​Rus təyyarəsini də Gülən tərəfdarları vurub? – TÜRKİYƏDƏN RƏSMİ İDDİA

Türkiyənin rəsmiləri Rusiyanın hərbi təyyarəsinin də məhz hazırki çevrilişçilər tərəfindən vurulduğunu bildirirlər. İddia olunur ki, hərbi çevrilişi planlayanlar əvvəlcə Ankara ilə Moskvanın əməkdaşlığını pozmaq istəyiblər və buna Ərdoğan Putindən üzr istəyənə qədər nail olublar.
Politoloq Elxan Şahinoğlunun fikrincə, bu iddiada həqiqət payı odur ki, Türkiyədə çevrilişin əsas qüvvəsi məhz hərbi hava qüvvələrində cəmləşmişdi:
“Ancaq əgər həqiqətən Rusiyanın təyyarəsini vurmaq çevrilişçilərin və onların arxasındakı Fətullah Gülənin planı olubsa, niyə həmin zaman Ərdoğan bunun üstünü açmadı, daxildə komissiya yaradıb məsələni özü üçün aydınlaşdırmadı, əksinə sərhədi pozan təyyarənin vurulmasına haqq qazandırdı, baş naziri Əhməd Davudoğlu isə “təyyarəni vurmaq əmrini mən vermişəm” kimi açıqlamanı niyə səsləndirdi? İndi isə deyirlər ki, təyyarəni Gülən tərəfdarları vurub. Ankara bununla sanki bir daha Moskvadan üzrxahlıq edir ki, Sizin təyyarəni biz yox, bizim daxili düşmənlərimiz vurub. Görək buna Kreml nə deyəcək? Görünür, Ərdoğan uğursuz hərbi çevrilişlə iki dovşan vuracaq, birincisi orduda və idarəetmə isistemində təmizlik işlərini gücləndirəcək, ikincisi, Moskva ilə daha çox yaxınlaşmağa çalışacaq. Ancaq Ərdoğan daha əvvəlki kim rahat işləyə də bilməyəcək, hər zaman arxasına baxacaq”.