Fazil Məmmədovun ƏMLAKLARI ƏLİNDƏN ALINMAĞA BAŞLANDI - təfərrüat

Baxış sayı:
2457

Sabiq nazirin vəzifədə olarkən yağmaladığı mal-mülkü geri alınır, ata yurdundakı 100 hektar torpağına əl qoyuldu; həbs təhlükəsi ilə üzləşən icra başçısı Alimpaşa Məmmədovu şikayətçiləri şəxsən qəbul etməyə vadar edən səbəblər...
Prezident İlham Əliyevin dekabrın 5-də verdiyi sərəncamla vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında qalmaqallı proseslər davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən göndərildiyi deyilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin birbaşa iştirakı ilə Mikayıl Cabbarovun Vergilər Nazirliyinin kollektivinə təqdimatı, vergilər sahəsində problemlərin olmasını dilə gətirməsi ortada ciddi mətləblərin olmasından xəbər verir. Həmçinin iqtidarın danışan dili sayılan deputat Siyavuş Novruz “Yeni Müsavat” qəzetinə müsahibəsində demişdi ki, kimsə tutduğu vəzifədən azad olunursa, deməli, onun işində nöqsan var.
Sabiq nazir özü də mətbuata açıqlamasında “Cənab Prezident məni sərəncam verərək işdən azad edib. Bu barədə səlahiyyətlər prezidentə aiddir və müzakirə olunmur. Mən təşəkkür edirəm. Prezident nə məsləhət bilib, odur. Səhhətimdə az problem var, yaxşıyam, narahat olmayın. Mən bütün jurnalistlərə təşəkkür, minnətdarlıq edirəm” deyib.
İddialara görə, 5 dekabr tarixində işdən çıxarılan Fazil Məmmədovun barəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həmin gün nazirlikdə olarkən olduqca sərt danışıb. R.Mehdiyevin rəhbərliyi ilə baş tutan iclasda hətta Vergilər Nazirliyinin sabiq rəhbərliyində təmsil olunan şəxslər haqda sonrakı araşdırmaların başlanmasına siqnal hesab olunan ifadələr işlədilib. Fazil Məmmədovun sahibkarlara qarşı əməllərinə olduqca sərt qiymət verilib.
 
Nazir işdən çıxarılandan sonra onun komandasının da “təmizləmələr”ə məruz qalacağı şübhəsizdir. Mənbələrimiz iddia edir ki, hazırda büdcədə kəsir olduğundan Fazil Məmmədovun komandasına dəyib-dolaşmırlar. 2018-ci ilin əvvəlində isə situasiyanın dəyişəcəyi vurğulanır.
Fazil Məmmədov işdən çıxarılandan 1 gün sonra Ali Məhkəmənin yaydığı rəsmi məlumat bu baxımdan maraq doğurur. Dekabrın 5-də axşam saatlarında artıq sabiq nazirə çevrilən Fazil Məmmədovun fəaliyyətinə dekabrın 6-da səhər Ali Məhkəmədən belə bir qiymətverici məlumatla münasibət açıqlanıb.
 
Rəsmi məlumat belə idi:
“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin Vergilər Nazirliyinin struktur qurumlarına qarşı inzibati-iqtisadi məhkəmələrdə 2016-cı ildə 869, 2017-ci ilin birinci yarısında 218, cəmi 1087 iddiaya baxılıb”. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının sədri Hikmət Mirzəyev məlumat verib. H.Mirzəyev bildirib ki, bunlardan 688 (63,3%) iş üzrə qərarlar vergi ödəyicilərinin xeyrinə verilib. 184 (16,9%) iş üzrə iddialar təmin edilməyib, 215 (19,8%) iddia isə mümkün sayılmayıb. “Təəssüflə qeyd etmək istərdim ki, bəzən mətbuat orqanlarında məhkəmələrdə baxılan işlər barədə həqiqətə uyğun olmayan və qərəzli yazılar dərc olunur. Həmin yazılardan belə bir yanlış nəticə çıxır ki, guya məhkəmələr vətəndaşların, sahibkarların və hüquqi şəxslərin inzibati orqanlara qarşı iddialarını rədd edir, onların qanuni hüquqlarını müdafiə etmirlər. Sözsüz ki, bu, belə deyil. Əvvəl qeyd etdiyim faktlar, baxılan işlərin statistikası həmin mətbu orqanların qərəzli və həqiqətə uyğun olmayan məlumatlarını təkzib edir. Göründüyü kimi, açıqlanan rəqəmlər onu göstərir ki, vergi ilə yaranmış mübahisələr əksər halda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin xeyrinə həll edilir. 1 noyabr 2017-ci il tarixinə olan məlumata əsasən, respublika üzrə 902 min 303 vergi ödəyicisi qeydiyyatdan keçib. Onlardan 399 min 774 vergi ödəyicisi aktiv fəaliyyətdədir və vaxtında vergiləri ödəyirlər. Məhkəmələrdə bu cür baxılan işlərin sayı az olduğundan (aktiv vergi ödəyicilərinə nisbətdə işlərin sayı 2016-cı il və 2017-ci ilin 6 ayı üzrə cəmi 1087, yəni 0,3 faiz təşkil edir) vergi münasibətlərinə heç bir təsir göstərə bilməz. Vergi ödəyicilərinin ümumi sayını nəzərə alaraq bu cür mübahisələrin az olması onu göstərir ki, əksər hallarda vətəndaşlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər vergi öhdəliklərini yerinə yetirirlər”, - deyə H. Mirzəyev vurğulayıb...
Fazil Məmmədov vəzifədə olarkən Ali Məhkəmədən belə bir açıqlama verilərdimi? Ölkənin əsas nazirliklərindən biri haqda “qanunsuz qərarlar qəbul ediblər” anlamını verən fikirlər səsləndirilərdimi?
Fazil Məmmədovun işdən çıxarılması sıradan bir nazirin vəzifədən uzaqlaşdırılması deyil. İlin sonunda, büdcə kəsiri olduğu bir vaxtda Fazil Məmmədovu yola salmazdılar. O, xəstə olsaydı belə, kreslosunda oturub işini görmək məcburiyyətində idi. 18 müşaviri olan bir nazirin xəstəliyi ilə əlaqədar işinin öhdəsindən gəlmədiyi inandırıcı deyil.
Heç Fazil Məmmədovun özü də xəstə olması haqda mətbuatda barəsində deyilən fikirləri yaxına buraxmır. “Az xəstəyəm” deməklə işini davam etdirə biləcəyi haqda mesaj verməyindən də qalmır...
 
