Rusiya aqressiyasında ABŞ faktoru

Obamanın dişsiz siyasəti Rusiya aqressiyasının tək səbəbi kimi
 
Bu gün bütün dünya mediasının cavab axtardığı bir neçə sual var və bu suallar təbii ki, dünyanın gündəmini məşğul edən Rusiyanın aqressiyası və ABŞ-ın buna adekvat olmayan reaksiyası ilə bağlıdır. Bu suallara yanaşma tərzi müxtəlif olduğu kimi, cavablar da təbii ki, müxtəlif olur. Ancaq biz düşünürük ki, Rusiyanın bir-birini əvəz edən aqressiv davranışları və ABŞ-ın buna adekvat olmayan reaksiyaları heç də bir-birindən ayrı deyil, əksinə, bir-birini şərtləndirən əsas səbəblərdir.
Götürək elə Rusiyanın Grürcüstana hücumunu - 2008-ci il avqust aqressisyasını. O ərəfədə Rusiya Qara dənizdən sıxışdırılıb çıxarılma təhlükəsi ilə üz-üzə idi. Ona görə də Gürcüstanın tərkib hissəsi olan Abxaziya Qara dənizdəki coğrafi mövqeyi və sahilləriylə Rusiya üçün strateji önəm daşıyırdı. Çünki Qara dənizdəki Abxaziya zolağı Rusiya üçün yeganə xilas mənbəyi ola bilərdi. Məhz bu səbəbdən Rusiyaya Gürcüstanı hərbi təxribatlara çəkmək üçün bəhanə lazım idi ki, bu da Gürcüstanın Cənubi Osetiyaya müdaxiləsi oldu. Və Rusiya Gürcüstana bu gün Suriyaya müdaxilə səbəblərini əsas gətirərək işğal müharibəsi açdı və aqressiya mərhələsi başladı. Beləliklə də uzunmüddətli Qərb-Rusiya anlaşma dönəmi başa çatdı.
Əslində, Rusiyanın Gürcüstan təcavüzü “ABŞ necə davranacaq deyə”, bir nəbz yoxlanışı idi. Və ABŞ birbaşa Rusiyaya qarşı çıxmamaq səbəbiylə qətiyyətli qərarlar qəbul edə bilmədi, bu imtahanda sinifdə qaldı və bununla da yeni bir səhifə açılmış oldu. Rusiyanın aqressiyası səhifəsi.

Rusiyanın aqressiyası dönəmi

Bu dönəmi ABŞ-n kritik anlarda strateji və qətiyyətli qərarlar verə bilməmək yanlışları başlatdı. Bu da Rusiyanı yaxşı anlaya və geosiyasi anlamda növbəti gedişləri doğru hesablaya bilməməklə bağlı idi. ABŞ anlaya bilmədi ki, Gürcüstanda Rusiya aqressiyasının qarşısından qaçmaqla əslində növbəti “gürcüstanları” yaxınlaşdırdı.
Amerikanın bu ərəfədə Gürcüstanı müdafiə etdiyi, Saakaşvili hakimiyyətinin devrilməsinin qarşısını aldığını və paytaxt Tiflisin işğalına imkan verməməsini əsas gətirməklə ABŞ-a müəyyən haqq qazandırmaq istəyənlər ola bilər və bu da təbiidir. Ancaq böyük anlamda bunlar Rusiyanın strateji hədəfində deyildi. Rusiya Qara dənizdə möhkəmlənmək üçün Gürcüstanı savaşa çəkməklə Abxaziyanı ondan qoparmaq, sonra isə Qara dənizdə möhkəmlənmənin əsaslarını yaratmağı hədəfləyirdi ki, buna da 2008-ci savaşının nəticəsi olaraq nail oldu.

