Rusiya “Milyarderlər İttifaqı”nı yenilədi – AZƏRBAYCANA QARŞI MƏKRLİ PLAN

Kreml Azərbaycana qarşı bu dəfə Gürcüstan əsilli milyarderlərdən istifadə etməyi düşünür
 
2018-ci il prezident seçkiləri yaxınlaşdıqca ölkədə siyasi aktivlik artmaqdadır. Bu aktivlik təkcə hakimiyyət daxilində hiss olunmur, artıq bəzi siyasi partiyalar da öz namizədlərini elan etməkdədir. Ən maraqlısı isə odur ki, daxili qüvvələrlə yanaşı, bəzi dövlətlər (onların kəşfiyyat xidmətləri) də Azərbayanda keçiriləcək prezident seçkiləri ilə bağlı ciddi fəallıq göstərməkdədirlər. Bu dövlətlərin başında isə, bütün prezident seçkiləri öncəsi olduğu kimi, Rusiyanın dayandığı kimsəyə sirr deyil.
 
Əldə etdiyimiz məlumata əsasən, Moskva Azərbaycana qarşı bu dəfə də “Milyarderlər İttifaqı” kartından istifadə etməyi düşünür. Amma bu heç də o demək deyil ki, Kreml ideoloqları yeni-yeni ideyalar düşünə bilmirlər. Əksinə, Putin Rusiyası Azərbaycanda öz maraqlarını təmin etmək üçün indi daha effektli siyasi texnologiyalar hazırlamağa çalışır. Belə ki, Moskva Azərbaycan hakimiyyətinə ənənəvi təsir imkanlarını saxlamaqla yanaşı, paralel olaraq Gürcüstan üzərindən də siyasi basqılar həyata keçirmək fikrindədir.
Tiflisdəki mənbələrdən daxil olan bilgilərə əsasən, bu məqsədlə artıq Gürcüstanda Rusiyaya bağlı bir sıra qurumlar hərəkətə gətirilib. Burada nəinki siyasi hakimiyyətdə təmsil olunan şəxslərə, daha çox Azərbaycandan qaçıb getmiş vətəndaşlarımıza və Rusiyanın maraqlarına xidmət edən Borçalı əsilli soydaşlarımıza aparıcı rol verilib. Onların idarəçiliyi isə birbaşa Moskvadakı Gürcüstan doğumlu azərbaycanlı milyarderlərə həvalə edilib. Təbii ki, burda söhbət əsasən maddi cəhətdən təminatdan gedir.
Mənbə bildirir ki, Rusiya 2018-ci il prezident seçkilərində Azərbaycanı Gürcüstan üzərindən “vurmaq” üçün növbəti “Milyarderlər İttifaqı” formalaşdırıb. Hətta bunu keçmiş "Milyarderlər İttifaqı”nın tərkibinin yenilənməsi kimi də qəbul etmək olar. Çünki yeni heyətdə təmsil olunan milyarderlərin arasında bəzi isimlər Azərbaycan oxucusuna artıq tanışdır, onlar 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılan ittifaqın aktiv üzvləri olublar. Sadəcə, yeni tərkib sırf regional prinsiplər üzərində qurulduğundan, artıq burda ancaq Gürcüstan əsilli milyarderlərin təmsil olunması məqsədəuyğun hesab olunub.   
Mənbə deyir ki, Krmelin bu işdə konkret olaraq görəv verdiyi milyarderlərin adları da bəllidir. Onun sözlərinə görə, burada aparıcı rollardan biri yenə də "AzerRos”un sabiq prezidenti Söyün Sadıqova verilib. Onunla yanaşı, “Milyarderlər İttifaqı“nın yeni tərkibində “Axtuba” Hərbi Sənaye Kompleksinin keçmiş prezidenti Sakit Allahverdiyev, “Rapira Ziya” kimi tanınan Ziya Abbasov, "Konrad" Şirkətlər Qrupunun prezidenti , daşınmaz əmlak kralı Vaqif Məmişov, Putinin yaxın çevrəsinə bağlı olduğu iddia edilən və Tiflisdəki “Lanset” Klinikasının əsl sahibi “Kral Alı” (soyadını dəqiqləşdirə bilmədik – red.) və s. azərbaycanlı biznesmenlərin təmsil olunduğu qeyd edilir. Lakin təşkilatın nüvəsini yuxarıda adları çəkilən 5 nəfərin təşkil etdiyi bildirilir.
Məlumata əsasən, sözügedən milyarderlərin hər birinin Gürcüstanda yaşayan soydaşlarımız arasında geniş çevrəsi olmaqla yanaşı, Azərbaycanda da təsir imkanları mövcuddur. Xüsusən də Borçalı əsilli vətəndaşlarımızın böyük əksəriyyəti tərəfindən tanınır və müəyyən kəsim onlara hörmətlə yanaşır. Təbii ki, bütün bunlar da öncədən düşünülməmiş deyil. Ən maraqlısı isə odur ki, Moskvadan vəd edilən böyük pullar hesabına artıq bir qrup Borçalı əsilli vətəndaşımız arasında da aktivlik müşahidə olunur. Mənbə deyir ki, hazırda istər Gürcüstanda, istər də Azərbaycanda təlimatlar artıq QRU-nun generalı olduğu iddia edilən Sakit Allahverdiyevdən alınır...
