​Rusiya “Alfa” qrupunu İrəvana göndərdi: DƏHŞƏT YAŞANA BİLƏR

Baxış sayı:
6988

Rusiya Ermənistanda yeni təhlükəli oyuna başlayıb və bu oyunun sonunda o, çox şeyi itirə bilər. Hətta ola bilsin ki, Cənubi Qafqazdan ABŞ və Qərb ölkələri Rusiyanı bazaları ilə birlikdə tamamilə qovub çıxarsın.
Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistanın Baş nazir vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla müxalifət lideri Nikol Paşinyan arasında danışıqların dayandırılması və İrəvanda bu gün yenidən start götürməsi planlaşdırılan aksiyalarla bağlı danışarkən deyib. O bildirib ki, əgər Karen Karapetyan görüşdən imtina edibsə, bu o deməkdir ki, artıq o, Rusiyadan lazımi təlimatları alıb:
 “Üstəlik, Rusiya Azərbaycana da emisarlar göndərir və şirin vədlər verirsə, bu onu göstərir ki, Rusiya Ermənistanda baş vermiş məxməri inqilabı beşikdəcə boğmaq fikrinə düşüb və hadisələrin bundan sonrakı inkişafına mane olmaq qərarına gəlib. Doğrudur, bunlar çox çətin olacaq, ayağa qalxmış xalqı yerinə oturtmaq, yenidən köhnə status-kvonu qoruyub saxlamaq o qədər də asan deyil. Çünki xalqda inqilabı əhval-ruhiyyə hələ sönməyib, əksinə, bir az da artıb. Amma bütün bunlara baxmayaraq, Rusiya yeni riskli addım atır”.
Politoloq qeyd edib ki, Rusiya Ermənistanda Ukraynada törətdiklərindən fərqli olmayacaq bir ssenarinin gerçəkləşdirilməsinə girişib:
 “Bu ssenari yüzlərlə, hətta daha çox insanın həyatı bahasına başa gələ bilər. Hazırda Rusiya aktiv prosesə start verib. Şübhəsiz ki, Gümrüdəki 102-ci briqada müəyyən göstərişlər alıb. Hətta Rusiyanın Ermənistana hava vasitəsilə müdaxilə etmək üçün “Alfa” qrupları və digər xüsusi təyinatlılar göndərməyə başladığı haqqında da məlumatlar verilir. Bütün bunlar Ermənistanda qanlı hadisələrin başlaması ilə nəticələnəcək”.
Politoloqun sözlərinə görə, Karapetyanın Paşinyana rədd cavabı əhalini daha da hiddətləndirib:
 “Yaxın saatlarda keçiriləcək aksiyada da xalqın bu hiddəti hiss ediləcək. Karapetyanı da istafaya göndərmək Paşinyan üçün elə də çətin olmaz. Lakin hazırda Ermənistandakı proseslərə Rusiyanın müdaxilə edəcəyini düşünsək, rus xüsusi təyinatlıları işə qarışacaq. İşə qarışsa, xalq rus qoşunları ilə vuruşacaq. Ordu da, polis də Paşinyanın tərəfində olacaq”.
Politoloq vurğulayıb ki, amma bunun bədəlini Rusiya da çox ağır formada ödəyəcək:
“Bu hərəkətlərinə görə Qərb Rusiyanı bağışlamayacaq. Kreml Ermənistandakı proseslərə müdaxilə edəcəyi andan Rusiyaya qarşı hərəkətlərin yeni mərhələsinə start veriləcək. Bu hərəkətlər toqquşmalar şəklində də ola bilər. Diqqət edin, ABŞ Dövlət Departamentindən Ermənistandakı hadisələrlə bağlı maraqlı açıqlama yayınlanıb. Onların bəyənatında “Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq” sözləri xüsusi diqqət çəkir. Bu o deməkdir ki, ABŞ artıq Ermənistanda köhnə hakimiyyət strukturları ilə əlaqəni kəsir, formalaşmaqda olan, yaxud alternativ şəkildə formalaşacaq yeni hakimiyyət strukturlarını tanıyacaq. Bu məsələdə Rusiyanın istənilən hərəkəti təcavüz, erməni xalqının siyasi iradəsinə basqı kimi dəyərləndiriləcək”.
Qeyd edək ki, Ermənistanın Baş nazir vəzifəsini icra edən Karen Karapetyan Vətəndaş Müqaviləsi Partiyasının lideri, deputat Nikol Paşinyanla 25 aprel saat 11:00-a nəzərdə tutulan görüşün ləğvi ilə bağlı bəyanatla çıxış edib.
Paşinyan isə bu gün saat 11:00-a yeni mitinq təyin edib.