Ruhulla Axundzadənin və oğlunun aclıq etdiyi bildirilir

Baxış sayı:
5155

“İslam Partiyası Astara rayon təşkilatının sədri Ruhulla Axundzadə saxlandığı 15 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başlayıb. Axundzadə ona qarşı olan qeyri-insani münasibətə, "kars"a (cərimə təcridxanası) salınmasına etiraz əlaməti olaraq bu addımı atıb.”
 
Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Oqtay Gülalıyev facebook səhifəsində məlumat yayıb.
Hüquq müdafiəçisinin yazdığına görə, atasına dəstək olaraq Ruhulla Axundzadənin həbsdə olan oğlu Məhəmmədəli Axundzadə də martın 19-dan aclıq aksiyasına başlayacağını bildirib.
Ruhulla Axundzadə 8 ildir həbsdədir. 2013- cü ildə ürəyindən əməliyyat olunub.
“Axundzadənin səhhətində ciddi problemlər var. Hər gün dərmanlar qəbul edir. Onun "kars"da saxlanması və aclıq aksiyası keçirməsi həyatı üçün təhlükəlidir. Cəzasının çoxunu çəkib, özünün və oğlunun azadlığa çıxacağı gözlənildiyi halda Ruhulla Axundzadəyə qeyri-insani münasibət göstərib (onun saqqalının qırxılması tələb olunub) `karsa`a salınması şübhəli və müəmmalıdır,” hüquq müdafiəçisi qeyd edib.
Öz növbəsində, Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib ki, nə Ruhulla Axundzadə və Məhəmmədəli Axundzadə aclıq edəcəkləri ilə bağlı rəsmi müraciət etməyib.
“Bütün məhbuslar qanunvericliyə uyğun olaraq daxili intizam qaydaları əsasında saxlanılır. Məhbuslar hansısa münasibətdən narazıdırsa Penitensiar Xidmətə şikayət etsinlər araşdırılsın,” Sadıqov qeyd edib.
Islam Partiyasının Astara rayon (Bakıdan 330 kilometr cənubda, İranla sərhəd rayonu) şöbəsinin sədri Ruhulla Axundzadə 2011-ci ilin yanvarında həbs edilib.
Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə,
qanunsuz fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının üzvləri barəsində başlanmış cinayət işi üzrə istintaqın gedişində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat yolu ilə əldə etdiyi məlumat əsasında 2011-ci il yanvarın 21-də keçirilən əməliyyat-axtarış nəticəsində Ruhulla Axundzadənin yaşadığı evin həyətindəki saxlanc yerindən 4 avtomat, 1 tapança, 3 ədəd patron sandıqcası, 9 əl qumbarası, 10 ədəd “UZRQM” tipli alışdırıcı, 2 trotil şaşkası, 491 patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb.
Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhulla Axundzadə 11 il yarım azadlıqdan məhrum edilib.
Məhəmmədəli Axundzadə isə 2016-ci ilin aprelində narkotik ittihamı ilə həbs olunub və 5 il azadlıqdan məhrum edilib. Onun həbsi 2015-ci ilin oktyabrında hüquq mühafizə orqanlarının Bakının Nardaran kəndində keçirdiyi xüsusi əməliyyatdan sonra həbs edilən şəxlərlə bağlı videolar yaydıqdan sonraya təsadüf edir.