“Rusiya Azərbaycana qoşun yeritmək istəyində israrlı görünür” – MÜSAHİBƏ

Baxış sayı:
4569

Əli Əliyev: “Kreml ciddi-cəhdlə Azərbaycanın Avrasiya İttifaqına cəlb olunması üzərində işləyir”

2018-ci ildə Azərbaycanda keçirilməsi gözlənilən prezident seçkisinə 1 ildən də az vaxt qalır. Hələ aylar öncədən hakim Yeni Azərbaycan Partiyası (YAP) öz namizədini elan etsə də, müxalif düşərgədə ölü sükut hökm sürür. Partiyaların böyük əksəriyyəti namizədlərini elan etmək bir yana, ümumiyyətlə fəaliyyətsiz durumdadırlar. Halbuki, ötən prezident seçkiləri ərəfəsində müxtəlif bloklar yaradılar və fərqli namizədlər elan olunardı. Bəs nə baş verib ki, hazırda ölkədə müxalifətin varlığı gözə dəymir?
Bu və ya digər suallara Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə müsahibəmizdə cavab tapmağa çalışdıq.
- Mən deməzdim ki, muxalifət yoxdur. Müxalifət var. Müxalifət fəaliyyət göstərir. Sadəcə hakimiyyətin apardığı siyasət elə bir hal alıb ki, bu gün müxalifətlə xalqın kommunikasiya imkanları məhdudlaşdırılıb. Məsələn, əhalinin ən çox informasiya almaq imkanı televiziyalardır, bizim isə televiziyalara çıxmaq imkanımız yox səviyyəsindədir. Söhbət sistemdən kənar müxalifətdən gedir. Sistemdən kənar müxalifətin mitinq keçirmək imkanı məhduddur, maliyyə imkanları yoxdur. Müxalifətin fəaliyyəti ancaq sosial şəbəkələrdə mümkündür. Bir də ayrı-ayrı fədakar insanların fəaliyyəti nəticəsində bəzi qəzetlər və saytlar vasitəsilə öz fikirlərini cəmiyyətə çatdırmaq imkanı var. Bunun başqa tərəfi də var. Xalq ideoloji vasitələrlə o qədər sıradan çıxarılıb ki, cəmiyyət artıq siyasətlə dərindən maraqlanmır. Bir növ, cəmiyyət üçün baş verən proseslər maraqsız gəlir. Demək olar ki, xalq etinasızlıq, inamsızlıq sindromu yaşayır. Ona görə də, müxalifəti görməməkdə müəyyən qədər haqlısınızsa, müəyyən qədər də obyektiv tərəflərini də qiymətləndirmək, proseslərə, status-kvoya baxmaq lazımdır. Mənim fikrimcə, müxalifət qalıb, lakin çox zəiflədilib. Xüsusən təslim olmamış müxalifət cameəsi çox dar, çox məhduddur və bu fəaliyyətin məhdudluğunu nəzərə alsaq, müxalifətin görünməməsinin səbəblərindən biri kimi də bu nüansı qeyd etməliyik.
- O halda, elə təslim olmayan müxalifəti götürək. Bəllidir ki, hər bir siyasi partiyanın başlıca hədəfi siyasi hakimiyyətə gəlməkdir. Amma bu gün həmin hədəf də yoxdur...
- Məsələni bu gün bir nəfərlə də müzakirə etmişəm. Əvvala onu deyim ki, siyasi partiyaların siyasi hədəflərə çatması üçün maliyyə önəmli rol oynayır. YAP hakimiyyəti dövründə hədəflərin biri də müxalifətin maliyyəsini sıradan çıxarmaq idi. Bu məsələyə də çox ciddi şəkildə nail oldular. Bu gün onların nəzarətindən kənar maliyyə fəaliyyəti mövcud deyil. Bir halda ki, cəmiyyətdə iqtisadi cəhətdən azad insanlar yoxdur, təbii ki, partiyaların və mətbuatın da maliyyələşməsində ciddi problemlər olacaq. Bütün normal ölkələrdə siyasi partiyaların maliyyələşməsi təkcə dövlət tərəfindən deyil, həm də iş adamları tərəfindən həyata keçirilir. Məsələn, qardaş Türkiyədə Maral Akşenerin yeni yaratdığı partiyası rəsmi olaraq yüzdən artıq türk milyonçusu tərəfindən maliyyələşdirilir. Hələ bu, sistemə daxil olmamış, yeni yaranmış partiyanın maliyyə qaynaqlarına bir işarədir. Türkiyə cəmiyyəti azad cəmiyyətdir. Orda iş adamlarına dövlətin siyasi basqısı mövcud deyil. Onların fəaliyyətinə nə qədər problemlər yaradılmış olsa da, siyasi nəzarət həyata keçirilsə də, lakin insanlar orda siyasi məfkurələrində, siyasi seçimində azaddırlar. Bu baxımdan Azərbaycan cəmiyyəti nisgil vəziyyətdədir və müxalifətin fəaliyyəti üçün lazım olan maliyyə dəstəsyini dövlət edir. Situasiyanın qəribəliyi ondadır ki, hakimiyyətin çətiri altına süni və ya təbii yolla yığılmış maliyyə vəsaiti cəmiyyətə dağılmayana qədər müxalifət ölgün vəziyyətdə olacaq. Belə demək olar ki, Azərbaycanda daha çox dissident fəaliyyətinə şahid olacağıq, nəinki təşkilatlanmış siyasi hərəkatların və ya partiyaların fəliyyətinə.
