​Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi - TEHRANDA GÖRÜŞ

Baxış sayı: 166

Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
APA-nın məlumatına görə, H.Ruhani görüşdə bildirib ki, İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var, Tehran və Yerevan müştərək bağlara söykənərək hər iki ölkənin xalqı və region ölkələrinin xalqları üçün müsbət və önəmli addımlar ata bilər.
İran prezidenti deyib ki, iki ölkə arasında iqtisadi, mədəni, enerji, nəqliyyat, turizm və transit sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur: “Bu sahələrdə əməkdaşlığın inkişafı hər iki ölkənin xalqının xeyrinədir”.
Terrorizm təhlükəsindən danışan H.Ruhani terroristlərin İraqda və Suriyada məğlubiyyətə uğradıqdan sonra regionun digər bölgələrinə yayılmaq ehtimalının olduğunu qeyd edib: “Ona görə hamı, o cümlədən Qafqaz və Orta Asiya ölkələri bu təhlükə qarşısında ayıq və ehtiyatlı olmalıdır. Bu, regionun sabitliyinə təhlükə yarada bilər. Terrorizmlə mübarizədə ölkələr arasında yaxınlaşma və əməkdaşlıq zəruridir”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan İran prezidenti münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiklərini vurğulayıb: “Ümid edirik iki qonşu ölkə Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinin şahidi olacağıq. Düşünürük ki, hər iki tərəf məsələnin həlli üçün ciddi iradə sahibidir və müzakirələrin müsbət nəticələnəcəyi üçün də əlverişli çıxış yolu tapacaqlar”.
Ermənistan-İran əlaqələrinin son illər ərzində inkişaf etdiyini söyləyən S. Sarkisyan isə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsində inkişaf etmədiyini, İranla iqtisadi, enerji, ticarət, nəqliyyat və digər sahələrdə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib. S. Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.