RUS QOŞUNLARI AZƏRBAYCANA GƏTİRİLİR… – Lənkəran aeroportunun ruslara icarəyə verilməsinin ŞOK GİZLİNLƏRİ

Baxış sayı:
21109

Sərdar Cəlaloğlu: "Lənkəran aeroportunun birmənalı şəkildə Rusiyaya icarəyə verilməsi ilə bağlı təklif rus qoşunlarının cənub zonasına gətirilməsi deməkdir"
 
"Artıq Bakının işğalı ilə bağlı Rusiya üçün kifayət qədər əlverişli geopolitik vəziyyət yaranıb"
 
"Separatçı hərəkata yenidən təkan vermək üçün Azərbaycanın cənub zonası iqtidarın ruspərəst qanadının diqqətini cəlb edib"

 
Xəbər verdiyimiz kimi, deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 21-də keçirilən iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Lənkəran aeroportunun uzun müddətə Rusiyaya icarəyə verilməsini təklif edib. Belə ki, "Azərbaycanda hava limanları, idman kompleksləri tikilir. Hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur" deyən deputatın sözlərinə görə, əgər Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını, ya da qismən Azərbaycanın hər hansı kommersiya struktur ilə şərikli istifadə edə bilərlər.
 
Nəzərinizə çatdıraq ki, Rüfət Quliyevin bu təklifi həm sosial şəbəkələrdə, həm də siyasilər və iqtisadçılar arasında ciddi narazılıqla qarşılanıb. Belə ki, Lənkəran aeroportunun Rusiyaya icarəyə verilməsinin Azərbaycanın maraqlarına zidd olduğunu bildirən ekspertlər, partiya funksionerləri hesab edirlər ki, bu, ölkənin Rusiya tərəfindən işğalına zəmin yarada bilər. Həmçinin, o da vurğulanıb ki, Rüfət Quliyevin təklifindəki mənfi məqam, onun konkret olaraq Lənkəran aeroportunun kimə icarəyə verilməli olduğunu söyləməsidir. Mütəxəssislərin fikrincə, əgər buna lüzum varsa, o zaman hökumət adıçəkilən hava limanının icarəsi üçün açıq tender elan edə bilər.
 
Yeri gəlmişkən, onu da vurğulamaq lazımdır ki, deputat modern.az-a açıqlamasında mövzu ilə bağlı fikirlərinin yanlış anlaşıldığını iddia edib: "İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ikinci gün keçirilən iclasında "2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi gedirdi. Müzakirələr zamanı iclasda əyləşənlərə sual ünvanlayaraq dedim: "Azərbaycanda bu qədər möhtəşəm idman kompleksləri var. Bundan başqa rayonlarımızda dünya standartlarına cavab verən hava limanlarımız var. Bunlara büdcədən nə qədər pul ayrılır. Daha maraqlısı odur ki, büdcədən ayrılan pullar artır, azalır yoxsa yerində qalır?". Sözümün canı odur ki, prezidentin tapşırığı ilə tikilən obyektlərin xərcləri, işçilərin əmək haqları məsələsi var. Elə edək ki, bu obyektlərə büdcədən ayrılmalar azalsın və özləri özlərini maliyyələşdirə, yəni dolandıra bilsinlər".
 
"Bu gün Rusiya yenidən Azərbaycanı işğal edir, lakin budəfəki işğalın xarakteri öncəkindən bir qədər fərqlidir"
 
