Rusiya İranı “balığın ağzına” ata bilər - gizli sövdələşmə ehtimalı

Baxış sayı:
7993

Əhəd Məmmədli: “Moskva hər an Vaşinqtonla anlaşa bilər”
Hazırda ABŞ və İran arasında yaşanan qarşıdurma gündəmin əsas müzakirə mövzularından biridir. Burada əsas diqqətlərin cəmləndiyi ölkə Rusiyadır. Şimal qonşumuzu hər kəs İranın yaxın müttəfiqi olan ölkələrdən biri kimi sayır. Amma buna baxmayaraq, Kreml bu qarşıdurma ilə bağlı seyrçi mövqe sərgiləməkdədir ki, bu da çoxsaylı suallar yaradır.

Bu gərginliyin rəsmi Moskvanın xeyrinə olduğunu düşünənlər də, bunun əksini dilə gətirənlər də var. Rusiyanın regionun əsas dövlətlərindən biri kimi, cənub qonşumuzun sıradan çıxarılmasından dividendlər əldə etmək niyyətində olduğu ehtimal edilir. Hətta bunun üçün rəsmi Moskvanın hazırda burun-buruna dayandığı Amerika ilə gizli sövdələşməyə gedə biləcəyi belə vurğulanır.

Politoloq Əhəd Məmmədli hesab edir ki, digər dövlətlərin bir-biriləri ilə qarşıdurması Rusiyanın xeyrinədir: “Bu ölkə mövcud durumu xeyrinə çevirməyə çalışacaq. Bu da təbiidir. Rusiya keçmiş zamanlardakı kimi anti-Amerika koalisiyaya başçılıq etməyə çalışır. Bütün ABŞ-dan narazı ölkələri Rusiya öz ətrafına yığmaq istəyir. Kreml daxil və xaricə göstərmək istəyir ki, SSRİ vaxtlarına qayıdır, həmin zamanlarda olduğu kimi qüdrətlidir və anti-amerikan koalisiyasının başında dura bilər. Lakin Rusiya ilə birlikdə ABŞ-a qarşı çıxmaq İranın xeyrinədir ya yox, bu, artıq başqa məsələdir. Əvvəla onu deyim ki, İran 40 ilə yaxındır ki, sanksiyalar altında yaşayır. Bu çətin müddətdə qüdrətli dövlətə çevrilməyə müvəffəq olub. İqtisadiyyatı var. Nəinki özünü, hətta qonşu ölkələri, əsasən də, kənd təsərrüfatı, ərzaq məhsulları ilə təmin edir. Güclü ordusu var. Silah təchiz edir. Bütün bunları o, on illərdir iqtisadi sanksiyalar altında edir. Yəni dediyim odur ki, İran xalqı bu cür duruma öyrəşib və bu vəziyyət altında nəinki yaşamağa, inkişaf etməyi bacarıb. Növbəti sanksiyalar dalğasının da İrana ciddi təsir edəcəyi düşüncəsindən uzağam. Ümumiyyətlə, bir şeyi anlamaq lazımdır ki, İran, Rusiya, Türkiyə kimi dövlətçilik tarixi olan ölkələri iqtisadi sanksiyalarla zəiflətmək olar, amma yıxmaq olmaz. O ki qaldı Rusiya ilə müttəfiqliyə, bu dostluq indiki şəraitdə İrana lazımdır. Təkcə Rusiya ilə deyil, Türkiyə və Çinlə də ittifaqda olmaq İran üçün vacibdir. Lakin konkret anti-ABŞ koalisiyasına Rusiyanın rəhbərliyi altında girməyi İrana məsləhət görməzdim. Rusiyanın öz maraqları var, öz oyunlarını oynayır. Moskva hər an Vaşinqtonla anlaşa bilər.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Məhəmməd xan Qacarın deyimi ilə desək, ”şimal tülküsünə güvənmək olmaz". Fikrimcə, Tehran paralel olaraq Vaşinqtonla anlaşmağa da cəhd etməlidir. Zənnimcə, gizli dairələrdə bu cəhdlər edilir. Bunu da düz hesab edirəm. Reallıq var, həmçinin unutmayaq ki, siyasət ilk öncə uzlaşmağı bacarmaq, bilmək peşəsidir. Situasiyanı xilas etmək üçün güzəştə də getmək olar. Unutmayaq ki, vaxtı ilə Miloşeviç, Səddam da Moskvaya güvəndilər, sonları nə oldu bəllidir. Moskva ilə müəyyən yol getmək olar, lakin tam olaraq bu yolu qət etmək olmaz. Yəqin ki, bunu Tehranda, Ankarada nəzərə alırlar. Anti-ABŞ koalisiyasına gəldikdə isə, hal-hazırda bunun başında Çin durur. Rusiya da Çinin yanındadır. Kreml buna varmadan Çinə xoş gəlmək üçüm nəhəng Şərq əjdahasına həm siyasi, həm də iqtisadi baxımından mövqelərini durmadan verir. Bu proses SSRİ dağılandan sonra başlayıb".

Politoloq israrla Moskvaya sonadək güvənməyin səhv addım olduğunu təkrarladı: “Bir anda təsəvvür edək ABŞ İranı vurmaq qərarına gəldi, Rusiya İrana görə Amerika ilə savaşa girəcək? Təbii ki, xeyr. İran Serbiyadan Rusiyaya yaxın deyil ki. Rəsmi Tehran Türkiyə ilə birlikdə olsa, heç kəs bu iki müsəlman ölkəsini bitirə bilməz. İslam dünyasına vəhdət lazımdır. Vəhdət olandan sonra ABŞ, Çin, Rusiya, Avropa Birliyi, ümumiyyətlə, hər kəsin öhdəsindən birlikdə gəlinər. Regionun əsas ölkəsinə çevrilmək uğrunda İran Türkiyə ilə rəqabətdə olmağa məcbur olacaq. Bu vəziyyət də həm Türkiyə, həm də İranı zəiflədəcək. Əsrlərdir xristian dünyası Türkiyə ilə İranı bir-birinə vurdurmaqla hər ikisini zəiflədib. Buna bir daha imkan vermək olmaz. Ankara ilə Tehran həqiqi müttəfiqə çevrilib, bir-birləri ilə hər ikisinə ziyanverici rəqabət aparmaq əvəzinə birləşib, həm region, həm də dünyaya yön verə bilər”./musavat.com