​Rusiya mediasından Azərbaycana İŞİD xəbərdarlığı: “Təhlükə artır...”

Rusiya prezidenti Vladimir Putin MDB-nin ötən həftə Qazaxıstanda keçirilən sammitində “İslam Dövləti” (İŞİD) təhlükəsinə qarşı birgə fəaliyyətə çağırıb.
Putin bildirib ki, hazırda İŞİD sıralarında keçmiş SSRİ respublikalarından 5 minə yaxın döyüşçü var və onları geri qayıdaraq ciddi təhdidə çevrilə bilər.
Virtualaz.org saytı xəbər verir ki, lenta.ru bu mövzudan çıxış edərək “İslam Dövləti” sıralarında döyüşənlərin Cənubi Qafqaz respublikalarına, o cümlədən Azərbaycana qarşı nə dərəcədə təhdid olduğuna dair məqalə ilə çıxış edib.
Məqalədə deyilir ki, Rusiyanın kosmik-hava qüvvələrinin Suriyada həyata keçirməkdə olduğu əməliyyat nəticəsində ekstremistlər bu ölkə ərazisində öz fəaliyyətlərinə düzəlişlər edirlər və onların bir hissəsi regionu tərk etməyə başlayıb. Onların Suriyanı tərk edərək hara üz tutduqları barədə hələ qəti marşrutlar yoxdur, lakin mümkün marşrutlar arasında Orta Asiya ilə yanaşı Cənubi Qafqaz respublikaları da var.
Məqalədə qeyd olunur ki, Gürcüstanın Pankisi dərəsi çeçen müharibəsi zamanı ekstremistlərin sığınacağına çevrilib, qonşu Azərbaycanda isə dini ekstremistlərin sayı sürətlə artır.
“Regiona Suriyada döyüş təcrübəsi qazanmış yeni ekstremistlərin gəlişi sabitliyi içəridən sarsıda və Rusiyaya problemlər yarada bilər”-deyə Rusiya internet nəşri yazır.
Hazırda İraq və Suriyada döyüşlən radikal qruplaşmaların sırasında Gürcüstan sakini Tarxan Batiraşvili - Əbu Ömər əş-Şişani çox məşhurdur. Batiraşvili 2008-ci ildə Gürcüstan ordusunun tərkibində Rusiyaya qarşı döyüşüb, daha sonra radikal İslama meyl edib və Yaxın Şərq üzə çıxıb.
Hazırda Batiraşvili İŞİD-in hərbi-siyasi iyerarxiyasında ən önəmli şəxslərdən biridir. KİV-lər dəfələrlə Batiraşvilinin öldürüldüyünü xəbər veriblər, acaq bu xəbərlər təsdiqini tapmır.
Gürcüstan hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bu ölkədən 300-ə yaxın radikal islamçı İŞİD sıralarına qatılıb. Onların əksəriyyəti Pankisi dərəsindən olan çeçenlərdir. Habelə azərbaycanlılar yaşayan Kvemo-Kartli regionunda da İŞİD-ə qoşulanlar var.
Azərbaycan vətəndaşları isə Suriyada daha çoxdur. Müxtəlif məlumatlara görə, onların sayı 400-dən 1000-ə qədərdir. Hətta Suriyada əlahiddə “Azərbaycan batalyonu” da var.
Azərbaycanlı İŞİD-çilər arasında ən çox tanınanı Xəttab əl-Azəridir. O, internetdə Azərbaycan hakimiyyətinin ünvanına təhdidlərlə çıxış edib.
Məqalədə deyilir ki, fəal islamçıların çoxunun döyüşmək üçün İraqa və Suriyaya getməsinə baxmayaraq Gürcüstanda və Azərbaycanda sakitliyin yarandığını demək olmaz. Əksinə, hər iki ölkədə dini ekstremizmlə bağlı vəziyyət pisləşməkdə davam edir, islamçı qruplar genişlənir və göz önündə möhkəmlənir.
“Böyük ölçüdə bu, müsəlman Azərbaycanına aiddir. Lakin Gürcüstanda da tamamilə ciddi gərginlik ocaqları var”- deyə məqalədə bildirilir.
Gürcüstanın Pankisi dərəsi Cənubi Qafqazda İŞİD-in əsas canlı qüvvə mənbəyidir. Azərbaycanda isə vəziyyət Gürcüstana nisbətən daha təhlükəlidir.
“Ayrı-ayrı gərginlik mənbələrinə malik Gürcüstandan fərqli olaraq Azərbaycanda dini ekstremizm baxımından daha münbit şərait var, bu da bütün ölkəni əhatə edən irimiqyaslı problemlərə gətirib çıxara bilər”- deyə Rusiya internet nəşri yazır.
Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda ən narahat regionlar Dağıstanla sərhəd şimal rayonlarıdır. Bu regionlarda sələfilər və vəhhabilər hələ ötən ilin 90-cı illərinin ortalarından Türkiyədən və Rusiyadan olan emissarların təsiri ilə artmağa başlayıb.
Lakin son illərdə Bakıda və Sumqayıtda da vəhhabilərin sayı sürətlə artır. Cümə namazlarına bütün qadağalara baxmayaraq minlərlə vəhhabi toplaşır. Özü də vəhhabiliyə meyl edənlər təkcə sünnilər deyil, həm də şiə ailələrindən çıxanlardır.
Hüquq-mühafizə orqanları müntəzəm olaraq radikallara qarşı reydlər keçirir, onların məscidlərini bağlayır, bu da vəziyyətin daha da gərginləşməsinə və radikalların artmasına səbəb olur. Milli Təhlükəsizlik Nazirliyi son illərdə Suriyada döyüşlərə qatılmış onlarla radikalı həbs edib.
Bildirlir ki, Yaxın Şərqdə sünni-şiə qarşıdurmasının dərinləşməsi də Azərbaycan üçün təhlükədir. Bu, ölkədə sünni azlığı ilə şiə çoxluq arasında münasibətlərin pisləşməsinə gətirib çıxara bilər.
Hazırda Rusiya aviasiyasının zərbələrindən qaçan İŞİD-çilərin bir qrupunun İordaniyaya və Livana keçdiyinə dair məlumatlar var. Ekspertlər ehtimal edir ki, təzyiq artıqca İŞİD-çilərin bir qismi də Türkiyəyə keçə bilər. Eləcə də ekstremistlərin Orta Asiyaya keçəcəyinə dair narahatlıqlar artır.
Doğrudur, Azərbaycan terror qruplaşmaların tərkibində döyüşlərin ölkəyə geri qayıtmasını əngəlləmək üçün tədbirlər görür, belələri yaxalananda 20 il həbsə məhkum edilə bilər.
Lakin “İslam Dövləti” bu regionu hərbi ekspansiya obyekti kimi deyil, canlı qüvvə mənbəyi kimi nəzərdən keçirir. Yəni Suriyadan qayıdanlarla yanaşı ölkə daxilindəki İŞİD tərəfdarları da ciddi təhlükə mənbəyidir.