ABŞ-ın Gürcüstanda məğlubiyyəti Krımın işğalının təməlini qoydu

Krımın işğalı təkcə tarix olaraq 2014-cü lin işi deyildi. Krım əslində, 2008-in avqustunda Gürcüstanda işğal olunmuşdu. Ən azından düşüncələrdə. Gürcüstan Krımın bir hazırlıq mərhələsiydi. Gerçəkdə də Rusiya aqressiya siyasətini postsovet məkanının Ukrayna kimi ən böyük tikəsi və Avropa ilə həmsərhəd olan ölkəsiylə başlada bilməzdi. Çunki birbaşa Qara dəniz siyasətini Ukraynanın tərkib hissəsi olan Krımdan başlamaq Rusiya üçün xeyli risq amilləri daşıyırdı. Əvvəla, ABŞ başda olmaqla Qərbin davranışları Rusiya üçün məchul idi və Ukraynadan ötrü Ruisya qarşısında nə qədər fədakarlıq edəcəkləri bəlli deyildi. İkincisi də, o zaman Yanukoviç hakimiyyətiylə Ukrayna bir növ Rusiyanın Ermənistan kimi əyaləti sayıla bilərdi və Sevastopolda yerləşən Rusiya donanması üçün heç bir təhlükə törətmirdi.
Bu baxımdan da Rusiya Qərbin nəbzini yoxlamaq üçün işğalçılıq siyasətini ən zəif həlqədən, yəni Gürcüstandan başlamağa qərar verdi.

Krımın maneəsiz işğalı Donbassı “doğdu”

Abxaziyadan sonra təməlli olaraq Qara dənizdə möhkəmlənmək və Qərbin “dənizdən dənizə” siyasətinin qarşısını almaq və bu hövzədə həlledici sözə sahib olmaq üçün Krım Rusiyaya lazım idi. Bunun üçün yenə də ciddi bir bəhanə, əsas və şərait gərəkirdi ki, belə bir hadisə də Yanukoviç hakimiyyətinin Avropa Birliyi ilə assosiativ müqavilədən imtina etməsi oldu. Daha doğrusu, bu hadisənin doğurduğu siyasi etirazlar dalğası oldu ki, bunun da nəticəsində Yanukovuç Qərb tərəfdarları tərəfindən devrildi.
Belə vəziyyət artıq Rusiyanın Qara dəniz siyasətinin təhlükəyə düşməsi anlamına gəlirdi. Bu durumda isə yeni hakimiyyətin qərbyönümlü biri olacağı şübhə doğurmadığı üçün Rusiya hərəkətə keçməli idi ki, növbəti addım da məhz Krımın işğalı prosesinin başladılması oldu.
Gürcüstanda olduğu kimi, Krımın işğal və ilhaq prosesində də ABŞ başda olmaqla Qərbin reaksiyası adekvat olmadı, sadəcə quru bəyanatlarla yetindi ki, bu da Rusiya aqressiyasını dayandırmaq üçün yetərli ola bilməzdi. Bu, ABŞ-ın Rusiya aqressiyası qarşısında növbəti yanlışı idi ki, bununla da nəinki bu işğalın qarşısını almaq olmazdı, hətta növbəti işğala şərait yaradırdı desək, daha doğru olardı.
Və növbəti işğal gəldi. Ukraynanın növbəti ərazisi olan Donbassın bir hissəsi işğal olundu və “Yeni Rusiya” imperiyası ideologiyası altında Ukraynaya savaş açıldı. Əslində bu savaş Ukraynanın timsalında bütün postsovet ölklərininə açılmışdı və bunun ideoloji və təbliğatı tərəfi rus medialarında açıqca sezilirdi.

Rusiyaya sanksiyalar dönəmi başladı

Nəhayət gecikmiş də olsa, ABŞ və Qərb dünyası Rusiyanın Avropa üçün böyük təhlükə törətdiyini və Ukrayna ilə bu aqressiyanın dayanmayacağını anlayandan sonra Moskvaya qarşı diplomatik, siyasi və iqtisadi sanksiyalar mərhələsini başlatdı.
Doğrudur, bu sanksiyalar təsirsiz ötüşmədi, ancaq Rusiya aqressiyasının tam qarşısını aldığını da iddia etmək olmaz. Çünki belə olsaydı, onda bu gün Rusiyanın dünyanı lərzəyə gətirən Suriya sərgüzəştlərini nə ilə izah etmək olardı?

