Ruhdan düşmə

(Müdriklik fraqmentləri silsiləsindən)

Ən acı məğlubiyyət və hətta xəstəlikdən də qurtarmaq olar. Əgər inam, inad və qətiyyət varsa. Çünki orqanizm beynin hökmü və idarəsi ilə yaşayır. Beynin hər cür hökmü orqanizm tərəfindən tədricən yerinə yetirilir.

Təsəvvür edin ki, adi və məzlum kəpənək saysız düşmənlərindən qorunmaq üçün qanadlarında «çerep», insan kəlləsinin sxemini rəsm edir. Bəs bunu necə edir? Ancaq və ancaq beynin, idrakın sifarişi ilə. Qanaqların toxumalarına özünümüdafiə üçün haçansa sifariş gəlib və onlar qanadlar üzərində quşlar üçün qorxulu xəbərdarlıq olan şəkilləri çəkmişlər.

Yalnız vaxtında düzgün qərara gəlmək, müdafiə və bərpa tədbirləri görmək lazımdır.

Bəli, uçulmuş nəhəng binanı təkbaşına qaldırıb ucaltmalı olacağını düşünəndə missiya yerinəyetirilməz görülür. Lakin başını aşağı salıb həvəs və qətiyyətlə kərpici-kərpic üstə qoyub, gecə-gündüz işləyəndə bir də başını qaldırıb baxsan, binanın artıq nə qədər ucaldığını görəcəksən.

Keçmiş məğlubiyyətin səbəb və nəticələrindən dərs olmaq, bunu heç vaxt heç vəchlə unutmamaq, işindən ləzzət almaq və rəqiblərin, bədxahların və düşmənlərin sənin yenidən dikəlib əvvəlki və ondan daha artıq səviyyədə qalxdığını görəndə onların üzündəki çaşqınlığı, heyrəti və pərtliyi görmək istəyi qoy sənin üçün stimul olsun.

Bəzən tale, hətta rok insana qarşı olur, onun hər cür təşəbbüsünü boşa çıxarır. Belə olduqda bəs neyləməli? Mübarizə və yenə mübarizə! Tarix taleyin hökmünü dəyişməyə qadir olan nümunələrlə doludur. Dünyada çıxılmaz vəziyyət yoxdur. Yalnız ağıl və iradənin vəhdəti ilə hər cür labirintdən çıxmaq olar, özü də şərəfini itirmədən. Bu isə alnına böyüklük həkk olunmuş tək-tək nüsxələrə qismət olur.

Nobel mükafatı laureatı rus yazıçısı və mütəfəkkiri Soljenistsnı misal göstərmək kifayətdir. Onun təxminən 40 yaşlarında siyasi sürgündə çəkilən fotoşəklini kim görməyib? İnsan daha bundan da ağır, bundan da ümidsiz, bundan da çıxılmaz və bundan da acınacaqlı gündə ola bilərmi? Amma o, dözdü, 40-45 yaşlarında sürgündən azad oldu və eyni inadla mənfur sovet rejimini ifşa edən güclü əsərlər yazdı və son nəticədə rejimi dağıdanlardan biri oldu.

Əlisa Nicat