Haşiyə çıxaq ki, Sakit Allahverdiyev də Azərbaycan siyasi dairələrinə yad bir isim deyil. Qeyd edək ki, o, SSRİ dönəmində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Çoğrafiya İnstitutunda çalışıb. SSRİ dağılandan sonra Rusiyaya gedib və “Axtuba” Hərbi Sənaye Kompleksində çalışıb. Qısa müddətdə polkovnik rütbəsi alan S.Allahverdiyev, üstəlik 40 min nəfərlik işçisi olan Komleksin direktoru vəzifəsinə təyin olunub. O, 2002-ci ildən sonra Rusiyanın Gürcüstana qarşı apardığı siyasətdə aktiv füqurlardan birinə çevrilib. Hər dəfə də Borçalı kartından yararlanmağa çalışıb. Təsadüfi deyil ki, vaxtilə Azərbaycanda fəaliyyət göstərən “Borçalı” Cəmiyyətinin Moskva nümayəndəliyini yaradıb və onun rəhbəri vəzifəsinə təyinat alıb. Hətta onun təklifi ilə bir müddət (2005-ci ildə) Bakıda “Borçalının səsi” adlı qəzet buraxılıb və maliyyəsi də Moskvadan gəlib.
Bütün bunlarla yanaşı, S.Allahverdiyevin Kremlin təlimatı ilə Azərbaycanda bir sıra müxalif siyasi partiyalarla gizli əməkdaşlıq etdiyi və bəzi müxalif qəzetlərə külli miqdarda maliyyə vəsaiti verdiyi haqda da bilgilər var. Məsələn, onun Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-yə maddi dəstək göstərdiyi və “Azadlıq” qəzetini maliyyələşdirdiyi haqda informasiyalar yeni deyil. Hətta Sakit Allahverdiyevin “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə hələ də yaxın münasibətdə olduğu iddia olunur. Üstəlik, son vaxtlar bəlli məqsədlər üçün Rusiyadan Gürcüstan üzərindən Azərbaycana göndərilən vəsaitlərin ünvanına çatdırılmasında bu münasibətlərin ciddi rol oynadığı da vurğulanır. Lakin bu məsələ bizim məqalənin mövzusu olmadığından, bu haqda yazmağı növbəti saylarımızın birinə saxlayırıq. Hələlik isə onu qeyd edək ki, son illər Gürcüstan üzərindən Azərbaycana qarşı təzyiq siyasətinin hansısa Avropa ölkəsi deyil, məhz Rusiya tərəfindən idarə olunduğu öz təsdiqini tapmaqdadır...
Qayıdaq Sakit Allahverdiyevin təlimatlarının əsas hədəfinə. Mənbə deyir ki, hazırda istər S.Allahverdiyev, istər də “Milarderlər İttifaqı”nın yeni tərkibində təmsil olunan digər şəxslər nüfuzlu ziyalımız Eyvaz Borçalının təsisçisi olduğu “Borçalı” İctimai Birliyini ələ keçirməyə çalışırlar. Onların məqsədi bütün narazı qüvvələri bu qurumda birləşdirmək və 2018-ci il prezident seçkiləri ərəfəsində “Borçalı” İB-dən hakimiyyətə qarşı istifadə etməkdir. Hətta indidən S.Allahverdiyev tərfindən təlimatlandırıldığı iddia olunan müəyyən şəxslər “bu təşkilatın arxasında ən azı 500 min nəfərlik seçici dayanır, hakimiyyət bizimlə hesablaşmalıdır” kimi təxribat xarakterli informasiyalar yayırlar. Mənbənin sözlərinə görə, o cümlədən Gürcüstanda da xüsusi seçilmiş təxribatçı qruplar analoji fikirlərlə hakimiyyətlə soydaşlarımız arasında nifaq salmağa cəhd edirlər...
Bəs, “Milyarderlər İttifaqı”nın əsas hədəfi nədir? Onların təlimatı altında çalışan şəxslər kimlərdir? Bu şəxslər ölkəmizdə hansı nüfuzlu insanlar və qurumlar tərəfindən himayə olunur? Rusiyadan onlara göndərilən maliyyə hansı yollarla və kimlərin vasitəsilə çatdırılır? Tiflisdəki “Lanset” Klinikasının rəhbəri Fərman Ceyranovun bu məsələlərlə nə kimi bağlantısı olub? Eləcə də, son vaxtlar bütün dünyanın diqqət mərkəzində olan “Əfqan Muxtarlı olayı”nın pərdəarxasında hansı maraqlar var?
Bu və digər suallara növbəti saylarımızda cavab tapa bilərsiniz. Bizi izləyin.
Hurriyyet.org