Ruhi xəstənin şikayəti ilə həbs olundular

Cəlilabad sakini Cəmilə Kərimova oğlunun günahsız yerə həbsə atıldığını deyir
 
Cəlilabad rayon Göytəpə şəhər sakini 59 yaşlı Kərimova Cəmilə Abdul qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Müəllif oğlunun günahsız yerə həbs olunduğunu yazır. Məktubu olduğu kimi dərc edirik:
“İki il bundan öncə 8 iyul 2014 -cü ildə Cəlilabad Rayon Polis Şöbəsinin və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayonunda "kiminsə" şikayəti nəticəsində bir-neçə şəxs "cinayətkar dəstə" adı ilə tutulmuşdu. Heç kim bu şikayətçinin kimliyini araşdırmamış və əməlyyatın keçirilməsinə göstəriş vermişdi.
Bu gün həmin iş üzrə təqsirləndirilən şəxslər Kərimov Bəhrəm Hüseynbala oğlu, Qurbanov Cavid Cahangir oğlu , Mahmudov Şahin Sabiralı oğlu,İsayev Sübhan Əliyusif oğlu və Rzayev Zamiq Mirxan oğlu Azərbaycan Respublikasının CM-in 145.2.4, 178.2.1, 178.2.4, 29, 178.2.1, 29,178.2.2, maddələri ilə cinayət işi açılaraq həbsdə saxlanılır.
İki ildir məhkəməsi yekunlaşdırıla bilinməyən bu gənclər hələ də Kürdaxanıda həbsdə saxlanılırlar. Bu gənclərdən Krimov Bəhrəm Hüseynbala oğlu mənim övladımdır, ali təhsillidir. Ondan şikayət edən şəxs Həsənov Xəyal Oktay oğlu isə ağıl zəifliyi diaqnozlu xəstədir. Bu barədə Cəlilabad rayon məhkəməsinə dəlil olan sənədlər təqdim etsəm də övladım hələdə  həbsdədir. Hətta Həsənov Xəyal Oktay oğlu günahsız insanları tutdurduğunu etiraf edib, vicdan əzabı çəkdiyini deyərək məhkəmə hakiminə məktub ünvanlasa da övladım hələ də həbsdədir.
Zərərçəkmiş Həsənov Xəyal Oktay oğlu  məhkəməyə müraciətində bildirirdi ki, "iş üzrə təqsirləndirilən şəxs Sübhan İsayevin idarə etdiyi "VAZ-2105" markalı, 90-MF-517 dövlət nışanlı avtomobilini almaq üçün ona 3500 manat pul vermişdim. Sonradan sövdələşməmiz baş tutmadığından, mən Sübhandan verdiyim pulumu istədim. Sübhan pulumu verməyi gecikdirdiyindən onunla aramızda  mübahisə oldu. Mən də Sübhanın bu əməlindən əsəbləşərək , Sübhan və dostları digər təqsirləndirilən şəxslərdən qisas almaq niyyəti ilə Cəlilabad rayon Polis idarəsinə guya onların məni oğurlayaraq, incitdikləri barədə şikayət verdim."
Zərərçəkmiş şəxs bunu açıq şəkildə məhkəmədə deməsinə baxmayaraq hakim buna məhəl qoymamış və iki ildir oğlumu və dostlarını həbsdə saxlayırlar.
Sizdən xahiş edirəm ki, haqqı bərqarar etməkdə bizə kömək edəsiniz”.
 



Püranə Piripudini
Muxalifet.az