​RUS SƏFİRİN ÖLDÜRÜLMƏSİ KİMƏ SƏRF EDİRDİ?

Və yaxud Andrey Karlovun Ankarada qətlə yetiriləmsi Qərbin maraqlarına nə dərəcədə uyğundur?!
 
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi regionda yeni siyasi gəlişmələrə səbəb olmaqdadır. Bəlli olduğu kimi, Andrey Karlov Hələbdə baş verən qətliamlara etiraz əlaməti olaraq Ankarada təşkil olunan anti-Rusiya yürüşləri zamanı güllənib. Ən maraqlısı isə odur ki, səfiri qətlə yetirmiş gənc son vaxtlaradək Rusiya səfirliyini mühafizə edirmiş. Bütün bunlar isə qətlin heç də sıradan bir terror hadisəsi olmadığını ortaya qoyur.
Xüsusən də, bu qətlin Moskvada Rusiya, Türkiyə və İran XİN rəhbərlərinin Suriya müzakirələri ilə bağlı görüşündən bir gün öncəyə təsadüf etməsi rus səfirinin öldürülməsinin sıradan bir terror olayı olmadığını göstərir. Burada, görüntü olaraq Rusiyanın hədəfə alındığı bəllidir. Ancaq, onu da etiraf etməliyik ki, bu hadisə hazırda Rusiyanın deyil, Türkiyənin əleyhinə işləməkdədir. Şübhəsiz, qətl planı çizilərkən də bütün bu ehtimallar nəzərə alınmamış deyil. Deməli, dolayısı ilə onu deyə bilərik ki, bu qətl olayından ən karlı çıxan da məhz Rusiya olacaq. O zaman ortaya belə bir sual çıxır: səfirin öldürülməsi həqiqətən də Kremlin maraqlarına xidmət edirsə, bu hadisədə rus izi ola bilərmi?
Əlbəttə, bizim hazırda bu suala cavab vermək imkanlarımız məhduddur. Çünki hazırda istintaq gedir, üstəlik, səfirin öldürülməsi ilə bağlı informasiyalar rəsmi mənbələr tərəfindən tamamilə fərqli istiqamətə yönləndirilir. Bu baxımdan, çox güman ki, istintaqın yekun “qənaəti” də indi açıqlanan xəbərlərdən fərqli olmayacaq.
Ancaq bu qətlin həyata keçirilməsinin həm də Türkiyə hakimiyyətini hədəf aldığı sirr deyil. Birinci versiyanı - burada Rusiyanın əlinin olduğunu istisna etsək, belə demək olar ki, Andrey Karlovun öldürülməsi birbaşa Ərdoğanın siyasətinə etiraz nümayişidir...

Hurriyyet.org