​"Rusiya ilə Azərbaycan strateji tərəfdaşlığı gücləndirir" - Ekspert

Baxış sayı:
3886

"Azərbaycan və Rusiya arasındakı münasibətlərə nəzər salsaq, görərik ki, paralel olaraq strateji tərəfdaşlıq partnyorluğa və əksinə mövcud partnyorluq münasibətləri də öz növbəsində daha güclü strateji əməkdaşlığa keçmək üzrədir”.
Bu sözləri Publika.az-a siyasi ekspert Arzu Nağıyev Rusiya ilə Azərbaycan arasında 2024-cü ilə qədər imzalanan əməkdaşlıq proqramını şərh edərkən deyib. O bildirib ki, iki ölkə arasındakı münasibətlərin inkişafı çərçivəsində hər zaman bizi birləşdirən müəyyən tarixi dəyərlər nəzərə alınır:
“Bu gün Rusiyada çoxsaylı soydaşlarımız yaşayır. Bütün bunlar imzalanan tərəfdaşlıq müqavilələrində, layihələrdə hər zaman nəzərə alınır. Bundan başqa, bu tərəfdaşlıq bir çox istiqamətləri - humanitar, iqtisadi, siyasi və hərbi-texniki sahələri əhatə edir. Bütün bunlar imkan verir ki, gələcəkdə hər iki dövlət istənilən istiqamətdə müvafiq maraqları nəzərə almaqla genişmiqyaslı yeni layihələrə imza atsınlar. Bildiyiniz kimi, Soçi görüşündə imzalanan protokollar, əldə edilən razılaşmalar bu gün regionda Azərbaycanın Rusiya üçün çox böyük əhəmiyyət kəsb edən dövlət olmasına işarədir. Çünki Rusiya iqtisadiyyatının inkişaf etməsi üçün mütləq Azərbaycandan keçən nəqliyyat dəhlizlərindən istifadə etməlidir. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, son vaxtlar Rusiya ilə Azərbaycanın ortaq maraqlarına xidmət edən, strateji əhəmiyyət kəsb edən Xəzər dənizi məsələsi gündəmdir. Bundan başqa, Rusiya ilə ölkəmiz arasında olduqca böyük ixrac-idxal əməliyyatları gerçəkləşdirilir. Bütün bunları nəzərə alsaq, belə bir proqramın qəbul edilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu sənədlər əsasında da yaxın gələcəkdə hər iki ölkə tərəfindən müvafiq addımlar atılacaqdır”.
Ekspert onu da əlavə edib ki, SSRİ-nin varisi olan Rusiya hər zaman regionda təhlükəsizliyin bərqərar olmasında maraqlı olduğu üçün Dağlıq Qarabağ probleminin həllinə də biganə yanaşmır:
“Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin müvafiq açar fiqurlarından biridir. SSRİ-nin varisi hesab edilən Rusiya regionda təhlükəsizliyə təhdid olan bu böyük problemin qısa zamanda həll olmasına daha maraqlıdır. Bu gün Avropada, dünyada Rusiyaya qarşı olan sanksiyaların qarşısının alınması üçün humanist addımın atılması birbaşa Rusiyanın özündən asılıdır. Məhz buna görə düşünürəm ki, gələcəkdə hərbi, iqtisadi partnyor kimi Rusiya təbii olaraq Azərbaycanı seçib. Lakin, Ermənistanla eyni bir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması və bir sıra digər məsələlər bir daha imkan verir ki, Azərbaycanın prioritet istiqamətlərindən olan Dağlıq Qarabağ məsələsinin həlli üçün Rusiya Ermənistana təsir etsin. Rusiya bu istiqamətdə çox güclü təsir imkanlarına malikdir. Ümid edirəm ki, gələcəkdə danışıqlar masasına gəlindikdə bu istiqamətdə müəyyən perspektivlər haqqında danışmaq olar”.