"Rusiya Azərbaycanın cavab zərbəsinə daha mülayim yanaşa bilər" - TOFİQ ZÜLFÜQAROV

Baxış sayı:
2668

"Nazirlə prezidentin Qarabağ münaqişəsi ilə bağlı bəyanatında fərq görürəm".

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir.

 

Bu il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə Azərbaycan və Ermənistan rəhbərliyi, xarici işlər nazirləri bir neçə dəfə görüşüblər.

Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov xarici və yerli mediaya açıqlamalarında Qarabağ münaqişəsinin həlli yolunda müsbət addımlar atıla biləcəyinə ümid etdiklərini bildiriblər.

Keçmiş diplomat Tofiq Zülfüqarov bu ümidlərin pərdəarxası məqamlarını şərh edib və münaqişənin həlli yollarında proqnozlarını BBC News Azərbaycanca ilə bölüşüb.

Tofiq bəy, prezident İlham Əliyev bu günlərdə Rossiya 24 kanalına müsahibəsində gələn il münaqişənin həllində müsbət irəliləyişlərin ola biləcəyini söyləyib. Elə nazir Elmar Məmmədyarov da yerli mediaya deyib ki, Ermənistanda baş verən son hadisələr, builki görüşlər optimizm yaradır. Sizcə, Ermənistanın mövqeyində nə dəyişib ki, Azərbaycan ümidli görünür?

- Mən o bəyanatlara diqqət yetirmişəm. Amma nazirlə prezidentin bəyanatında fərq görürəm. Fərq ondan ibarətdir ki, nazir ümidini danışıqlar prosesinə bağlayır, ancaq cənab prezident münaqişənin həllində danışıqları heç də yeganə vasitə kimi görmür. Yəni burda bir fərq mövcuddur. Bu məqamı mən niyə qeyd edirəm. Təbii, Ermənistanda proseslər göstərir ki, orda vəziyyət dəyişə bilər. Ələlxüsus ona görə ki, Ermənistanla Rusiya arasındakı əlaqələrin gərginləşməsi geopolitik dəyişiklərə işarə edir. Bu dəyişiklər baş verərsə, Azərbaycan üçün münaqişənin həllinə dair imkanlar yarana bilər.

Yəni siz danışıqlara çox da optimist yanaşmırsız?

- Ermənistan rəhbərliyinin verdiyi bəyanatlar onların danışıqlarda konstruktiv mövqedən çıxış edəcəyinə ümid yaratmır.

Tofiq bəy, dediniz ki, Elmar Məmmədyarovun optimistliyi danışıqlarla bağlıdırsa, prezident fikrini fərqli ifadə edib. Sizcə, İlham Əliyev münaqişənin həllində müsbət irəliləyişlər ola biləcəyini vurğulayanda hərbi əməliyyatlar keçiriləcəyi ehtimalınamı işarə edir?

- Mən bunu istisna etmirəm. Ermənistanda qarabağlılar və ermənistanlılar arasında bölünmə, parçalanma var. İstisna etmirəm ki, bu gərginlik nəticəsində tərəflərdən birinin, xüsusən də qarabağlıların cəbhədə təxribat yaratmağa cəhdlər etməsi mümkündür. Bu baxımdan hərbi əməliyyatların bərpası istisna edilmir. Təhlükəsizliklə bağlı təxribat olacağı halda Azərbaycanın zərbə endirməyə əsası olacaq. Geopolitik vəziyyət dəyişəndən sonra Rusiya Azərbaycanın cavab zərbəsinə daha mülayim yanaşa bilər.

Demək istəyirsiniz ki, belə bir əməliyyat baş verə bilər və aprel döyüşlərindən fərqli olar?

