Rusiya: Canlı yayımda yumruqla vurulan müxbirin tam hekayəsi

Vitaly Shevchenko
BBC Monitoring
 

Yumruğun anı
 
Rusiya telekanalında canlı yayım vaxtı bir müxbirin yumruqla vurulması dövlət təbliğatı barədə mübahisəyə səbəb olub.
 
Müxalif yönümlü jurnalistlərə qarşı zorakılıq Rusiyada geyri-adi deyil, lakin bu dəfə zorakılığın qurbanı Kreml yönümlü NTV kanalının müxbiri olub.
Hücum ətraflı şəkildə tənqid edilib, lakin bəziləri həm də diqqəti Ukraynada silahlı separatistləri dəstəkləyən Rusiya televiziyasının özünün də hədəfə çevrilməsinə yönəldiblər.
Rusiyanın hərbi qüvvələrinin təriflənməsi və eyni zamanda Ukrayna hökumətinin tənqid edilməsi yerli telekanalların əsas mövzularıdır.
Çərşənbə günü Nikita Razvojjayev Moskvanın Qorki parkından gözlənildiyi kimi müsbət və yüksək ruhla Paraşütçülər Günü bayramı barədə danışırdı.
Canlı yayımın başlanmasından bir neçə saniyə sonra, sərxoş olduğu görünən bir kişi kamera önünə çıxaraq söyüş söyüb və "Ukraynanı ələ keçirəcəyik!"deyib.
Cənab Razvojjayev ondan yayıma mane olmamasını xahiş etdikdən sonra şərqi Ukrayna separatçı hərəkatı Oplot-un maykasını geyinmiş kişi müxbiri çənəsindən yumruqla vurub.
Bundan qısa müddət sonra, bu şəxs saxlanılıb.
Xəstəxanadan buraxıldıqdan sorna bir daha canlı yayım qayıdan müxbir, yumruğun "göründüyü qədər pis" olmadığını və hadisəni heç gözləmədiyini deyib.
Hadisə tezliklə Rusiya televiziyasının baş xəbərlərindən birinə çevrilib. Lakin eyni zamanda ən mühüm 3 kanal hadisənin ölkənin hərbi qüvvələrinin imicinə kölgə salmamasına və mənfi təəssürat yaratmamasına səy göstəriblər.
Xəbərlərdə, bu kanallar hücumçunun heç zaman paraşütçü olmadığını deyiblər və NTV onun Oplot-la heç bir əlaqəsi olmadığını vurğulayıb.
Kanallardan heç biri onun Ukraynaya qarşı hədəsini müzakirə etməyib. Dövlətin Birinci Kanalı onun sadəcə "nəsə deyməyə çalışdığını" qeyd edib. Digər iki kanal isə, söyüşlərlə birlikdə Ukraynaya qarşı hədənin səs yazısını da yayımdan kəsiblər.
 
Rusiya televiziyası adətən izləyicilərə Kremlin dəstəklədiyi separatçılar barədə müsbət xəbərlər çatdırır
Bəzi Ukrayna xəbər saytları yumruq atan kişinin şərqi Ukraynada döyüşdüyünü və onun separatçı liderlərlə təsvir edildiyi idda edilən şəkillərini paylaşıblar.
Sosial şəbəkələrdə isə hücum ətraflı şəkildə tənqid edilib. "Paraşütçülərə ictimai yerdə içki içməyə kim icazə verib? Hər dəfə avqustun ikisində onlara uşaqların olduğu parklarda şənlik edib dalaşmağa kim icazə verib?" NTV-nin hadisə barədə Facebook paylaşımında ən çox "like" toplayan şərh olub.
Lakin digərləri həm də Ukraynaya qarşı aqressivlik və aşırı vətənpərəvrlik təbliğ etməklə NTV-nin də hadisəyə görə təqsirli olduğunu deyiblər.
"Müxbirə səmimi rəğbətim var", azad jurnalist Andrey Loşak yazıb, "lakin kiminsə NTV saytında yazdığı bu şərhlə razılaşmamaq mümkün deyil: NTV-nin yalançı optimist üzünə özünün yetişdirdiyi heyvan yumruq vurub".
Ukraynada insanlar hadisəni həzz alaraq qarşılayıblar.
Ukraynanın Tsenzor xəbər saytının redaktoru Yuri Butusov Facebook-da yazıb: "Təbliğatın qurbanı təbliğatçıya göstərib ki, onun rusları axmaqlara çevirməyə səyləri boş olmayıb".