Rusiyanı Donbassda savaşı dayandırmağa məcbur edəcək səbəb

Rusiyanı Donbassda savaşı dayandırmağa məcbur edən bir neçə geosiyasi və geoiqtisadi səbəblər toplusu olmağına rəğmən, əsas və həlledici amil rolunda oynayan səbəb Ukrayna dövləti və onun xalqı oldu. Ukrayna xalqı Rusiyanın savaş qorxusunun qarşısından nəinki qaçmadı, əksinə, bu savaşı qəbul etdilər, öldürməyə ölməklə deyil, öldürməklə cavab verdilər. Rusiya həm maliyə, həm texniki, həm də canlı olaraq son illərin ən böyük itkilərini Ukraynada verdi  və hələ də verməkdə davam edir. Bu aqressiyasinı Ukraynada yavaşladan və düşündürən amil Rusiya mərkəzlərinə axan “200 nömrəli yük” kodu altında rus əsgərlərinin cənazəsi oldu. Bu, ona görə belə oldu ki, ABŞ-dan fərqli olaraq Ukrayna xalqı Rusiyanı dayandırmağın tək yolunun onun öz dilində danışmaq olduğunu bilirdi.
Ancaq Obama hakimiyyəti bütün bunlara və ABŞ konqresmenlərinin, senatorlarının, Bzejinski kimi ciddi siyasət adamlarının tənqidlərinə rəğmən hələ də Ukraynaya rus tanklarını vura biləcək letal mobil və digər ağır silahları vermiş deyil. Obama hakimiyyəti bunun vəziyyəti daha alovlandıracağını əsas gətirərək hələlik gözləmə mövqeyində olduqlarını və bu qərarın müəyyən mənada Rusiya üçün caydırıcı rol oynadığını iddia edirlər.
Bunun nə qədər yanlış və əsassız olduğu növbəti dəfə Rusiyanın Donbassda savaşı dayandırıb, Suriyada daha da şiddətləndirməsi ilə ortalığa çıxdı. Nəticə o oldu ki, ABŞ öz dostlarını müdafiə etməməklə xəyal qırıqlığına uğradırkən, Rusiya qətiyyətli addımlarıyla dostlarına yardım etməklə getdikcə daha çox nüfüz qazanmağa başladı. Və bu yanlışlar silsiləsi və Obamanın qorxaq siyasəti Rusiyaya ürək-dirək verərək Suriyaya qədər gətirdi.
İndi Rusiya Suriyada aqressiyasını davam etdirir. ABŞ-ın boşaltdığı məkanları Rusiya doldurmaqla təkcə Qara dənizdə hövzəsində deyil, artıq Aralıq və Ağ dəniz sahillərində də söz sahibi olmağa başlayıb. Bunu dünən Rusiya müdafiə nazirliyinin baş qərargah rəisinin maivin, Suriyada əməliyyatların yönəticisi general Karpatov Rusiyanın Suriyada bütün qoşun növlərini əhatə edəcək yeni bir hərbi bazanın yaradılmasını bəyan etməklə bir daha təsdiq etdi.
Aqressiya syasəti Putin hakimiyyəti və rus toplumu üçün lazımdır. Çünki rus toplumu üçün həmişə nifrət obyekti olmalıdır ki, ruhən, fikircə onunla mübarizə aparsın və bütün mövcud olan çətinlikləri də məhz bunun ayağına yazsın. Dünən bu, Gürcüstan idi, bugünsə, Ukraynadakı “faşist” millətçilər və Suriyadakı terrorçulardır.
Beləcə zaman gedir, kimisi bu prosesdə köçkün əməliyyatlarından, kimsələr adam alverindən, narkotik alverindən, müftə müsəlləh neft alverindən, böyük silah bazarından, bir sözlə savaşın doğurduğu bütün nəticələrdən böyük-böyük pullar qazanır və beləcə zaman öz axarında öldürücü mahiyyətilə qiyamətə doğru axır. ABŞ isə hələ də fikirləşir, “dostları müdafiə edək, etməyək” deyə. Qoy fikirləşsin, bəlkə enində-sonunda Rusiyanı dayandırmaq üçün bu qeyrət çayını keçmək gərəkdiyini anlayacaq. Amma atalarımız da əbəs yerə deməyiblər ki, “ağıllı fikirləşincə dəli vurdu, çayı keçdi”. Allah ağıl, ürək və cəsarət versin...
Natiq Miri