Rüfət Səfərovun həbsindən öncə "Hürriyyət"ə verdiyi müsahibə...

“Dövlət səviyyəsində antiböhran  palatası yaradılmalıdır”
 
Rüfət Səfərov:  “İqtidar və müxalifət siyasi deyil, milli mövqedən çıxış edərək dəyirmi masanın arxasına əyləşməlidir”
 
“Bütöv xalqın mənən sınmış, ümidsiz durumda olduğu fikrində deyiləm”
 
Sabiq millət vəkili, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu, Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov “Hürriyyət” qəzetinə müsahibəsində ölkədəki mövcud vəziyyəti şərh edib, cəmiyyəti narahat edən bəzi məsələlərlə bağlı maraqlı mülahizələr səsləndirib:
 
-Rüfət bəy, bu gün vətəndaşların bir çoxu dolanışıq üçün yeganə yolu öz daxili orqanlarını satmaqda görür. Artıq sosial mediada, mətbuatda bununla bağlı açıqlamalar, elanlar verilməkdədir. Sizcə, niyə insanlar öz daxili  orqanlarını satsalar da onları bu nöqtəyə gətirib çıxardan siyasi hakimiyyətə qarşı etiraz etmir, bu etirazı açıq şəkildə meydan və küçələrə daşımırlar?
 
- Bu kimi məlumatlarla tanış oldum və son dərəcə sarsıldım. Təsəvvür edin, 8.000 kredit borcu olan bir gəncimiz böyrəyinin birini 15.000-ə   satlığa qoyur. Təkcə bu fakt vəziyyətin xoşagəlməz olduğuna dəlalət edir, baxmayaraq ki, buna bənzər hallar saysız-hesabsızdır. Eyni zamanda, insanların beyin radiusunda bərqərar olmuş hisslər toplusundakı qorxu duyğusunun əhəmiyyətli paya sahib olması hələ ki, digər hissələrin önə çıxmasına imkan vermir. Alman filosofu Yohann Qotlib Fixteyə görə, “qorxaqlıq başqaları ilə münasibətdə öz azadlıq və müstəqilliyimizi təsdiq etməyə mane olan ətalətdir.” Bax, hazırda o ətalətə sahibik, amma bu, o demək deyildir ki, statik durum dinamika ilə əvəz olunmayacaqdır...
 
-Necə hesab edirsiniz, bir qarın çörək üçün intihar edən, oğurluğa əl atan, daxili orqanını satmaq məcburiyyəti qarşısında qalan, mənəvi-psixoloji baxımdan sındırılan insanlarla Qarabağı azad etmək, qalibiyyətli müharibə aparmaq mümkündürmü?
 
-Olduqca düşündürücü sualdır. Təəssüf ki, yaşadığımız cəmiyyətdə sadaladıqlarınız fakt halındadır. Heç də o fikirdə deyiləm ki, bütöv xalq  mənən sınmış, ümidsiz durumdadır. Bir də ki, bütün tarixi mərhələlərdə bütöv xalqın taleyini təyin edən 10-15 faiz arasında dəyişən passionar qüvvələr olmuşdur.  Doğrudur, Azərbaycanda  bu göstərici təxminən 5 faizə düşmüşdür ki, bu da səbəbsiz deyildir, ciddi subyektiv motivləri vardır.  Azad media, vətəndaş cəmiyyəti insitutları, milli burjuaziya, siyasi təşkilatların fəaliyyəti, insanların sərbəst toplaşaraq fikirlərini ifadə etmə imkanları,  hürr şəkildə ozünü ifadetmə, demək olar ki, sıradan çıxarılmışdır. Necə ki, iqtisadiyyatda sonsuz inkişaf və ya  tənəzzül yoxdur, sosium da elədir. Zaman-zaman qalxmalar-enmələr olur.  İnanmaq yox, əminəm ki, bir gün enmə qalxma ilə əvəzlənəcək, Qarabağ  düşmən tapdağından azad olacaqdır!
 
-Sizcə, ölkədəki böhranın mövcud siyasi idarəetmə sistemi ilə əlaqəsi varmı? Yoxsa hakimiyyət yetkililərinin də dediyi kim, bu, ümumdünya prosesinin tərkib hissəsidir və siyasi idarəetmə ilə heç bir əlaqəsi yoxdur?
 
