Rusiya ilə dost olaq, yoxsa... - İki rəy

Baxış sayı:
12142

Azərbaycanda Rusiyaya qarşı münasibətdə hər zaman ikili mövqeyə rast gəlinir. Şimal qonşumuzla dostluğa üstünlük verənlər də, bunun əksini dilə gətirənlər də var. Belə ikili münasibətin formalaşmasının da hər kəsə bəlli olan çox incə səbəbləri var.

Əvvəla, təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın işğalında Rusiyanın rolu unudulmayıb. Eyni zamanda, işğaldan sonrakı dövrdə Kreml hər zaman düşmənimizin tərəfindən çıxış edir. Amma bütün bunlara baxmayaraq, Rusiyanın region və Azərbaycan üçün çox önəmli bir ölkə olduğu da daim vurğulanır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Rusiya ilə bağlı Azərbaycanın bugünkü siyasətini olduqca uğurlu sayır: “Azərbaycanın xarici siyasətinin prioritetləri ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən edilib. Bütövlükdə bu xarici siyasətdə qonşu ölkələrlə münasibət ayrı-ayrılıqda nəzərə alınıb. Onlarla münasibətin gələcəyi tam mahiyyəti ilə qurulub. Buna uyğun olaraq da xarici siyasətimiz uzun illərdən bəri davam edir. Xarici siyasətimiz şaxələnmiş siyasətdir. Bu, Azərbaycanın milli və dövlət maraqlarına söykənir. Heç şübhəsiz ki, xarici siyasətdə qonşu ölkələrlə münasibətlərin normal şəkildə qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi son dərəcə əhəmiyyətlidir. Rusiya üzərində daha çox dayanmaq istərdim. Rusiya fərqli bir dövlətdir. Hər zaman imperiya maraqlarını qoruyub saxlayıb. SSRİ-yə qədər də, SSRİ dövründə də və SSRİ-nin çöküşündən sonra da belə olub. Rusiya özünün geopolitik siyasətini qoruyub saxlamaq üçün bu gün Suriyada savaş aparır, hərbi sənayesini durmadan inkişaf etdirir - baxmayaraq ki, onların sosial vəziyyətləri ürəkaçan deyil. Hərbi potensialına görə Amerika ilə ciddi rəqabətdədir. Hətta bəzi məqamlara görə önə keçməyə çalışır və bunu bəzi hallarda da bacarır. Belə bir ölkə ilə heç şübhəsiz ki, ölçülüb-biçilmiş, Azərbaycan milli və dövlət maraqları nəzərə alınmaqla siyasət qurulmalıdır. Bərabərhüquqlu, bir-birinin daxili işlərinə qarışmayan mehriban qonşuluq prinsipləri əsasında münasibətlər olmalıdır. Azərbaycan məhz bu prinsipə söykənir. Rusiya ilə bağlı Cənubi Qafqaz və Orta Asiya respublikalarından fərqli bir siyasət yürüdürük.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı

Ölkə prezidentinin bu gün Rusiya ilə bağlı apardığı siyasət ölkəmizin suverenliyinə, müstəqilliyinə, milli maraqlarımızın mahiyyətinə tam uyğundur. Ən azından Rusiyanın yaxın zaman tarixini diqqətlə izləsək, təhlil etsək, bizim başqa cür hərəkət etmək şansımız yoxdur. Vəziyyəti düzgün dəyərləndirərək, Rusiya ilə münasibətləri normal şəkildə qurmağa və aparmağa məhkumuq. Daha çox qabağa getmiş olsaq, Gürcüstanın gününə düşə bilərik. Başqa bir hərəkət etsək, Ermənistana bərabər olarıq, yəni Rusiyanın forpostuna çevrilərik. Bir az özümüzə arxayın olub Rusiya ilə üz-üzə gəlmək niyyətində olsaq, o zaman Ukraynanın gününə düşə bilərik. Bütün bunları mütləq nəzərə almaq lazımdır. Bizim hansı hərbi gücümüz var ki, Rusiyaya “səninlə dost deyilik” deyək? Bunu deyənlərin siyasətdən ümumiyyətlə, anlayışı yoxdur. Hansısa bir qrupa xoş gəlmək yaxud gündəmdə qalmaq üçün belə fikirlər söyləyənlər də ola bilər. Xarici siyasət olduqca incə bir siyasətdir. Düşünürəm ki, Rusiya ilə bu şəkildə münasibətlərimizi davam etdirib, ərazi bütövlüyümüzü təmin etməyimizin onların maraqlarına toxunmadığını sübut etməkdə davam etməliyik. Rusiya tam şəkildə əmin olmalıdır ki, Azərbaycan bütün situasiyalarda Rusiyanın ən yaxın, mehriban bir qonşusu olacaq, onun atmış olduğu addımlar heç zaman Rusiyanın maraqlarına ziyan vurmayacaq. Bu siyasət davam etdirilir, həm ölkə prezidenti səviyyəsində, həm də “Heydər Əliyev” Fondunun vasitəsilə həyata keçirilən ən müxtəlif layihələrin Rusiyada reallaşması şəklində. Onu da qeyd edim ki, son zamanlar Azərbaycan Rusiya ilə bağlı xeyli irəliləyişlər əldə edib. İctimai rəydə, Rusiyanın ən tanınmış ekspertlərinin fikirlərində Azərbaycana üstünlük verilməyə başlayıb. Əksinə Ermənistanın satqın, xəyanətkar bir xalq olduğu ciddi şəkildə önə çəkilir. Bu həm ölkə prezidentinin aparmış olduğu xarici siyasətin uğuru kimi qiymətləndirilməlidir”.

