"Rusiya bir az da zəifləsə, İrəvan müflis olacaq" - NATİQ CƏFƏRLİ

Bu gün Ermənistanın əsas borclu olduğu ölkə Rusiyadır. Ölkə iqtisadiyyatının böyük əksəriyyətinə Rusiya nəzarət edir. Və son vaxtlar Rusiyada gedən proseslər Ermənistana ciddi şəkildə təsir edir. Yəni Rusiyanın iqtisadi aktivliyinin azalması buradan Ermənistana pul köçürmələrini də azaldır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Ermənistanın iqtisadi vəziyyətini Axar.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib. O, Ermənistanın artan dövlət borcunun Rusiyadakı proseslərlə bağlı olduğunu bildirib:
“Əgər Rusiyanın iqtisadi vəziyyəti zəifləməkdə davam edəcəksə, İrəvan müflis həddinə çatacaq.
Ermənistanın xaricdəki diaspor təşkilatlarına da çox ehtiyacı var. Amerika və Avropadakı diaspor təşkilatları Ermənistana birbaşa maliyyə yardımı edirlər. Ermənistan dünyada yeganə ölkədir ki, büdcəsində diaspor təşkilatlarından köçürülən yardımlar gəlir kimi nəzərdə tutulur. Bu nöqteyi-nəzərdən Ermənistan xaricdə gedən proseslərdən və yardımlardan asılı ölkədir”.
Qeyd edək ki, Ermənistanın dövlət borcu 6 milyard dollara yaxınlaşır. Bu, ölkənin ümumdaxili məhsulunun 60 faizinə yaxınıdır. Son vaxtlar isə ölkədə işsizlik hallarında artım və banklara xaricdən gələn pullarda azalma müşahidə olunur.