​Rüfət Səfərovun məhkəməsi başlayır

Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işinin ibtidai istintaqı başa çatıb.
Bu barədə R.Səfərovun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaqı yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın günlərdə sözügedən cinayət işi üzrə məhkəmə prosesi baxılacaq.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq, prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.
Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub.
Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.