- Bu cür düşünməyə əsaslar var. Rusiyaya səfəri (Ermənistanın baş nazir səlahiyyətlərini hazırda icra edən Nikol Paşinyanın Moskvaya dekabrın sonunda baş tutmuş səfəri nəzərdə tutulur - red.), Rusiya-Ermənistan əlaqələrini təhlil etsək, görəcəyik ki, Moskvanın Ermənistan rəhbərliyinə əvvəlki münasibəti yoxdur. Bu mövqe dəyişməkdədir. İkincisi, Ermənistanın təhlükəsizliyinə problem yaranacağı halda Rusiyanın bu ölkəyə dəstək göstərməsi barədə sazişdə göstərilir ki, Rusiya Ermənistana avtomatik şəkildə yox, məsləhətləşmə və müzakirələrdən sonra kömək göstərə bilər. Yəni Azərbaycan Ermənistana hansısa zərbə endirəcəyi halda Rusiya dərhal köməyə tələsməyəcək. Hər halda, mən vəziyyəti belə təhlil edərdim.

Azərbaycanda son vaxtlar çoxları Moskvanın Ermənistandan çəkiləcəyinə ümid edir, iki ölkə arasındakı soyuqluqdan danışır. Amma bu da var ki, Nikol Paşinyan seçkilərdən az sonra Rusiyaya səfər etdi, Rusiya bazaları bu ölkədədir, iki dövlət arasında bağlanan müqavilələr qüvvəsindədir və s. Nəyə əsaslanıb demək olar ki, münaqişənin həllində aparıcı rol oynadığını vurğuladığınız Rusiya geri çəkilə, mövqeyini dəyişə bilər? Münaqişənin həlli yönündə Rusiyanın mövqeyində nə dəyişib?

- Bunun səbəbi Ermənistan ictimaiyyətinin istəkləridir. O istəklər də qərbyönlü siyasətin həyata keçirilməsi ilə bağlıdır. Onlar başa düşürlər ki, Rusiya Ermənistana verəcəyini artıq verib, bundan artıq heç nə edə bilməz. Onlara böyük yatırımlar, yardımlar, dəstək lazımdır. Bu baxımdan onların yeganə ümid yeri Qərbdir. Qərbyönlü siyasət heç də Paşinyanın vəd etdiyi siyasət deyil. Çünki ondan qabaq Sarkisyan da qərbyönlü addımlar atmağa çalışanda Moskva qarşısını kəskin şəkildə alırdı. Avropa İttifaqı ilə sazişə imza atmağa 3 gün qalmış keçmiş prezident Serj Sarkisyanı Moskvaya çağırıb məcbur etmişdilər ki, geri çəkilsin. Ancaq artıq ictimaiyyət, erməni xalqı Qərbə üz tutub. Eyni zamanda istəyirlər ki, Rusiya onlara təhlükəsizlik təminatı versin. Burda artıq iki, bir-birinə zidd siyasi istiqamət əmələ gəlir. Təbii ki, Rusiya bunu qəbul etməyəcək. Necə ola bilər ki, mən sənin təhlükəsizliyini təmin edim, sən də canla-başla get Qərbə xidmət et? Bu, erməni siyasətinin əsas problemlərindən biridir. Mümkün deyil ki, həm o olsun, həm də bu. Ya sən Rusiyaya xidmət etməlisən, ya da Qərbin dostu olmalısan. Onlar Azərbaycan kimi balanslı siyasət həyata keçirə bilməyiblər. Bizdəki imkanlar da yoxdur, bizdəki kimi neft, qaz yoxdur. Ona görə də böhran qaçılmazdır.

Bu il Belarus prezidenti Lukashenko deyib ki, Ermənistanın keçmiş prezidentinə 5 rayonun qaytarılması təklif edilib, Azərbaycan sonradan müharibəyə başlayacağı təqdirdə isə ona Rusiya və Belarus ordusunun Qarabağa yardıma gələcəyi ilə bağlı təminat verilib. Bakı Rusiya və Belarus ordusunun Azərbaycan ərazisinə girməsinə razı ola bilərdi?

