​Rus qoşunlarını Azərbayacana dəvət edən sabiq nazirin oğluna vəzifə verildi

Məmmədrəfi Məmmədovun oğlu Elmar Məmmədov SOCAR-ın Almaniya nümayəndəliyinin rəhbəri təyin edilib
 
Azərbaycanın keçmiş müdafiə naziri, vəzifədə olduğu dönəmdə qalmaqallı fəaliyyəti ilə diqqətləri cəlb edən, hətta bu səbəbdən mərhum prezident Heydər Əliyev tərəfindən nazir postundan qovulduğu iddia olunan Məmmədrəfi Məmmədov haqqında mətbuatda çox yazılıb. Nəinki onun nazir olduğu illərdə, hətta vəzifəsini başa vurmasından 22 il keçsə belə, hələ də ayrı-ayrı jurnalistlər və ekspertlər onun dövlət maraqlarının əleyhinə verdiyi qərarları və müdafiə naziri olaraq göstərdiyi yarıtmaz fəaliyyəti kəskin şəkildə tənqid etməkdədirlər.
Bizim də “Hürriyyət” olaraq bu mövzuya toxunmağımız səbəbsiz deyil. Ancaq əsas məsələyə keçməzdən öncə dəyərli oxucularımıza sabiq nazirin əməlləri ilə bağlı bəzi faktları xatırlatmağı lazım bilirik ki, yaddaşları yeniləyək, dövlət əleyhinə qərar verən şəxslərin fəaliyyəti unudulmasın...
 
Rusiyalı sülhməramlıların münaqişə zonasında yerləşdirilməsi planı...
 
Qeyd edək ki, general-leytenant Məmmədrəfi Məmmədov 1993-cü il sentyabrın 2-dən 1995-ci il fevralın 6-dək Azərbaycanın müdafiə naziri vəzifəsində işləyib. Ermənistanla 12 may, 1994-cü il atəşkəs müqaviləsinin imzalanması onun nazir olduğu dövrə təsadüf edir. Bu saziş haqda qərar müdafiə nazirinin iradəsindən kənarda verildiyindən, təbii ki, M.Məmmədova bu haqda hər hansı irad tutmaq və ya təşəkkür etmək yersiz olar. Ancaq bu müqavilədən öncə onun 1992-1996-cı illərdə Rusiyanın müdafiə naziri olan, dostu Pavel Qraçovun hazırladığı və “Qraçov planı” adlanan sənədə razılıq verməsi, lakin son anda prezident Heydər Əliyev tərəfindən bu xəyanatkər planın həyata keçməsinin qarşısının alınması Məmmədrəfi Məmmədovun bir nazir kimi fəaliyyətinin qara ləkəsi hesab oluna bilər.
Dəyərli oxuculara xatırladaq ki, söhbət 1994-cü il mayın 16-17-də Moskvada Pavel Qraçovun vasitəçiliyi ilə müdafiə nazirləri arasında keçirilən görüşdən gedir. Hansı ki, atəşkəs rejiminin möhkəmləndirilməsinə dair tədbirlər planı bu görüşə qədər işlənib hazırlanmış və guya bəyənilmişdi. Plan rusiyalı sülhməramlıların münaqişə zonasında yerləşdirilməsini nəzərdə tuturdu.
Keçmiş rusiyalı həmsədr Vladimir Kazimirovun bu yaxınlarda mətbuata verdiyi açıqlamaya əsasən, həmin gün bu plandan xəbər tutan Heydər Əliyev nazir M.Məmmədova təcili göstəriş verib ki, bu görüşdə işlənib hazırlanan sənədi imzalamasın və guya əlavə təlimatlar almaq üçün Bakıya qayıtsın.
“Mayın 17-də Məmmədovla birgə Bakıya uçduq. Heydər Əliyev mayın 18-də onu qəbul etdi və Moskva sazişini imzalamamaq barədə göstərişini verdi. Heydər Əliyev mənimlə söhbətində Məmmədovu geri çağırmasını Qraçovun xoşagəlməz səs tonu məsələsi ilə izah etdi. Amma əsl səbəblər daha dərində idi. Biz mayın 19-da Məmmədovla birgə yenidən Moskvaya qayıdanda azərbaycanlı nazir Rusiya müdafiə nazirinin müavini Kondratyevlə görüşdə hazır sənədi imzalamamaq üçün yeni şərtlər irəli sürməyə başladı. O, qoşunların bir-birindən uzaqlaşdırılması məsələsini ələ keçirilmiş torpaqların boşaldılması kimi qəbul etdirmək istəyirdi. Bu isə hərbi-texniki məslədən daha çox hərbi-siyasi məsələ idi. Bunu da böyük siyasi sazişlə həll etmək mümkün idi” – deyə Kazimirov bildirib.
 
