"Rus NATO-su" var, "Ərəb NATO-su" yaradılır, "Türk NATO-su" nədən olmasın?

Baxış sayı:
6283

Ramil Məmmədli: "Hazırkı məqamda türk dövlətləri daha çox mövcud real vəziyyətə uyğun olaraq öz hərbi, siyasi və iqtisadi maraqlarını nəzərə alaraq manevr edirlər"

"Əgər türk dövlətlərinin vahid hərbi birləşməsinin yaradılması ilə bağlı bir işə başlanılsa, o zaman Türkiyə gərək NATO-nun üzvlüyündən çıxsın"

Sərdar Cəlaloğlu: "Bu gün türk dövlətləri müstəqil olarsa, onların hamısının maraqları tələb edir ki, həm Türk Birliyi, həm də "Türk NATO-su" yaransın"

Artıq heç kimə sirr deyil ki, ABŞ-ın təsir dairəsində olan Səudiyyə Ərəbistanı regionda mövqeyini gücləndirmək, özünün və rəsmi Vaşinqtonun maraqlarını təmin etmək, o cümlədən İrana qarşı duruş gətirə bilmək məqsədiylə hərbi qürdətini artıqmağa çalışır. Buna görə də Ər-Riyad nəyin bahasına olursa-olsun "Ərəb NATO-su"nu formalaçdırmağa can atır. Bununla bağlı verilən ən son məlumatlarda deyilir ki, Ağ Ev Ər-Riyadın təklifini müsbət qarşılaya bilər.

Belə ki, bəzi ərəb ölkələrinin Yaxın Şərqin xarici aqressiyadan qorunması üçün ABŞ-la yeni təhlükəsizlik müqaviləsi barədə danışıqlar apardığını qeyd edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr bu istiqamətdə işin aparıldığını və bütün tərəflərin müqaviləni imzalamaq istədiyini bildirib. "Ərəb NATO-su" üçün ABŞ-la razılaşırıq" deyən nazirin sözlərinə görə, yeni yaradılması nəzərdə tutulan alyansa Misir və İordaniyanın da qatılması müzakirə olunur.

Картинки по запросу Ramil Məmmədli

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən hərbi-siyasi icmalçı Ramil Məmmədli bildirdi ki, Suriyada, sonra isə Yəməndə başlayan hərbi əməliyyatlar Səudiyyə Ərəbistanı və onun regiondakı müttəfiqlərini bir hərbi birləşmədə güclərini birləşdirməyə sövq etdi: "Beləliklə də Səudiyyə Ərəbistanının maliyyə və siyasi dəstəyi ilə regionda bir sıra ərərb ölkələri İslam ordusu adında silahlı birləşmə yaratdı. Həmin birləşmə bu gün də Yəmən ərazisində Husilərə qarşı hərbi əməliyyatlarda iştirak edir. Yəni Səudiyyə Ərəbistanı və Yəmən təkcə öz ordusundan deyil, digər ərəb ölkələrinin də ordularından orda öz məqsədləri üçün istifadə edir. Onu da belə əsaslandırırlar ki, Husilər qanunsuz olaraq ölkə rəhbərliyini ələ keçirib və buna görə də cəzalandırılmalıdırlar. Əslində isə bombardmanların nəticəsində ərazidə mülki şəxslərin həlak olması faktı daha çoxdur, nəinki hərbçilərin". Səudiyyə Ərəbistanı rəhbərliyinin ""Ərəb NATO-su" üçün ABŞ-la razılaşırıq", deyə fikir söyləməsinə gəlincə, hərbi-siyasi icmalçının sözlərinə görə, əslində belə bir qurumun yaradılması prosesi daha əvvəllər nəzərdə tutulmuşdu: "Lakin bu hərbi birləşmənin perspektivi o qədər də real görünmür. Bu sadəcə olaraq ABŞ xüsusi xidmət orqanlarının lazım gəldikdə regionda öz məqsədləri naminə istifadə etmək üçün Səudiyyə Ərəbistanının dəstəyi ilə yaratdığı hərbi birləşmədir. Yəni beynəlxalq statusu olan və hər hansı bir ciddi proseslərə təsir edə biləcək hərbi ittifaqın ola biləcəyi inandırıcı deyil. Çünki ABŞ və regionda marağı olan digər iri dövlətlər heç bir halda imkan verməzlər ki, ərəb ölkələrini birləşdirən vahid hərbi birləşmə mövcud olsun və güclənsin. Odur ki, bu, real görünmür. Lakin bununla yanaşı, bir məqamı da qeyd etməliyəm ki, Səudiyyə Ərəbistanının regionda apardığı siyasi proseslərinin hamısı İran və onun müttəfiqlərinə, dolayısıyla Rusiya və Çinə qarşı yönəlib. Bu gün isə eegionda vəziyyət həddən artıq gərgin olduğu üçün Səudiyyə Ərəbistanı hərbi imkanları da səfərbər etmək niyyətindədir. Təbii ki, ABŞ da öz maraqları naminə buna razılıq verib".