-Doğrudur, ixtisasım iqtisadi proseslərə qənəatbəxş həddə qiymət verməyə imkan vermir. Lakin müşahidələrim nəticəsində müəyyən təsəvvürlər formalaşmışdır. Bəli, bu gün dünya miqyasında davam edən iqtisadi krizisə şahidlik edirik. Bu, iqtisadiyyatının, büdcəsinin önəmli hissəsi neftdən daxil olan gəlirlər hesabına formalaşan dövlətlərdə özünü daha qabarıq formada biruzə verir ki, Azərbaycan da həmin sıradadır. Ölkədəki yaranan sosial-iqtisadi, maliyyə krizisi əvvəlcədən düzgün təyin edilmiş iqtisadi siyasət nəticəsində ertələnə bilərdi. Zamanla təsdiqləndi ki, karbohidrogen resurslardan əldə etdiyimiz mənfəəti doğru-dürüst idarə edə bilmədik. Enerji resurslarından daxil olan gəlirlərin müəyyən qismi qeyri-neft sektoruna yatırılsa da korrupsiya, rüşvətxorluq, məqsədyönlü siyasətin olmaması, nəhayət məmur özbaşınalığının mövcudluğu, təəssüf  ki,  iqtisadiyyatın şaxələnməsinə imkan vermədi. Biz qazəvü-qədərə üstünlük verdik. Ümid etdik ki, neftin qiyməti nəinki rekord həddə ucuşlaşacaq, əksinə gedərək “ceyran belinə” qalxacaq.  Müəyyən  oldu ki, Azərbaycan istisadiyyatı tamamilə neftdən asılı vəziyyətdədir, baxmayaraq ki, rəsmilər zaman-zaman ağız dolusu istisadiyyatın diverfikisaiyasından danışır, qeyri –neft sektorunun  “əzəmət”i  barədə nəql edirdilər.  Ötən il 100 faizlik devalvasiya ilə fərqlənsə  belə, iqtisadi inkişafdan, qarşıya qoyulmuş iqtisadi məqsədlər çatmaqdan bəhs olunur...
 
-Sizcə, proseslərin bu məcrada inkişafı yaxın gələcəkdə ümumxalq etirazlarına səbəb ola, ciddi daxili qarşıdurmaya gətirib çıxarda blərmi?
 
- Bütün dəyişikliklər ya evalyusiya, ya da revalusiya yolu ilə baş verir. Qəti arzu etmirəm ki, ölkəmizdə daxili qarşıdurma yaransın, idarəolunmaz situasiyaya şahidlik edək. Bunun üçün nə etmək lazımdır?  Fikirlərimi ümumiləşdirərək onu söyləyə bilərəm ki, ciddi iqtisadi böhranın, gedərək insanların artan  narazılığı fonunda iqtidar və müxalifət siyasi deyil, milli mövqedən çıxış edərək dəyirmi masanın arxasına əyləşməlidirlər. Təbii ki, burada təşəbbüs hər iki tərəfdən gəlməli və bütün umu-küsülər bir bucağa qoyulmalı, ritorika və eqoizmlə vidalaşmalı, mövcud reallıqla səsləşən addımlar atılmalıdır. Əks təqdirdə, xoşagəlməz halların baş verməsini mümkün hesab edirəm. Təklif edirəm ki, dövlət səviyyəsində antiböhran  palatası yaradılsın, üzvlərin-iqtisadçı və hüquqçuların siyasi mənsubiyyətinə fərq qoyulmadan təkliflərinə baxılıb, çıxış yolları aransın. Hər iki cinahda kifayət dərəcədə hazırlıqlı və böhrandan çıxış yollarını göstərən mütəxəssislər vardır. İnanıram ki, belədə müəyyən pozitiv nəticələr hasil olar.
 
-Ozünüzə hər hansı bir təhlükə hiss edirsinizmi?
 
-Səmimi surətdə hazırda təhlükəziliyimə hər hansı təhdid fiksə etməmişəm. Amma sizə bir məsələni bildirim ki, bu sistemə yaxından bələdəm, çox yəqin ki, bu hesabı məndə qoymazlar (gülür). Bir az ara sakitləşməli, zaman ötməlidir.