“Rusiya artıq Qarabağ məsələsində dominant deyil...” - KARNEGİ MOSKVA MƏRKƏZİNİN DİREKTORU KREMLİN BAŞLICA MARAĞINI AÇIQLADI

Baxış sayı:
23926

2020-ci ilin payızında Qarabağda gedən müharibə Moskvanın Qafqazdakı ümumi mövqelərinin ciddi zəifləməsinə gətirib çıxardı. Belə mövqe ilə Karnegi Moskva mərkəzinin direktoru Dmitri Trenin “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində çıxış edib.

Rusiyalı ekspertin fikrincə, Türkiyə regiondakı “kəmiyyətcə” iştirakını “keyfiyyətcə” iştiraka çevirdi, Rusiya isə ötən ilin noyabrında Qarabağ regionuna sülhməramlıları yeritməklə onun münaqişə regionundakı vasitəçi kimi mövqelərinə dəyən zərəri ancaq qismən məhdudlaşdıra bildi.

“Moskva əvvəlki kimi Qarabağ ətrafındakı situasiyanın inkişafında əsas xarici amildir, amma dominant deyil”,-Dmitri Trenin qeyd edib.

Onun sözlərinə görə, son hadisələr fonunda Cənubi Qafqaz Moskvanın nüfuz  zonası kimi “yuyulub gedir” və onun üçün Yaxın Şərqin subregionuna çevrilir. Ekspert hesab edir ki, Rusiyanın Cənubi Qafqazda həyati əhəmiyyətli maraqları yoxdur.

“Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Mən bunu Rusiyanın borcu hesab edirəm, Rusiya üçün öz öhdəliklərini yerinə yetirmək şərəfdir. Yeri gəlmişkən, Qarabağ bu öhdəliklərlə əhatə edilmirdi. Rusiyanın eləcə də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi marağı var. Bu iri ölkədir, qonşu ölkədir və Rusiya əlbəttə, ona can atacaq ki, bu münasibətlər inkişaf etsin. Bir tərəfdən də qərbyönümlü oriyentasiyaya malik Gürcüstan var. Lakin Moskva bütün bu münasibətlər toplusunu öz maraqları üçün fəal istifadə etmək istəyir”,-rusiyalı ekspert deyib.

Trenin hesab edir ki, indiki və gələcək mərhələdə Rusiya üçün başlıca maraq Türkiyə kimi iri regional dövlətlə silahlı münaqişə vəziyyətində olmamaqdır. “Eləcə də Azərbaycanla münaqişə vəziyyətindən qaçmaq, öz müttəfiqi Ermənistanı taleyin ümidinə buraxmamaq, amma eyni zamanda dərk etməkdir ki, onun Qarabağ məsələsində imkanları olduqca məhdudlaşıb”,-ekspert bildirib.