Ukrayna prezidenti Azərbaycana səfər etməyə hazırlaşır

“Münaqişənin nizama salınma şərtləri nə Ermənistanda, nə də Azərbaycandadır. Bu şərtlər kənardadır”.

Oxu.Az-ın suallarına politoloq, Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə cavab verir.

- Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 27-də Fransa səfirinin vasitəçiliyi ilə Parisdə keçirilən görüşü tərəflərin münaqişə zamanı itkin düşənlər barədə informasiya mübadiləsinə dair razılıq əldə edilməsi ilə sonlandı. Baş tutan görüşü uğurlu hesab etmək olarmı?

- Əsirlər barədə informasiya mübadiləsi haqqında məlumat real irəliləyişlər olmadan sadəcə reklam edilir. Belə də oldu, əslində belə olacağını hamı bilirdi. Əgər Parisdə hər hansı bir irəliləyiş əldə edilsəydi bu, sensasiya olardı və bu artıq bütün dünyaya məlum idi.

- Yeri gəlmişkən xatırlayıram ki, Heydər Əliyev dövründə belə görüşlərin iştirakçıları mətbuat üçün danışıqların nəticələri barədə bəyanatlar edirdilər. Belə praktika artıq çoxdandır ki, yoxdur. Bu, nədən xəbər verir?

- Bilirsiz, mən Heydər Əliyev dövründə bütün bu hadisələrin şahidi olmuşam. Onun Levon Ter-Petrosyan ilə görüşündən sonra müştərək bəyanatın edilməsini xatırlayıram. Onun müsbət cəhəti ondan ibarət idi ki, Levon Ter-Petrosyan ciddi şəkildə sülh əldə etmək istəyirdi. Bu bəyanatdan sonra onun nizamlanmanın mərhələlərlə təsviri səslənmişdi, biz də qəbul etmişdik. Amma o hakimiyyətdən uzaqlaşdırıldı.

Digər pozitiv məfhum – Heydər Əliyev və Jak Şirakın görüşü, bu görüşdə tərəflər əsirlərin mübadiləsi haqqında razılıq əldə etmişdilər. Azərbaycan və Ermənistan əsirlərin siyahısını təqdim etmişdilər və bu mübadilə həqiqətən baş tutmuşdu.

Bütün bu münaqişənin nizama salınması üçün şərtlər mövcud deyil. Nizama salınma şərtləri nə Ermənistanda, nə də Azərbaycandadır. Bu şərtlər kənardadır.

- Harada?

- Onlar beynəlxalq şəraitdədir. İndi isə beynəlxalq şərait faktiki olaraq NATO-nun Rusiya ilə müharibəsindən ibarətdir. O, Ukraynada, iqtisadi cəbhədə ümumiyyətlə, bütün cəbhələrdə gedir. Bu müharibənin nəticələrindən münaqişələrin taleyi asılı olacaq.

- O zaman öncədən nəticəsi məhkum edilmiş görüşün Fransa prezidenti tərəfindən təşkil edilmə təşəbbüsü nə ilə motivə edilmidir?

- İş ondadır ki, son zamanlar Qərb Cənubi Qafqaz planında o qədər də ürəkaçıcı görünmür. Heç bir təşəbbüs yoxdur! Heç bir fəaliyyət yoxdur! Bu görüş isə: “Biz də varıq, biz də fəaliyyət göstəririk” demək idi. Çünki bu yaxınlarda yayda prezidentlərin Soçi görüşü baş tutmuşdu. Qərb də öz sözünü demək qərarına gəldi. Amma hələlik hansısa ölkə, hansısa detalı nizamlaya bilər, ümumi məğzi deyil.