​Rusiya bu torpaqları qaytarsa, ABŞ qoşun yeridəcək? - General

Baxış sayı:
6760

Rusiya Kurilin cənubundakı adaları Yaponiyaya verəcəyi təqdirdə ABŞ orada qoşun yerləşdirmək niyyətində deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə yanvarın 9-da Tokioda təşkil olunan mətbuat konfransında ABŞ-ın Yaponiyadakı silahlı qüvvələrinin komandanı general-leytenant Cerri Martines bəyan edib. Bildirib ki, hazırkı mərhələdə ABŞ-ın orada qoşun yerləşdirmək planı yoxdur.
Yaponiyanın Baş naziri Şinzo Abe televiziyaya müsahibəsi zamanı deyib ki, ABŞ-ın silahlı qüvvələrinin ölkədə yerləşdirilməsi Uzaq Şərqdə sülhün və təhlükəsizliyin təmini üçün çox zəruridir. O, həmçinin bildirib ki, bu qüvvələr Rusiya ilə düşmən deyil. Ş.Abe əlavə edib ki, o, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı da məlumat verib.
Rusiya tərəfi əvvəllər bəyan edib ki, Yaponiyanın müttəfiqlik öhdəlikləri mövzusu Moskva ilə Tokio arasında sülh müqaviləsinin müzakirələri kontekstində əhəmiyyətlidir. Yaponiya KİV-lərinin məlumatına görə, Ş.Abe V.Putin ilə müzakirələr vaxtı Rusiya Prezidentini əmin edib ki, Kuril adalarının cənub hissəsinin Yaponiyaya veriləcəyi təqdirdə orada ABŞ hərbi bazası yerləşdirilməyəcək.
Xatırladaq ki, ötən il Yaponiyanın Baş naziri Şinzo Abe və Rusiya Prezidenti Vladimir Putin 1956-cı ilin birgə bəyannaməsi əsasında sülh müqaviləsinin imzalanması barədə danışıqların sürətləndirilməsi barədə razılıq əldə ediblər. Sənəddə deyilir ki, sülh müqaviləsi imzalandıqdan sonra Rusiya onun nəzarətində olan dörd adadan ikisini Yaponiyaya verəcək. Həmin sənəd hər iki ölkənin parlamentləri tərəfindən 1956-cı il dekabrın 8-də ratifikasiya olunub.