Rüfət Səfərovun kassasiya şikayətinə baxılacaq

Baxış sayı: 103

Azərbaycan Ali Məhkəməsi hakim Gülzar Rzayevanın sədrliyi ilə iyunun 20-də saat 11-də Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun kassasiya şikayətinə baxacaq.
 
Bu barədə Amerikanın Səsinə vəkil Bəhruz Bayramov bildirib.
“Həm Rüfət Səfərov, həm də mən məhkəmədə Rüfət Səfərovun iştirakının təmin edilməsi üçün müraciət etmişik. Biz məhkəmədən cinayət işinə xitam və Rüfət Səfərova bəraət verməsini xahiş etmişik”, Bayramov qeyd edib.
Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.
Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.
2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.
Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum və məhkəmə zalında həbs edilib.
2016-cı il dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.