​“Rusiya Azərbaycanda KİV-ə çoxdan nəzarət edir” – BAŞ REDAKTOR

Elçin Şıxlı: “Rusiyanın xeyrinə olmayan rus dilli nə qədər mətbuat varsa, hamısını məhv ediblər”
 
Ötən həftə etibarlı mənbələrdən “Hürriyyət”ə daxil olan məlumata əsasən, “Sputnik” İnformasiya Agentliyinin Azərbaycanın müxtəlif kütləvi informasiya vasitələrində çalışan 25-35 yaşlı jurnalistlərin peşə hazırlığını artırmaq adı altında Moskvada 3 günlük kurslar təşkil edib. Mənbənin sözlərinə görə, kurslar senytabrın əvvəlində “Sputnik”in baş ofisində keçiriləcək və hazırda kurs keçmək istəyən jurnalistlərin müraciətləri qəbul edilir.
Qeyd edək ki, Mərkəzi ofisi Moskva şəhərində yerləşən “Sputnik” İnformasiya Agentliyini baş redaktor müavini ermənilər arasında populyar jurnalist kimi tanınan Marqarita Simonyandır.
Marqarita Simonyan Ermənistanda güclü təbliğat ruporu kimi ad çıxarıb. O, qondarma “erməni soyqırımı”nı təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindən sayılır.
Bu baxımdan, əksər ekspertlər hesab edir ki, Marqarita Simonyanın rəhbərlikdə təmsil olunduğu bir informasiya agentliynin azərbaycanlı jurnlistlərə kurs təşkil etməkdə məqsədi ancaq Azərbaycanın əleyhinə jurnalistləri hazırlamaq ola bilər.
 
“Azərbaycan dilində savadlı yazan jurnalistlər tək-təkdir”
 
“Ayna” və “Zerkalo” qəzetlərinin keçmiş baş redaktoru Elçin Şıxlı “Hürriyyət”ə bildirdi ki, görünür, söhbət rus dilində kursların təşkilindən gedir: “Bizdə Azərbaycan dilində də savadlı yazan jurnalistlər tək-təkdir. Rus dilində isə demək olar ki, yoxdur. Ona görə, kurs təşkil ediblər. Savadsızlıq baş alıb gedir. İki həftədir ölməyən adam haqqında mübahisələr gedir ki, cənazəni burada basdırsınlar, ya basdırmasınlar. Bu adam hələ ölməyib. Bu nə söhbətdir? Belə adamları kursa göndərmək yox, belə adamları jurnalistikadan iti qovan kimi qovmaq lazımdır”.
 
“O informasiya agentliyinin rəhbərinin Marqarita Simonyan olduğunu bizim rəhbərlik çox gözəl bilir”
 
“Sputnik” İnfromasiya Agentliyininin  redaktor müavini Marqarita Simonyan olduğu halda, azərbaycanlı jurnalistlərin həmin agentliyin təşkil etdiyi kursda işirak etmələri nə dərəcədə doğrudur?
E. Şıxlı sualımızı belə cavablandırdı: “O sualı mənə verməyin. O sualı ictimai-siyasi şöbənin rəhbəri hörmətli Əli Həsənova vermək lazımdır. Bu işlərlə məşğul olan birbaşa odur. O, nə üçün “BBC”-nin, “Amerikanın səsi”nin, “Assoşeyted Press”in bürölarını bağlatdırıb, “Sputnik”-in burada böyük burosunu təmtəraqla açdırıb? O informasiya agentliyinin rəhbərinin Marqarita Simonyan olduğunu bizim rəhbərlik çox gözəl bilir. O sualı onlara verin”.
 
“Rusiyanın xeyrinə olmayan rus dilli nə qədər mətbuat varsa, hamısını məhv ediblər”
 
E.Şıxlı onu da vurğuladı ki, Rusiya burada küləvi informasiya vasitələrinə çoxdan nəzarət edir: ““Zerkalo”nun bağlanması da buna bariz nümunələrdən biridir. Rusiyanın xeyrinə olmayan rus dilli nə qədər mətbuat varsa, hamısını məhv ediblər”.
 
Hurriyyet.org