“Rusiya hücum etsə Ukraynaya dəstək verəcəyik” - ABŞ MÜDAFİƏ NAZİRİNDƏN MÜHÜM MESAJ

Baxış sayı:
644

Ukrayna Müdafiə Nazirliyi ötən gün axşam Birləşmiş Ştatların müdafiə naziri Lloyd Ostinlə onun ukraynalı həmkarı arasında aparılmış telefon danışığı barədə məlumat yayıb. Məlumatda deyilir ki, tərəflər Donbassdakı vəziyyəti və Rusiyanın Ukrayna sərhədlərinə qoşun cəmləşdirməsini müzakirə ediblər. Lloyd Ostin ukraynalı həmkarı Andrey Tarana bildirib ki, əgər Rusiya Ukrayna ilə münaqişəyə başlasa ABŞ müdaxilə edəcək.

“ABŞ müdafiə naziri qeyd edib ki, Rusiya aqressiyasının eskalasiyası halında Birləşmiş Ştatlar Ukraynanı tək qoymayacaq və Rusiya Federasiyasının Ukraynaya qarşı aqressiv cəhdlərinin həyata keçirilməsinə imkan verməyəcək”,-məlumatda deyilir. Bildirilir ki, bu Lloyd Ostinlə Aandrey Taran arasında son ay yarım ərzində ikinci telefon danışığıdır. Son telefon danışığı Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı barədə Pentaqon da məlumat yayıb, Lloyd Ostinin Ukraynaya dəstək vədi verdiyini təsdiqləyib. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərə bildirib ki, danışıqlar zamanı cənab Ostin Rusiyanın Ukraynanın şərqində “aqressiv və təxribatçı hərəkətlərinin eskalasiyasını” pisləyir.

“O, habelə təsdiq edib ki, ABŞ Rusiya təcavüzünə qarşı daha effektiv müdafiəni təmin etməsi üçün Ukrayna qüvvələrinin potensialının artırılmasına sadiqdir”,-Kirbi bildirib. Pentaqon nümayəndəsi qeyd edib ki, 2015-ci ildən bu yana ABŞ Ukraynaya 2 milyard dollarlıq hərbi yardım ayırıb.

Qeyd edək ki, Rusiya Ukrayna ilə sərhədlərə və Krım yarımadasına iri qoşun qruplaşmaları cəmləşdirir. Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ruslan Xomçak Rusiyanın sərhədə 58 batalyon-taktiki qruplaşması cəmləşdirməkdə olduğunu açıqlayıb.