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu hesab edir ki, bu gün Rusiya 1920-ci ildə olduğu kimi, yenidən Azərbaycanı işğal edir. Onun sözlərinə görə, budəfəki işğalın xarakteri öncəkindən bir qədər fərqlidir: "Əvvəla, onu deyim ki, Nobel mükafatlı Aleksandr Hayekin belə bir məşhur fikri var: Eyni ideyalar müxtəlif templə başqa bir dövrdə həyata keçirildikdə insanlar adətən həmin ideyaları yeni kimi qəbul edirlər. Bildiyiniz kimi, 1920-ci ildə Rusiya Azərbaycanı işğal edib. Bu işğal isə çox qısa bir müddət ərzində baş verib. Yəni bir neçə gün ərzində rus qoşunları Azərbaycana daxil olub, burada qırğınlar törədib. Nəticədə Azərbaycan Demokratik Cümhuriyyətin liderlərinin böyük əksəriyyəti mühacirət etməyə məcbur qalıb. Bu gün də Rusiya eynilə Azərbaycanı işğal edir. Lakin bu işğalın sürətinin "11-ci Qızıl Ordu"nun Azərbaycana gəlməsinin tempindən uzun olduğuna görə, adamlar Rusiyanın ölkəmizi işğal etməsini anlaya bilmirlər. Qeyd edim ki, vaxtilə Əliheydər Qarayev və Qəzənfər Musabəyov daxildən Rusiyanın işğalı üçün zəmin hazırlayıb. Hətta Əliheydər Qarayev parlamentdə Rəsulzadənin başına silah dayayaraq, ondan hakimiyyətin ruslara verilməsi ilə bağlı qərara imza atmasını tələb edib. Eləcə də ölkənin müxtəlif regionlarında ruslarla birləşib müstəqil Azərbaycana qarşı üsyanlar təşkil edilmişdi. Bunun biri də "Talış-Muğan Respublikası" ideyasıdır. Həmin vaxt rus orduları Azərbaycan ərazisindən çıxsa da, iki rus polku Lənkəranda qalmışdı. Məhz həmin iki rus polku ordakı talış qardaşlarımızla birləşib "Talış-Muğan Respublikası" elan etmişdilər və faktiki olaraq demokratik cümhuriyyətə tabe deyildilər. Eyni ideya və işğal müasir dövrdə də aparılır. Lakin bu proses öncəkindən fərqli olaraq tədrici şəkildə həyata keçirilir".
 
"Rusiya Xəzərin hüquqi statusuna dair yekun konvensiya ilə dənizdə rəsmən hərbi hegemonluq əldə edib"
 
Ötən ilin avqust ayının 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin növbəti sammitinin keçirildiyini və bu zaman Xəzərin hüquqi statusuna dair yekun konvensiyanın imzalandığını xatırladan ADP sədri bu qənaətdədir ki, Rusiya məhz həmin konvensiya ilə dənizdə rəsmən hərbi hegemonluq əldə edib: "Belə ki, Azərbaycan hökuməti Xəzərin statusu məsələsində onun dibinin göl, səthinin isə dəniz olması ilə razılaşaraq beynəlxalq hüquqa zidd olan müqavilə bağladı. Bu müqavilə nəticəsində isə Rusiya öz hərbi qüvvələrini Azərbaycanın sahil sərhədlərinə 10 kilometrə qədər gətirmək imkanı əldə etdi. 10 kilometrdən isə istənilən topla Bakını bombardman etmək olar. Vaxtilə birinci Pyotr da dənizdən gələrək Bakıya hücum edib ölkəni işğal etmişdi. Yəni artıq Bakının işğal edilməsi ilə bağlı Rusiya üçün kifayət qədər əlverişli geopolitik vəziyyət yaranıb. Lakin budəfəki işğalın mahiyyəti və həyata keçirilmə üsulu tamam fərqlidir. Yəni söhbət yenidən rus qoşunlarının bura gətirilməsi, Azərbaycanın Rusiyanın tərkibinə daxil edilməsindən getmir. Söhbət Azərbaycanı da Ermənistan, Belarus, Qazaxıstan və digərləri kimi Avrasiya İttifaqına daxil etməkdən və bu yolla ölkəni tam şəkildə nəzarətə almaqdan gedir. Digər tərəfdən, Azərbaycanda rus mədəniyyətinin daşıyıcılarının sayı yetərincə olmalıdır ki, onlar əsrin əvvəllərində Rusiyada təhsil almış və rusyönümlü insanlar kimi daxildən ölkəmizin Kreml tərəfindən işğal edilməsinə tərəfdar olsunlar".
 
