. Əlbəttə, həmişə olduğu kimi, Rusiya mətbuatı “Oxotnik”-i dünyanın ən üstün PUA-sı kimi təqdim edir.

O ki qaldı “Oxotnik”-in fiziki xüsusiyyətlərinə, hələlik bu barədə heç nə aydın deyil. Lakin dronların hazırlanması sahəsində Rusiyanın uzun illər ərzindəki geriliyini nəzərə alsaq, onda “C-70 Oxotnik” dronlarının qəflətən dünyanın ən mükəmməl aparatları ola biləcəyi iddiası inandırıcı görünmür.

Rusiya “C-70 Oxotnik” barəsində detallı məlumat vermir. Yalnız onu deyirlər ki, bu PUA-lar Suriyadakı döyüş meydanında yarı real sınaqdan keçiblər. Belə iddia olunur ki, türk hərbçilərinin mühafizə etdikləri benzindaşıyan kolonu və son zamanlar Suriyanın şimalında bombalanan neftayırma zavodları “C-70 Oxotnik”in hədəfi olub. 

Amma hər halda Rusiyanın öz yeni dronu “Oxotnik”-i Suriyanın təhlükəli şimal bölgəsinə yollaması inandırıcı gəlmir. Çünki ruslar bunun üçün PUA-nın məhv edilməsi riskini minimuma salmalı və həm də onun yaraqlıların əlinə keçməsinin qarşısını almalı idilər. Digər tərəfdən isə unutmayaq ki, Suriyanın şimal hissəsi Türkiyənin ciddi müşahidəsi altındadır.

Rusiya Türkiyə dronlarına necə maraq göstərirsə, eləcə də Türkiyə Rusiyanın yeni PUA-lar və xüsusən də “C-70 Oxotnik” üzərində işləməsini diqqətlə izləyir.

Rusiyanın hərbi sənaye kompleksindəki mənbənin sözlərinə görə, Novosibirsk şəhərindəki V.P.Çkalov adına aviasiya zavodunda “C-70 Oxotnik” ağır zərbə PUA-sının daha üç təcrübə nümunələri üzərində iş aparılır. Həmin plana əsasən onlar bir-birinin ardınca 2022-2023-cü illərdə uçuş sınaqlarına qoşulacaqlar.

 

 

Hazırda bu üç prototipin necə inkişaf etdiriləcəyi tam bəlli deyil. 2020-ci ilin avqustunda Rusiyanın Aviatikinti Birliyinin baş direktoru Yuriy Slyusar bildirmişdi ki, şirkət 2024-cü ildən Rusiya Hərbi Kosmik Güclərini “Oxotnik” pilotsuz uçuş aparatları ilə təchiz etməyə başlayacaq.

Düzdür, Rusiya xakerləri texnologiyalar barəsində məlumat almaq bacarığına malikdirlər, ancaq onlar pilotsuz uçuş aparatları və buna bənzər silahlar sahəsində elə də yaxşı səviyyədə deyillər. Hələlik Rusiya PUA-lar istehsalı üzrə birinci eşalona çıxa bilmir.

Rusiya ekspertləri bildirirlər ki, onların hərbi mühəndislərinin hazırladıqları döyüş robotları Suriyadakı real döyüş meydanında özlərini heç də yaxşı cəhətdən göstərə bilməyiblər. Belə ki, mexaniki nasazlıqdan başqa, bu robotlar dəfələrlə komanda məntəqəsiylə əlaqəni itiriblər. Mahiyyət etibarıyla bu döyüş robotları avtonom işləyən intellektual robotlar deyillər. Əslində bu robotlar operator tərəfindən əllə idarə edilən mexanizmlərdir. Ona görə də “Oxotnik” PUA-larının da səmərəliliyini mütləq real döyüş şəraitində yoxlamaq lazımdır. Rusiyanın geridə qaldığı pilotsuz uçuş aparatları sektorunun “səmanı fəth etməsi” üçün məhz hər şeyin real şəraitdə yoxlanılması gərəkdir.

(“Sina.com” saytı-Çin)

Tərcümə “AzPolitika”nındır