Ruhun azadlığı

Əllərini basıb gözünü çıxartmaq istədi. Basdı və bir anlığa dayandı. Ürəyi gəlmədi, sanki gözünü yox, ürəyini çıxardırdı. Özünə çox şey etmişdi. Başına qapaz vurmuşdu, üzünü, ayaqlarını cırmaqlamışdı, saçını yolmuşdu, əllərini yandırmışdı, özünü yerə çırpmışdı, hətta biləyini kəsmişdi, dəm qazında özünü boğmaq, sirkə içmək, eyvandan özünü atmaq... eh nələr-nələr...

Əlləri hələ də gözünün üstündə idi. Mütləq kor olmalıydı. Bu dünyanın həqiqətlərini, cəmiyyətin eybəcərliklərini görməmək üçün ən yaxşı variant bu idi. Görməmək... Həmişəlik əzab çəkmək bu dünya üçün yeganə şansı idi.

Xatırladı ki, anası ona "sən gözümün qarasısan", o özü isə qızına "sən görən gözümsən" deyirdi. Demək, o, həm kiməsə göz idi, həm də kimsə ona göz idi. O zaman bu gözlərə ehtiyac yox. “Basıb çıxarılmalıdır” deyə cəllada əmr etdi. Cəllad silahını əlinə aldı, bir damcı da gözündən yaş axmadan gözlərini basıb çıxartmaq istədi. Qəfildən pis oldu, əlləri uzundə donuq vəziyyətdə gözləri yaşardı, bir cüt yaş axdı. Çunki ağır eşidirdi. Bu bədənə bu qədər insafsızlıq etmək istəmədi. Nəinki arxasınca, üzünə danışanları eşidə bilmirdi. Bütün günahlar gözün üstünə yığılmışdı.

Göz matdım-matdım baxırdı... Kar, kor, lal olmaq istədi, amma onda əlləri şerlər yazacaqdı, rəsmlər çəkəcəkdi. Amma yıxılmamaq üçün axsayan ayaqlarının dadına əlləri çatırdı.

Havalandı. Bütün bədən uzvləri ona qarşı çıxırdı. Anarxiya hiss olunurdu. Hakimyyət Canın əlində idi. Hakimiyyətin hökmranlığına son qoymaq, gözlərə azadlıq vermək ruhun azadlığı idi.

Hardasan itkin düşmüş ruhumun azadlığı?!

Elmira KƏNAN