"160 min Azərbaycan balası qeyri-qanuni, ölkə konstitusiyasına zidd olaraq Azərbaycanda rus təhsili almağa məcbur edilir"
 
Sərdar Cəlaloğlu iddia edir ki, artıq həmin tərəfdarlar Təhsil Nazirliyi tərəfindən hazırlanmaqdadır: "Belə ki, 160 min Azərbaycan balası qeyri-qanuni, ölkə konstitusiyasına zidd olaraq Azərbaycanda rus təhsili almağa məcbur edilir. Burda vətəndaşlarımızın anlamadığı bir məqam var. Söhbət rus dilini öyrənməkdən getmir. Söhbət rus dilində təhsildən gedir. Bu, o deməkdir ki, həmin məktəblərdə təhsil alan uşaqlar rus tarixini, coğrafiyasını, rusların dünya siyasətini və düşüncə tərzini öyrənirlər. Bununla da onlar Rusiyanın maraqlarına xidmət edən ideoloji təbliğat altında olurlar. Yəni faktiki olaraq, bu, 15-20 ildən sonra Azərbaycanda 160 min rusbaşlı insanın olması, Rusiyanın maraqlarının müdafiəçisi deməkdir. Çünki kim hansı mədəniyyətin daşıyıcısıdırsa, həmin dövlətin də siyasətinə xidmət edəcək. Diqqət yetirsəniz görərsiniz ki, əsrin əvvəllərində Avropa təhsili alanların böyük əksəriyyəti müstəqillik tərəfdarı, Rusiyada təhsil alanlar isə bir nəfər kimi hamısı Kremlin tərəfdarı oldu. Bu gün də bu və başqa şəkildə Rusiya ilə əlaqəsi olan insanlar Moskvanın maraqlarından çıxış edirlər".
 
"Rüfət Quliyevdən soruşmaq lazımdır ki, həmin aeroport niyə məhz Rusiyaya icarəyə verilməlidir?"

 
Hazırda Rusiya qoşunlarının yenidən Azərbaycana gətirilməsi üçün bəhanənin lazım olduğunu deyən prezidentliyə keçmiş namizədin fikrincə, belə bir bəhanənin formalaşdırılması, yəni əsrin əvvəllərindəki kimi "Talış-Muğan Respublikası" ideyasına oxşar separatçı hərəkata yenidən təkan vermək üçün Azərbaycanın cənub zonası ölkəmizdəki rusbaşlıların - Kremlin maraqlarını müdafiə edən deputatların, nazirlərin, iqtidarın ruspərəst qanadının diqqətini cəlb edib: "Mənə maraqlıdır, deputat Rüfət Quliyev nə üçün Allahşükür Paşazadəyə pullarını xaricə yox, öz doğma talış diyarına qoyması ilə bağlı müraciət etmir? Bu yolla həm Lənkəran aeroportunu, həm də bütün bölgəni inkişaf etdirmək, yeni iş yerləri açmaq mümkündür. Rüfət Quliyevdən soruşmaq lazımdır ki, həmin aeroport niyə məhz Rusiyaya icarəyə verilməlidir? Niyə açıq tender elan edilməsini təklif etməyib? Bəlkə hansısa amerikalı, fransız və ya türk tenderi udacaq. Hesab edirəm ki, Lənkəran aeroportunun birmənalı şəkildə Rusiyaya icarəyə verilməsi ilə bağlı təklif rus qoşunlarının cənub zonasına gətirilməsi deməkdir. Bunu siyasi olaraq məhz bu cür tərcümə etmək lazımdır".
 
(Ardı var)
 
Hurriyyet.org