- Müxalifətin çətin durumda olduğu bəllidir. Amma siyasi partiyaların seçki ərəfəsində passivlik nümayiş etdirməsi anlaşılan deyil...
- Mən deməzdim ki, partiyalar seçki ilə məşğul olmurlar. Məsələn, bizim partiya mayda qurultayını keçirib, iyun ayında Məclis vasitəsilə namizədini elan edib. Bununla bağlı siyasi partiya olaraq 2013-cü ilin yekunlarının müzakirəsi ilə də məşğuluq. Seçki ilə bağlı bir sıra təbirlərin keçirilməsi nəzərdə tutulub, o cümlədən gələn ay - dekabrda böyük tədbirimiz olacaq. Mətbuata verdiyimiz məlumatlar seçki prizmasından verilir və seçki ilə bağlı texniki işlərin hazırlanmasına başlamışıq.
2013-cü ilin imzalarını təftiş edirik. Seçkidə imzatoplama korpusunun hazırlanmasına başlamışıq. Bu beş il ərzində partiyaya üzv olmuş şəxslərin seçki prosesinə cəlb olunması və bu prosesə hazırlığı ilə bağlı iş aparırıq. Biz elə etmək istəyirik ki, seçki qrafikinin işə düşməsi dönəminə qədər bizim texniki seçki hazırlığımız işə düşmüş olsun.
Amma siz haqlısınız ki, bundan əvvəlki seçkilərdə biz bir qayda olaraq inteqrativ prosesləri, müxalifətdaxili hərəkətlənmələri görürdük. Keçən 2013-cü ilki prezident seçkilərindəki bu proses ilin dördüncü ayında başladı. Biz hələ seçkiyə indi qədəm qoyuruq. Dediyim hərəkətlənmələr aprel-may ayına təsadüf edə bilər. Onda Milli Şura təsis edildi. Müxalifətin bir hissəsi ora axdı getdi. Orda yaranmış siyasi mövqe və siyasi platforma sonradan siyasi hakimiyyətə qarşı ciddi bir qüvvə kimi təqdim edilməyə başladı. Hərçənd ki, biz o hərəkətlənməyə qoşulmamışdıq, Milli Şuraya üzv olmamışdıq.
- Milli Şura seçkidən 4 ay əvvəl yaransa da, ona qədər siyasi partiyalar arasında müttəfiqlik əlaqələri və İctimai Palata vardı. Bu gün isə iki partiyanı bir arada görmək çətindir…
- Razıyam. Bugünki vəziyyətimiz 2013-cü ildəkinə nisbətən müxalifət partiyalarının inteqrasiya məsələsində daha acınacaqlı qiymətləndirilməlidir. Partiya rəhbərlərinin şəxsi münasibətləri də çox aşağı səviyyədədir və hamı vəziyyətin fərqindədir. Beynəlxalq aləmin vəziyyəti də hamıya bəllidir. Hal-hazırda bir qisim adam gözləməyə üstünlük verir. Mən bunun anatomiyasını belə görürəm ki, indiki zamanda ən ciddi proseslər hakimiyyətin daxilində gedir. 2013-cü ildə də buna bənzər proseslər gedirdi. O vaxtlar Rusiyanın Azərbaycan siyasətində fəallığını görürdük. “Beşinci kolon” hakimiyyətin daxilində namizədin dəyişməməsi üçün hərəkət edirdi. Rusiya kənardan təzyiq edirdi və o sonradan Milli Şura formasında təzahür etdi. Xatırlayırsınızsa, o vaxt Milli Şuranın sədri Rüstəm İbrahimbəyov “mən milyarderlər klubunun kordinatoruyam” deyib, həm də Milli Şuranın rəhbəri funksiyasını yerinə yetirirdi. Bu, bilavasitə Milli Şuranın Kremlə bağlı olduğunu, Milli Şura layihəsinin Kremlin layihəsi olduğunu göstərirdi. O vaxt ideoloqlardan biri Pənah Hüseyn də hələ may ayında açıq demişdi ki, biz ilk dəfədir müəllifi olmadığımız siyasi layihədə iştirak etmək məcburiyyətində qalmışıq. Bu, Pənah bəyin etirafı idi.
