​“Rüfət Səfərov üçün tibbi yardım bu gün çağırılmayıb” - Vəkil

“Rüfət Səfərovun səhhəti normaldır. Sadəcə olaraq məlumatı yayanlar, ola bilər ki, məni düz başa düşməyiblər”.
 Bu fikri musavat.com-a açıqlamasında  Səfərovun vəkili Bəhruz Bayramov bildirib. Vəkil söyləyib ki, bu gün də R. Səfərovla görüşüb:
“Onun səhhətində problem 5-ci gün olub. Yəni həbs olunduğu 15 yanvar tarixində. Rüfət Səfərov təzyiq xəstəliyindən əziyyət çəkir. İndi məlumat yayıblar ki, səhhətində problem yaranıb. Mən isə beşinci gün problemin olduğunu söyləmişəm. Onlar, ola bilər ki, doğru başa düşməyiblər. Bir daha qeyd edirəm ki, Rüfət Səfərov üçün  təcili tibbi yardım yanvarın 15-də çağırılıb. Sonra onun vəziyyəti normallaşıb, hazırda  1 saylı Bakı istintaq təcridxanasında saxlanılır. Elə indi onunla görüşdə idim.  Vəziyyəti normaldır”.
Vəkil bildirib ki, bu gün apelyasiya şikayəti veriblər:
“Artıq apelyasiya şikayəti də vermişik. Yəqin ki, üç gün ərzində şikayətimizə baxılacaq”.
Qeyd edək ki, Zərdab rayon Prokurorluğunda müstəntiq işləyən Rüfət Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.