Ä°lgili resim

Politoloq Əhəd Məmmədli

Politoloq Əhəd Məmmədli də Rusiya ilə dostluğun tərəfdarıdır: “Rusiya kimi böyük ölkə ilə Azərbaycan dost olmalıdır. Bu birmənalı şəkildə belədir, lakin Rusiya da Azərbaycana dost olmalıdır. Rusiya Azərbaycanın düşməni Ermənistanla eyni siyasi-iqtisadi-hərbi bloklardadır. Bunları da Azərbaycan görməməzlikdən gələ bilməz. Rusiyanın Qarabağ müharibəsində Ermənistanın yanında olması, Xocalı soyqırımında Rusiyanın 366-cı alayının iştirakı, 20 Yanvar qətliamı kimi hadisələr hələ yeni, çox yaxın tarixdir. Rusiyada erməni lobbisinin çox güclü olması da öz sözünü deyir - baxmayaraq ki, Cənubi Qafqazda rusdilli ölkə Azərbaycandır, 9 mayı ən təntənəli Azərbaycan gedir, Rusiya yenə də Ermənistana yaxınlıq edir. Erməni legionunun komutanı Njdeyə İrəvanda heykəl belə qoyulub. Bütün bunlara rəğmən, Rusiya Cənubi Qafqazda Ermənistanı müttəfiqi sayır. Təbii Azərbaycanda da bütün bunlar narahatlıq, suallar doğurmaya bilməz. Avrasiya İttifaqı və KTMT-yə prinsipcə Azərbaycanın üzvlüyünün əleyhinə deyiləm, amma bir şərtlə, Qarabağımızı azad edəndən sonra. Rusiya bizə imkan versin, yəni torpaqlarımızı azad etməyə mane olmasın. Biz şimal qonşumuzla müttəfiq, dost olaq. Bakı bu məsələdə Moskva ilə açıq danışmalıdır. Necə deyərlər, “örtülü bazar dostluğu pozar”. Rusiyaya Azərbaycan kimi müttəfiq Ermənistan kimi müttəfiqdən daha çox lazımdır. Dünya nə iki, nə də bir qütblüdür, dünya əvvəlki kimi artıq çoxqütblüdür. Çin indi Rusiyadan güclü ölkədir. Əslində Amerika-Çin qarşıdurmasında Rusiya üçüncüdür. Rusiya ilə dostluq Azərbaycan üçün müsbət haldır. Amma Kreml Ermənistanla münasibətlərində Azərbaycana üstünlük verməyənə qədər bu dostluq yarımçıq olaraq qalacaq. Azərbaycan üçün Rusiya ilə münasibətlərdə əsas prioritet məsələ Qarabağ olmalıdır. Rusiya Azərbaycanı istəyirsə, Qarabağın azad edilməsinə mane olmasın. Əks halda, Rusiyanın Azərbaycanın səmimi dostu, müttəfiqi kimi qəbul edilməsi haqlı olaraq xalqımız tərəfindən qəbul edilməsi mümkün olmayacaq. Rəsmi Bakının balanslı beynəlxalq siyasətini anlaşıqla qarşılamışam, lakin bu siyasətin Rusiya ilə münasibətlərdə istədiyimiz gözləntiləri təəssüf ki doğrultmur. Haqlı olaraq Rusiyadan daha anlaşıqlı siyasət gözləyirik. Qarabağ məsələsinin xeyrimizə çevrilməsi üçün Bakı Moskvaya tərəf mümkün olan hər addımı atıb. Top şimal qonşumuz tərəfdədir. Moskvadan istəyimiz, gözləntimiz odur ki, Qarabağı qaytarmağa Azərbaycana mane olmasın. Bax bundan sonra həqiqətən Rusiya ilə sadəcə dost deyil, yaxın dost ölkələr olacağıq”./musavat