- Dövlət başçısı bunu konsepsiya kimi təklif edib, amma o, məsələnin incəliklərini şərh etməyib. Yəni sülhməramlı qüvvələrin nə şəkildə qurulacağını deməyib. O deyib ki, biz də qoşunları göndərəcəyik. Amma axı, burda qaranlıq məqamlar var. Münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğuldur. Yüksək səviyyədə hərbi ekspertlər sülhməramlı əməliyyat üçün konsepsiya hazırlayıb və s. Bu konsepsiyanı həm də Rusiya dəstəkləyir. Bu heç də o demək deyil ki, qoşunların tərkibində ancaq Rusiya və Belarus qoşunları olacaq, yox. Söhbət sadəcə konsepsiyadan gedir. Konsepsiyanın əsas elementləri nədən ibarətdir. Beş rayon qaytarılır və onun əvəzinə müvəqqəti status verilir. Bu status da o deməkdir ki, münaqişə həllini tam tapmayıb, hər kəs öz mövqeyində qalıb. Sadəcə, bu, münaqişənin hansısa mərhələdə həlli, etimad yaradılması üçün atılan addımdır. Bu, Azərbaycanın həm kompromisinin miqyasını göstərir, həm də itkisiz-filansız irəliyə doğru addımlar atmaq istəyini. İndiki vəziyyət və ermənilərin radikal mövqeyi bizə bəlkə də daha sərfəlidir. Azərbaycan Ermənistandan qat-qat çox üstünlük əldə edib, iqtisadi, demoqrafik və s. Bəlkə bu amillərdən yararlansaq, biz daha əlverişli şərtlər əldə edə bilərik. Yəni bu təzə təklif deyil. Vaxtilə Levon Ter-Petrosyan (Ermənistanın keçmiş prezidenti -red.) da buna bənzər təklifi təbliğ edirdi.

Nikol Paşinyan hakimiyyətə gəldikdən az sonra erməni icmasının danışıqlarda iştirakı haqda danışmağa başladı. Bir qədər öncə Azərbaycan icmasının rəhbəri Bayram Səfərov da icma rəhbərliyindən uzaqlaşdırıldı, yerinə yeni şəxs gətirildi. Sizcə, Bakı bununla hansı mesaj verir? Bir də icmalararası ünsiyyətin bərpası nə qədər önəmlidir?

- Bir az tarixi xatırlayaq. Biz hələ çox zəif olanda - 1992-ci ildə ATƏT bu prinsipləri qəbul edib. Yəni Minsk konfransının işçi iclaslarında azərbaycanlı və erməni icmaları maraqlı tərəf kimi iştirak edə bilərdi. Qərarlar qəbul edilən plenar iclaslarda ancaq dövlətlər, işçi iclaslarda isə maraqlı tərəflər kimi icmalar iştirak etməliydilər. Bunun əsasında 1998-ci ilə kimi icmalar arasında danışıqlar gedirdi. 1998-ci ilin aprelində prezident Heydər Əliyev yeni seçilmiş dövlət başçısı Robert Köçəryanla Moskvada görüşəndə - mən də orda olmuşam - qərar qəbul olundu ki, birbaşa görüşlər dövlət başçıları arasında aparılsın. Köçəryanın bir fikri də vardı ki, artıq bizə ortada olan heç kim lazım deyil. O dedi: "Heydər Əliyeviç, biz sizinlə bu məsələni birbaşa danışıb həll edəcəyik". Ondan sonra 20 ilə yaxın danışıqlar həmin formatda davam edib. Yəni ilkin vəziyyətin dəyişməsi Erməistanın təklifi idi, Azərbaycan da dəstəkləyib. 20 ildən sonra ayılıb deyirlər ki, yox, köhnə formata qayıdaq? İrəliləyiş olmadığına görə format dəyişibsə, 20 il sonra qayıtmaqda məqsəd nədir? Burda məntiq yoxdur. Bu təklif dəstəklənmir də. O ki qaldı icmaların fəallaşmasına, ələlxüsus da Azərbaycan icmasının fəallaşmasına, bunu dəstəkləyirəm. Onlar lazımi vaxtda lazımi bəyanatları verə bilər. Bir siyasi faktor kimi onlar vacibdir. Amma demək olmaz ki, sabah görüşəndə nəsə uğur əldə edəcəklər. Bu, mümkün deyil. Mən belə şeylərə inanmıram.