"Rusiya Ermənistana hər cür müasir silahları pulsuz ötürür" - QABİL HÜSEYNLİ

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb:
 
- ATƏT-in Minsk Qrupunun həmsədrləri iyunun 10-da Azərbaycanın işğal altındakı ərazilərinə səfər edəcək. Sizcə, bu, ənənəvi səfərlərdən biri olacaq, yoxsa nələrsə gözləməyə dəyər?
- Bölgədə vəziyyət çox gərgindir. Müxtəlif beyin mərkəzləri bu gərginliklə əlaqədar o qədər də xoş olmayan proqnozlar verir. Müharibə təhlükəsi və Ermənistanın Rusiyanın təhriki ilə Azərbaycana hücum edəcəyi barədə fikirlər səsləndirirlər. Monitorinq qrupu təmas xəttində oldu, onların gəlməsinin müəyyən əhəmiyyəti var, atəşkəs rejiminə nəzarət edirlər. Həmsədrlərin də regiona səfərinin pis-yaxşı nəticələri ola bilər. Çünki həmsədrlik institutunun dəyişdirilməsi və bu sistemdə müəyyən korreksiyalar aparılması barədə fikirlər dolaşmaqdadır. Söhbət həmsədrlik institutunun həm təsir imkanlarını artırmaq, həm də səlahiyyətinin genişləndirilməsindən gedir. Bu nöqteyi-nəzərdən həmsədrlərin səfəri ən azı qızmış beyinləri sərinlədə bilər. Eyni zamanda Ermənistan tərəfinə müəyyən mesajlar verə bilər ki, müharibə ritorikasından əl çəksinlər.
Həmsədrlərin sülh yaratma prosesini yenidən bərpa edəcəyini söyləmək sadəlövhlük olardı. Hər halda onların gəlişi sülh danışıqları barədə yeni düşüncələrin meydana gəlməsinə şərait yarada bilər.
- Həmsədr ölkələrdən Rusiya xüsusi fəallığı ilə fərqlənir. Son vaxtlar Trampın məktubları fonunda ABŞ-ın Qarabağ münaqişəsinin həllində vasitəçi kimi fəaliyyətini artıracağına müəyyən ümidlər yaranıb. Sizin gözləntiləriniz nədir?
- Rusiya Minsk qrupundan fəal deyil, tormozlayıcı rol oynayır. Rusiya həmsədr ölkədirsə, təcavüzkar dövləti silahlandırmamalı, Ermənistanın arxasında dayanıb onu müharibə ritorikası ilə Azərbaycanı hədələməyə vadar etməməlidir. Zənnimcə, Minsk qrupunun səmərəli işləməməsinin səbəblərindən biri bu qurumda Rusiya və Fransanın təmsil olunmasıdır. Hətta Fransanın həmsədr ölkə kimi dəyişdirilməsi, əvəzində Avropa Birliyinin başqa təmsilçisinin buraya daxil edilməsi haqda Almaniyanın təklifi vardı. İndi Avropa Birliyində vəziyyət qarışıb deyə bu məsələni aktuallaşdırmaq mümkün olmur. Deyir, “Əzrayıl balama dəyməsin, balasını istəmirəm”. Rusiya mövqeyində sabitqədəm olsun, bölgədə müharibənin alovlandırılmasına təkan verməsin, başqa şey istəmirik.
ABŞ isə məsələyə ritorik şəkildə münasibət bildirib. ABŞ-ın yeni həmsədri Riçard Hoqland kifayət qədər realist adama oxşayır. Bundan əvvəlki həmsədrlər Metyu Brayza da, Ceyms Uorlik də müsahibələrində Ermənistanın təcavüzkar elan edilməsi və Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını birmənalı şəkildə səsləndirirlər. Yeni həmsədr hələ ki ehtiyatlı və diplomatik tərzdə danışsa da, fransalı və rusiyalı həmsədrdən xeyli fərqli danışığının şahidiyik. İş elə gətirib ki, Amerikanın özündə də hər şey qarışıb. Trampla əlaqədar siyasi elitada fikir çaşqınlığı var, ölkədəki əhval-ruhiyyə də arzuolunan səviyyədə deyil. Trampın Azərbaycana göndərdiyi 2 məktub xeyli təskinlik gətirsə də, hələ ki Ermənistana qarşı hər hansı sanksiya və təpki hiss edilmir. Hamı eyni sözlərdən istifadə edir: məsələ sülh, danışıqlar yolu ilə həll olunmalıdır.
- Bu günlərdə Böhran Qrupu açıqlama yaydı ki, Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir. Bu yanaşma ilə razısınız?
- Vəziyyət doğrudan da gərgindir. Beyin mərkəzləri və o cümlədən Böhran Qrupunun bəyanatlarını bölüşə bilmirəm. Çünki müharibə hər iki tərəfin əhval-ruhiyyəsi və istəyindən asılıdır. Azərbaycan bu dəqiqə müharibə edəcək əzmdə görünmür, amma Ermənistanın hər hansı avantürasına 3 qat cavab verməyə hazırdır. Ermənistan tərəfindən ictimai rəyi çaşdıran xeyli fikirlər söylənir. Çox zaman da ermənilərin söylədiklərinə əsaslanaraq belə proqnozlar verilir.
- Ermənistan-Azərbaycan Sülh Platformasına ümidlər nə qədərdir?
- Sülh Platformasını proqressiv və mütərəqqi addım hesab edirəm. Zənnimcə, belə addımlara böyük ehtiyac var. Xalq diplomatiyasının çevik forması kimi bu platforma xalqlar arasında qarşılıqlı anlaşmanı xeyli dərinləşdirə bilər.
- İndiki vəziyyətdə münaqişənin optimal həll variantı hansıdır?
- Rusiyanın Ermənistana dəstəyi dayandırılmalıdır. Birmənalı aydındır ki, bölgədə vəziyyətin qarışmasının əsas səbəbkarı Rusiya və onun Ermənistana etdiyi yardımlardır. Rusiya adını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü qoyaraq, Ermənistana hər cür müasir silahları pulsuz ötürür. Münaqişənin gah dondurulması, gah da “donu”nun açılması siqnallarını verir, amma dediklərinin arxasınca getmir, bir növ ictimai rəylə oynayır. Bu məsələdə ATƏT-in özü də fəal deyil. ATƏT-ə səlahiyyətlər o dərəcədə az verilib ki, nəsə edə bilmir. Zənnimcə, bu məsələ BMT müstəvisinə çıxarılmalıdır. BMT-də daha çox dövlətlərin dəstəyinə nail ola bilərik. BMT-nin 4 qətnaməsinə əsaslanaraq bu platforma vasitəsilə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək olar.