“Rusiya ”Cavad xan” filminə qadağa qoyub” iddiasına reaksiyalar

Baxış sayı:
9847

“”Cavad xan” filminin nümayişinə qadağa qoyulub, bəhanə də odur ki, bu film Rusiya-Azərbaycan əlaqələrinin inkişafına xələl gətirir”. Bu sözləri Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Reaksiya TV” internet televiziyasına müsahibəsində bildirib. S.Cəlaloğlunun sözlərinə görə, Azərbaycan tarixinə yeni baxışı da qadağan ediblər: “Sovet hakimiyyəti bizə hansı tarixi aşılayıbsa, bu gün də onu aşılamaq istəyirlər. Bir dənə kənara çıxma olub, Cavad xan haqqında film çəkilib. Tarixi kinodur. Rus-erməni qoşunları Gəncəni işğal edərkən Cavad xan müqavimət göstərib. Bilirsiz Rusiya buna necə reaksiya göstərib? ”Cavad xan” filminin Azərbaycanda göstərilməsini qadağan edib”.

Xatırladaq ki, “Cavad xan” filmi xalq şairi Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanının motivləri əsasında, mərhum rejissor Rövşən Almuradlı tərəfindən çəkilib. Filmin məzmunu 19-cu əsrin əvvəllərində öz oğulları ilə birlikdə vətən uğrunda Sisianovun başçılığı altında rus qoşunlarına qarşı mübarizə aparan və mərdliklə həlak olan xanlar xanı, cəsur sərkərdə Cavad xan barəsindədir. Məlumata görə, filmdə 130-a yaxın aktyor, o, cümlədən xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz çəkilib.

Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gələn film üçün əvvəlcə 800 min manat vəsait ayrılsa da, sonradan bu yetərli olmayıb və yazıçının prezidentə müraciətindən sonra əlavə vəsait də ayrılıb. Filmin premyerası 2009-cu il 31 iyulda, Milli Kino Günündə Heydər Əliyev Sarayında keçirilib.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Adıçəkilən filmə qadağa qoyulması ilə bağlı məsələni daha yaxından araşdırmaq üçün ADP sədri Sərdar Cəlaloğlu ilə əlaqə saxladıq. Partiya sədri “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ona bu məlumatı rusdilli saytda çalışan tanınmış jurnalist deyib: “Həmin jurnalist rus mətbuatını yaxından izləyir və onda dəqiq məlumatlar var. Əsas da bildirilir ki, film iki ölkə arasında əlaqələrin inkişafına xələl gətirdiyi üçün nümayişinə qadağa qoyulub. Bu barədə artıq 2-3 ildir ki, məlumatlar dolaşır və mən məsələyə öz etirazımı bildirirəm”.

Xalq şairi Sabir Rüstəmxanlı ile ilgili görsel sonucu

Xalq şairi Sabir Rüstəmxanlı isə yayılan məlumatın doğruluğuna inanmadığını bildirdi: “Bu film mənim ”Ölüm zirvəsi” romanım əsasında çəkilib. Bu əsərim Rusiyada çap olunub və kifayət qədər də geniş yayılıb. Heç bir yerdə də əsərin iki dövlət arasında münasibətlərə xələl gətirməsinə dair heç bir işarə yoxdur. Əksinə, hətta “Literaturnaya qazeta”da kitab haqqında şərh verilmişdi. Nəşriyyatın direktoru mənim Bakıda keçirilən yubileyimə gəlib, iştirak etmişdi. Həmin vaxt bildirmişdi ki, “Doğrudur, əsərdə Sisianovla Cavad xan arasında münaqişədən söz açılır. Lakin bu qətiyyən iki xalq arasında münaqişə deyil. Həmin vaxt Çarın işğalçı ordusu və Azərbaycanda xanlıqlar var idi, hansı ki, onların arasında münaqişə mövcud idi”. Bu sözü deyənlər, sadəcə, sadəlövh, primitiv, sovet ideologiyasından qopa bilməyən şəxslərdir. Onlar qaşınmayan yerdən qan çıxartmağa çalışırlar. Film dəfələrlə ekranlarda nümayiş olunub. Yaxşı olardı ki, ara-sıra kinoteatrlarda da nümayiş olunsun, buna ehtiyac var”.

Nurəddin Mehdixanlı ile ilgili görsel sonucu

Filmin baş qəhrəmanı, Cavad xan obrazını yaradan xalq artisti Nurəddin Mehdixanlı da yayılan məlumatdan xəbərsiz olduğunu dedi.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin də mövqeyini öyrənməyə çalışdıq. Qurumdan bildirildi ki, yayılan məlumat araşdırıldıqdan sonra açıqlama veriləcək.