Rusiya hərbçiləri Ağdama göndərilmək üçün hazırlıq keçir

Baxış sayı:
394

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. 

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, rusiyalı hərbçilər Dağlıq Qarabağ zonasında atəşkəsə və bütün döyüş əməliyyatlarına nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə mərkəzində işləməyə hazırlaşırlar.

Mərkəzin tərkibinə daxil olacaq rus hərbçilərinin atəşkəs rejiminin monitorinqi tapşırıqlarını birgə icra etmələri üçün təlim keçdikləri və Azərbaycan ərazisinə getməyə hazırlaşdıqları vurğulanıb. Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin strukturunu, məqsədini, vəzifələrini və funksiyalarını, işinin təşkili qaydasını, eyni zamanda ərazilərində tapşırıqları yerinə yetirilməli olduğu ölkənin mədəniyyətini, ənənələrini və xüsusiyyətlərini öyrənirlər.

Rusiya və Türkiyənin paritet əsasda təmsil olunduğu Birgə Mərkəzin heyəti vəziyyətə nəzarət və atəşkəsin monitorinqini pilotsuz uçuş vasitələrindən istifadə etməklə yerinə yetirəcək.

Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin yaradılması 10 noyabr üçtərəfli razılaşmasında nəzərdə tutulur. Mərkəzin fəaliyyəti paritet əsasda təşkil olunacaq və orada tərəflər bərabər sayda hərbi qulluqçu ilə iştirak edəcəklər. Mərkəzdə tərəflərdən bəzi məlumatlara görə 35, bəzi məlumatlara görə isə 60 hərbi qulluqçu iştirak edəcək. Onların vəzifəsi xüsusi texniki vasitələrlə (PUA-lar) atəşkəsə əməl olunmasına nəzarət etmək və pozuntu halları aşkarlanarsa müvafiq olaraq Moskva və Ankaranı məlumatlandırmaqdır.

Mərkəzdə fəaliyyət göstərəcək Türkiyə hərbçiləri başda general olmaqla artıq Azərbaycana göndərilib. Mərkəz Ağdam rayonu ərazisində, hazırkı təmas xəttindən təxminən 6-7 kilometr aralıda yerləşəcək. Sabah Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək və orada müzakirə olunacaq məsələlərdən biri də Ağdamdakı birgə monitorinq mərkəzində Türkiyə hərbçilərinin fəaliyyəti olacaq./Virtualaz.org