“Rus diplomatların azı 30 faizi casusdur” – XÜSUSİ XİDMƏT ORQANLARINDAN AÇIQLAMA

Rusiya casusları Çexiyada rahat nəfəs alırlar?

Rusiya kəşfiyyatının fəallığını artırması Çexiyada narahatlıq doğurur. Çexiya Təhlükəsizlik və İnformasiya Xidmətinin (BIS) hesabatından bu nəticəyə gəlmək olar. "Rusiyanın Çexiya Respublikasının daxili işlərinə təsir mexanizmləri" adıyla "European Values" araşdırma mərkəzinin hazırladığı təhlil də həmin qənaətə əsas verir.

“Rusiya diplomatlarının, azı, 30 faizi casusdur”

Praqada nəşr olunan "Respekt" həftəliyinin şərhçisi, "Putin-in agentləri" adlı yeni kitabın müəllifi Ondrej Kundra bu təhlilin müəlliflərindən biridir.
"Amerikanın səsi"nin rus xidməti ondan rus kəşfiyyatının Çexiya Respublikasının maraqlarına nə dərəcədə böyük ziyan vurduğunu soruşub. Ondrej Kundra sualı belə cavablandırıb: "Praqadakı Rusiya səfirliyinə baxın – necə də nəhəngdir. Burada 130 əməkdaş çalışır. Bura İş yerlərinin sayı baxımından Avropa Birliyində ən böyük Rusiya səfirliklərindən biridir... Çexiya xüsusi xidmətlərinin məlumatına görə, Rusiya diplomatlarının, azı, 30 faizi casusdur. Üstəlik, mən bu halda gizli çalışan qanunsuz agentlərdən danışmıram. Onların işi Çexiya Respublikasına qarşı yönəlib, ancaq Praqadan həm də bütün Mərkəzi Avropadakı fəaliyyətlərindən ötrü... toplaşma və paylama məntəqəsi kimi yararlanırlar".

“Xaos toxumu səpməyə çalışırlar”

Daha sonra Ondrej Kundra sözünü belə tamamlayır: "Onlar Çexiyada iqtisadi casusluqla məşğuldurlar. Məsələn, nəhəng "Temelin" atom elektrik stansiyası və AB-nin Praqa mərkəzli kosmik proqramı ilə maraqlanırlar. Əsasən qanunla - ictimai təşkilatlar və siyasətçilər vasitəsilə təsir göstərməyə, ölkəni bölməyə, xaos toxumu səpməyə çalışırlar. Axı belə şəraitdə Kremlin onların qarşısına qoyduğu məqsədlərə çatmaq, tutalım, AB-nin Rusiyaya sanksiyalarına son qoymaq daha asandır. Ən önəmli rus casuslarından olan Robert Raharjo siyasətçi və hərbiçilərimizdən kompromat toplayıb".
Həbsxana psixoloqu çalışan Robert Raharjo (soyadını əslən indoneziyalı atasından götürüb) ona gərəkli gizli məlumatları öz əlaqələri vasitəsilə toplayıb. Rusiya kəşfiyyatının onu 2003-cü ildə əməkdaşlığa cəlb etdiyi güman olunur. 2010-cu ildə isə o, ifşa olunaraq Rusiyaya qaçıb.

“Kitab Çexiyada geniş əks-səda doğurub”

"Gospodarski Novini" qəzetinin müxbiri Ondrej Soukup "Amerikanın səsi"nə deyib ki, "Putin-in agentləri" kitabı Çexiyada geniş əks-səda doğurub:
"Yadımdadır, 10 il əvvəl bir hərbi attaşe vardı. O, pirotexnika rotası komandirini əməkdaşlığa qoşmağa çalışıb. Ancaq işin gedişində çox içib və komandirin imtinasından o qədər dilxor olub ki, restoranın işçiləri ilə dalaşıb. Nəticədə, ictimaiyyət bu epizoddan xəbər tutub".
Soukup-un sözlərinə görə, daha bir neçə rus diplomatı da "persona non grata" - "arzuolunmaz şəxs" elan edilərək Moskvaya geri çağırılıb: "Ancaq onların nə etdiyi... ictimaiyyətə məlum deyil".
Ondrej Soukup-un fikrincə, Rusiya agentləri Çexiyada özlərini yetərincə rahat hiss edirlər. Çexiya jurnalisti əks-kəşfiyyat əməkdaşları ilə söhbətini buna misal çəkir:"Mən onlardan niyə Raharjo-nu qaçmağa qoyduqlarını soruşanda, dedilər ki, eyni zamanda yalnız üç şübhəlini izləyə bilirlər. Rusiya diplomatları və ailə üzvlərinin sayca, az qala, 200 nəfər olduğunu nəzərə alsaq, aydındır ki, çex kəşfiyyatı rus casuslarına ciddi təhlükə törətmir".

“Bu amil özünü göstərir”

Çexiyanın "Pravo" qəzetinin şərhçisi Aleksandr Mitrofanov "Amerikanın səsi"nin rus xidmətinə danışarkən, çex cəmiyyətində ciddi bölünmə olduğunu deyir. Onun sözlərinə görə, "Putin-in agentləri" kitabına münasibətdə də bu amil özünü göstərir. Mitrofanov vurğulayır ki, ölkədə və xaricdə baş verənlərlə, o cümlədən Rusiyanın çex cəmiyyətinə təsiri ilə maraqlananlar sayca azdır. Çoxluq ya laqeyddir, ya da açıq-aşkar demokratiya və liberal dəyərlərə qarşıdır:
"Onlara Rusiya təhlükəsindən söz açmaq buğaya qırmızı parça göstərməyə bənzəyir. Onlar... ölkənin xarici siyasətində baş verənləri anlamağa qadir olan hər kəsə qarşıdırlar. Belələri hakim elitanın Rusiya rəhbərliyinin xarici siyasətinə sədaqət göstərən kəsimini də fəal müdafiə edirlər".
Mitrofanov deyir ki, Çexiyada sosializm və SSRİ ilə yaxın münasibətlərdən ötrü darıxanlar, eləcə də Avropa həmrəyliyi ideyalarını qəbul etməyən millətçilər Putin tərəfdarlarıdır.