"Sizcə, "Rus NATO-su" kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mövcudluğunu nəzərə aldıqda, o cümlədən "Ərəb NATO-su"nun yaradılması istiqamətində atılan addımlardan sonra "Türk NATO-su" nədən formalaşdırılmasın? Ümumiyyətlə, hazırda bunun üçün zəmin varmı?" sualını cavablandıran Ramil Məmmədli hesab edir ki, mövcud şəraitdə "Türk NATO-su"nun yaradılması mümkün deyil: "Bildiyiniz kimi, bu gün dünyada türk respublikalarının öndə gedəni, flaqmanı faktiki olaraq Türkiyədir. Türkiyə isə 1950-ci illərdən başlayaraq NATO üzvüdür və hələki bu alyansdan çıxması nəzərdə tutulmur. Düzdür, müəyyən soyuq münasibətlər formalaşsa da, Türkiyə siyasi rəhbərliyində hələlik NATO-dan çıxmaqla bağlı bir fikir yoxdur. Qeyd edim ki, NATO-ya daxilolma prosesində müəyyən öhdəliklər var. Bu öhdəliklərin əsasında alyansa daxil olan ölkənin hər hansı bir hərbi bloka üzv olmaması dayanır. Yəni Türkiyə NATO-ya daxil olarkən bu öhdəliyə imza atıb. Odur ki, əgər türk dövlətlərinin vahid hərbi birləşməsinin yaradılması ilə bağlı bir işə başlanılsa, o zaman Türkiyə gərək NATO-nun üzvlüyündən çıxsın". Digər tərəfdən, türk dövlətlərindən Qazaxıstan və Qırğızıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu xatırladan ekspertin fikrincə, bu amil də "Türk NATO-su"nun formalaşdırılmasını qeyri-mümkün edən səbəblər sırasındadır: "Türkmənistan isə İsveçrə kimi neytral ölkə statusundadır və bu səbəbdən də hər hansı siyasi, o cümlədən hərbi birləşməyə daxil olmaq niyyətində deyil. Azərbaycanın isə Müstəqil Dövlətlər Birliyi (MDB-red.) çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrlə ikitərəfli əməkdaşlığı mövcuddur. Eyni zamanda, NATO-nun "Şərq tərəfdaşlığı" proqramına qoşulub və NATO çərçivəsində beynəlxaql sülhməramlı missiyalarda iştirak edir. Yəni görünən odur ki, hazırkı məqamda türk dövlətləri daha çox mövcud real vəziyyətə uyğun olaraq öz hərbi, siyasi və iqtisadi maraqlarını nəzərə alaraq manevr edirlər və hər hansı başqa addım atmaq niyyətində deyillər. Odur ki, indiki şəraitdə türk dövlətlərinin inteqrasiyası yalnız siyasi müstəvidə mövcud ola bilər. Hələlik proses bu formada davam edir".

“Azərbaycanda qeyri-siyasi müxalifət ortaya çıxa bilər” - SƏRDAR CƏLALOĞLU

Nəzərinizə çatdıraq ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu isə "Hürriyyət"ə verdiyi müsahibələrinin birində məhz bu mövzuya dair sualı cavablandırarkən, həm Türk Birliyinin, həm də "Türk NATO-su"nun yaranmasının türk dövlətlərinin hər birinin maraqlarına cavab verdiyini qeyd edib: "Bu gün türk dövlətləri müstəqil olarsa, onların hamısının maraqları tələb edir ki, həm Türk Birliyi, həm də "Türk NATO-su" yaransın. Hətta "Türk-İslam NATO-su" da yaradıla və digər İslam dövlətləri də bura qoşula bilər. Lakin uzun illərdir ki, müsəlman dünyasının böyük əksəriyyəti xritian imperialistlərinin əlində oyuncağa çevrilib. Belə ki, Afrika müsəlmanları Fransa, ABŞ və İngiltərənin, Yaxın Şərq ölkələri ABŞ-ın təsir dairəsindədir. Bu səbəbdən də imperiyaların maraqları toqquşduğu kimi, onlara tabe olan müsəlman dövlətlərinin də maraqları bir-birinə ziddir. Məsələn, bu gün Səudiyyə Ərəbistanı Türkiyə ilə düşmən kimidir. Çünki Türkiyənin İsrail və ABŞ-la münasibətləri soyuq olduğu üçün Səudiyyə Ərəbistanı da düşmən mövqeyində dayanır. Lakin ABŞ-la Türkiyə münasibətləri yaxınlaşan kimi Səudiyyə Ərəbistanı da dərhal Türkiyənin yanında durur. Ona görə ki, Səudiyyə Ərəbistanı və Misir ABŞ-ın əlində oyuncaqdır. Misir hətta Fələstin məsələsində belə, Türkiyə qədər təəssübkeşlik nümayiş etdirə bilmir". Eləcə də Rusiyanın nəzarəti altında olan türk dövlətlərinin də İslam dünyasının problemlərinə ciddi şəkildə müdaxilə etmədiklərini vurğulayan ADP sədri hesab edir ki, hətta bəzi hallarda Rusiyanın təkidiylə Qarabağ məsələsində Ermənistanın mövqeyini dəstəkləyirlər: "Bu baxımdan, müsəlman dövlətləri imperialist güclərin nəzarətindən çıxmayınca onlar öz maraqlarına uyğun addım ata bilməzlər".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org