Rusiya fəal Krım tatarlarına qarşı repressiyaları gücləndirir

Krım Tatar Məclisi sədrinin təzəcə seçilən müavini İlmi Umarov hazırda Rusiya İstintaq Komitəsində sorğu-sual edilir. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ukraynalı jurnalist Osman Paşayev öz facebook səhifəsində yazıb.

Umarov yeni vəzifəyə martın 21-də seçilmişdi. Jurnalist onu da qeyd edib ki, ATR Krım-tatar telekanalının cəmi bir həftəlik efir vaxtı qalıb. “Bundan sonra isə telekanalı inzibati cəzalar və cinayət işləri ilə hədələyirlər” – Paşayev yazıb.

Əvvəllər Baxçasaray rayon dövlət administrasiyasının başçısı işləmiş Umarov az öncə istintaqa gəlmək üçün Rusiya İstintaq Komitəsinin Xüsusi Mühüm İşlər üzrə İdarəsinin Krım bölməsi tərəfindən bildiriş almışdı.

Maraqlıdır ki, bu kimi repressiv addımlara Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna səfəri və səfər çərçivəsində onun Krımı Ukraynanın tərkib hissəsi sayması, Ankaranın Kiyevlə birgə Krım tatarlarının məsələsinə yardımçı olacağı haqda bəyanatlarından dərhal sonra start verilib.