“Heydər Əliyev dərhal Məmmədrəfini tapdırdı və telefonla dişinin dibindən çıxanı ona dedi”
 
Yeri gəlmişkən, keçmiş müdafiə naziri Məmmədrəfi Məmmədovun rus ordusunu yenidən Azərbaycana qaytarmaq istəyini sabiq dövlət müşaviri, mərhum Vəfa Quluzadə də sağlığında mətbuata açıqlamasında təsdiq edib: “Yadımdadır ki, ATƏT-in Minsk Qrupunun həmsədri Yan Elyason Heydər Əliyev və mən gecə vaxtı Prezident Aparatında oturmuşduq. Bu zaman televiziya xəbər verdi ki, Azərbaycanın Moskvada səfərdə olan müdafiə naziri Məmmədrəfi Məmmədov Qraçovlə mətbuat konfransı keçirib. Qraçov isə bəyan edib ki, Azərbaycanın müdafiə naziri Azərbaycana iki alay rus əsgərinin göndərilməsinə razılıq verib. Heydər Əliyev bunu eşidən kimi sərt reaksiya verdi. O, dərhal Məmmədrəfini tapdırdı və telefonla dişinin dibindən çıxanı ona dedi. Ardınca Moskvadakı rəsmi şəxslərlə əlaqə yaradıb ”Qraçov kimdir ki, belə bir bəyanat verir", - deyə etirazını bildirdi. Eyni zamanda Heydər Əliyev Rusiyanın belə bir addım atmaq istədiyi haqda xarici mənbələri də məlumatlandırdı və bildirdi ki, bu, Azərbaycana qarşı təcavüz niyyətidir. Yəni bu, bir faktdır ki, o zaman Heydər Əliyevin sərt, enerjili reaksiyası rus alaylarının Bakıya gəlməsinin qarşısını aldı".
V.Quluzadə əlavə edib ki, Heydər Əliyevin tapşırığı ilə M.Məmmədov gecə ikən Bakıya uçub və səhər saat 5-də artıq ölkəyə dönüb: “Məmmədrəfini ona görə müdafiə naziri təyin etmişdilər ki, o, Qraçovun dostu idi. Bu əlaqələrdən istifadə edib Azərbaycan ordusunun güclənməsini təmin etmək olardı. Ancaq sonradan ruslar münasibətlərdən sui-istifadə etməyə çalışdılar. Heydər Əliyev isə prinsipial məsələlərdə Rusiyaya güzəştə getmədi”.
 
“Rus qoşunlarının Azərbaycana gətirilməsi üçün çox cəhdlər olub”
 
Sabiq müşavir onu da deyib ki, həmin vaxtdan sonra da rus qoşunlarının Azərbaycana gətirilməsi üçün çox cəhdlər olub: “Hətta Qraçovun özü Bakıya gəldi, Heydər Əliyev onu Zağulbada qəbul etdi. Ardınca general Kornukov Azərbaycanda havadan birgə müdafiə sisteminin qurulması təklifini gətirdi. Sonra isə Rusiyanın sərhəd qoşunlarını kuratoru sərhədləri birgə qorumaq təklifi ilə gəldi. Ancaq müsbət cavab ala bilmədilər”.
 
“Məmmədrəfi Məmmədov sırf rus qafalı adam kimi tanınırdı”
 
90-cı illərdə dövlət müşaviri vəzifəsində çalışan politoloq Qabil Hüseynli də bildirib ki, Məmmədrəfi Məmmədov rus ordusunda uzun müddət qulluq etmiş və Rusiya vətəndaşı olan bir şəxs olub: “Yəni sırf rus qafalı adam kimi tanınırdı. Özü də o, arxa cəbhə üzrə ordunun təchizatı məsələləri ilə məşğul olan hərbi qulluqçu idi. Fəaliyyəti boyu rusmeylli olduğunu açıq nümayiş etdirirdi. Ruslar da bu keyfiyyətindən istifadə edib ona əcaib təkliflər edə bilirdilər. Bu mənada müdafiə nazirinin kimlərləsə danışıqlar və fikir mübadiləsi aparması mümkün idi. Amma Heydər Əliyevin bu təklifləri astanadanca geri qaytarmışdı”.
 
“Rus qafalı” eks-nazirin oğluna yüksək vəzifə verilib
 
İndi isə gələk əsas məsələyə. Maraqlıdır ki, haqqında bu qədər faktlar açıqlanan və nüfuzlu dövlət xadimləri tərəfindən açıq-aşkar xəyanətdə ittiham olunan sabiq müdafiə naziri Məmmədrəfi Məmmədovun oğlu Elmar Məmmədov bu yaxınlarda yüksək vəzifəyə təyin olunub. Bu haqda “Hürriyyət”ə məlumat verən mənbənin sözlərinə görə, E.Məmmədov da atası kimi bir müddət hərbçi olub, sonradan nədənsə bu peşədən imtina edib. Az müddət sonra isə atasının Azərbaycan hakimiyyətindəki dostlarının, belə demək mümkünsə, vaxtilə təmsil olunduğu qruplaşmanın köməkliyi ilə SOCAR-ın Almaniya nümayəndəliyinin rəhbəri təyin edilib. E.Məmmədovun hazırda bu vəzifəni icra etdiyi SOCAR-ın Almaniya nümayəndəliyinin saytında da öz təsdiqini tapır...
RƏŞAD
P.S. Mövzunu araşdıracağıq. Növbəti saylarımızda Azərbaycanın dövlətinə xəyanətdə ittiham olunan Məmmədrəfi Məmmədovun oğlunun kimlərin dəstəyi ilə bu vəzifəyə təyin olunduğunu və bu təyinatda hansısa gizli niyyətlərin olub-olmadığını oxucularımızla bölüşəcəyik.