Bu il xarici qüvvələr də yəqin ki, hakimiyyətin daxilində baş verən proseslərin nəyə gətirib çıxaracağını diqqətlə izləyirlər. Rusiya xarici işlər naziri Lavrovun Bakıya gəlişini çox ciddi səfər kimi qiymətləndirirəm. Əlbəttə, o, təkcə Dağlıq Qarabağ məsələsinə görə gəlməmişdi. Mənim fikrimcə, adətən Azərbaycana gələn zaman siyasi hakimiyyətdə siyasi kursun istiqaməti müəyyən olunur. Buna bir neçə dəfə şahid olmuşam.  Bu dəfə də gəlişinin məqsədini tam dəqiqliklə deyə bilmərik. Əlbəttə, onun təmasda olduğu adamlar dəqiq bilirlər ki, Kreml Azərbaycan siyasəti ilə bağlı nəyi planlaşdırır. Amma  İrəvanda verdiyi müsahibədən mənə aydın oldu ki, Lavrovun timsalında Moskva Azərbaycanın bugünkü durumundan razı deyil. Kreml ciddi-cəhdlə Azərbaycanın Avrasiya İttifaqına cəlb olunması üzərində işləyir. Bu günlərdə Proxanov da çox ciddi açıqlama verib. Onu da qeyd edim ki, Proxanov rus millətçi təşkilatının ideoloqu olaraq onların adından danışır. Belə bir bəyanat da verib ki, “Biz Dağlıq Qarabağ məsələsini yoluna qoymaq təşəbbüsünü qaldıracağıq”. Bu yaxınlarda da Bakıya gələcək. Yəni Moskva keçmiş coğrafiyasını qaytarmaq istəyir. Sovet imperiya sərhədlərini qaytarmaq istəyir və Azərbaycana qoşun yeritmək istəyində israrlı görünür. Bu baxımdan, qarşıdan gələn seçkilər onlar üçün ciddi fürsətdir.
- Sizin fikirlərinizdən belə aydın olur ki, bu gün istər müxalifət, istərsə də beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinin daxilindəki proseslərdən nə isə gözləyir. Amma biz dəfələrlə şahidi olmuşuq ki, bütün seçkilər ərəfəsində məqsədli olaraq hakimiyyət daxilində qruplaşma, qarşıdurma görüntüsü yaradılıb, yekunda asanlıqla bir araya gəliblər...
-Mən deməzdim ki, bu, asan məsələdir. Xatırlayırsınızsa, 2013-cü ildə hamının bir nöqtəyə vurması üçün iyul ayının 2-nə təyin olunmuş Rusiya Təhlükəsizlik Şurasının iclasının qarşısını almaq üçün, o vaxtkı ABŞ səfri Roçard Morninqstar Əli Əhmədovla görüşmüşdü. Bu görüşdən sonra YAP-ın təcili keçirilən qurultayının şahidi olduq. Yalnız ondan sonra komandanın daxilində monolitlik yarandı. Məndə olan dəqiq məlumata görə, bu gün hakimiyyət daxilində çox ciddi parçalanma var. Namizədin kim olması ilə bağlı çox ciddi müzakirələr gedir. Hətta namizədlə bağlı müzakirələrin öz xəttindən çıxdığını da bilirəm. Mənim konkret adamların bu mövzuda söhbətlərindən də xəbərim var. Növbəti dönəmin necə təzahir edəcəyi və namizədin kim olacağı haqda çox ciddi və sərt söhbətlər gedir. Hansı ki, bu söhbətlərin yekunu ölkənin müqəddəratını müəyyən edəcək. Bunun səbəbi yenə də hakimiyyətin avtoritarlığı, dediyim resursların hakimiyyətin əlində olması, alternativ gücün, siyasi müxalifətin bu resurslar nöqteyi-nəzərindən müflis şəklində ortada olmasıdır. Ölkədəki siyasi mübarizənin ağırlığı hakimiyyətdaxili mübarizəyə keçir. Və əgər hakmiyyətdaxili iki qruplaşma namizəd məsələsində razılığa gələ bilməsələr, bu resurslar müxalifət düşərgəsinə də axa bilər. Bununla, qısa müddətdə seçkinin mənzərəsini də dəyişə bilər. Hesab edirəm ki, sükut vəziyyətindən siyasi proseslərin çox ciddi, sürətli dəyişməsinin şahidi ola bilərik.
- Belə demək olar ki, bu gün Azərbaycan uğrunda Rusiya və Qərbin savaşı gedir və hər şey o savaşın nəticəsindən asılı olacaq?
(Ardı var)
D.NURİYEV