İndiki vəziyyətdə isə Fazil Məmmədov və komandası qeyri-müəyyənlik içində talelərinin necə olacağını həyəcan və təşviş içində gözləyirlər. Bu arada 4 milyard 500 milyon manatın “yeyilməsi” üzərindən nazirin işdən çıxarılması iddiası da ortadadır. Fazil Məmmədovun komandası təbii ki, bundan ciddi narahatdır.
Həmçinin yerlərdən onun kadrları olan icra başçılarının da çaşqınlıq içərisində olmaları haqda xəbərlər gəlməkdədir.
Redaksiyamıza bu yöndə çox maraqlı nüanslarla zəngin bir xəbər daxil olub. Fazil Məmmədovun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun qəbuluna həftənin ilk iş günündə yerli sahibkar qadın gedib.
Vaxtilə Vergilər Nazirliyində məsul post tutan  A.Məmmədovun icra başçısı olaraq qəbuluna gedənləri qəbul etməməsi, onlarla sərt davranması haqda mətbuatda əvvəllər yazılar olub. Ən yaxşı halda şikayətçiləri icra hakimiyyətində digər vəzifə sahibləri qəbul ediblər. Həftənin əvvəlində isə belə olmayıb.
Alimpaşa Məmmədovun göstərişi ilə bu ilin əvvəlində Şəmkirdə yerləşən sahibkar qadına məxsus şadlıq sarayının fasadındakı üzlük sökülüb. Alimpaşa Məmmədov aylar öncə sahibkara məxsus şadlıq sarayının üzlüyünü sökdürərkən deyibmiş ki, həmin üzlük gözünə xoş görünmür, sökdürüb aqlay daşla üzlətdirəcək. Lakin aylar keçsə də başçı vədinə əməl etməyib. Uzun get-gəldən sonra icra hakimiyyətindən sahibkar qadına deyiblər ki, Fazil Məmmədovun qohumu və Şəmkir şəhərinin meri Çingiz Həsənova tapşırılacaq, onun şadlıq sarayı satın alınacaq. Amma bu vədə də əməl olunmayıb, 2 ay qabaq Çingiz Həsənov qəfil yoxa çıxıb. Belə iddialar var ki, o, şəhərin abadlaşdırılması üçün ayrılan 10 milyon manat pulla ölkədən çıxıb və geri qayıtmayıb. Buna görə də vəzifəsindən uzaqlaşdırılıb. Bildirilir ki, şadlıq sarayının fasadındakı üzlüyün sökülməsinə də birbaşa Çingiz Həsənov rəhbərlik edib. Fasad sökülərək bərbad hala salındığından şadlıq sarayında heç kim toy məclisi sifariş etməyib. Fasadı sökük şadlıq sarayı uzun müddət toy üzünə həsrət qalıb. Aylardır ki, Şəmkir İcra Hakimiyyətinə ayaq döyən, hər dəfə Alimpaşa Məmmədovdan köməkçiləri vasitəsilə “binanı satın alacağıq, gözləyin” xəbərini alan sahibkar qadını bu dəfə başçı şəxsən qarşılayıb.
 
2 ay əvvəl Şəmkir meri Çingiz  Həsənovun, 1 həftə əvvəl Fazil Məmmədovun işdən çıxarılmalarını Alimpaşa Məmmədova xatırladan sahibkar qadın uca səslə danışıb. Başçıya “bəs mənə söz verdiz, dediz ki, aqlay edəcəyik, etmədiz. Çingizi göndərdiz, Çingiz qaçıb gedib, dediz ki, Fazil Məmmədovdan icazə alıb, şadlıq evini satın alacağıq, Fazil Məmmədovu da işdən çıxardılar” deyib və tələb edib ki, şadlıq sarayı üzlənsin.
Alimpaşa Məmmədov qadını sakitləşdirməyə çalışıb, ondan sakit tərzdə danışmasını xahiş edib. Qadın isə başçıya deyib ki, “bu günə qədər siz bərkdən danışırdız, indi də mən bərkdən danışacağam. Ya pulumu verin, ya da şadlıq evini üzlədin”.
Qaynağımız deyir ki, başqa vaxt olsaydı, Alimpaşa Məmmədov qadını zor gücünə icra hakimiyyətinin binasından çıxartdırardı. Ümumiyyətlə isə özü qəbul etməzdi. İndi isə başçı çətin durumdadır deyə özündən şikayətlərin olmaması üçün əl-ayağa düşüb.

Digər bir xəbərdə deyilir ki, Alimpaşa Məmmədov ötən həftənin cümə günü axşamdan Gədəbəyin icra başçısı Ramiz Yediyarovla birgə Bakıya, Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun yanına yollanıblar. Çıxılmaz durumda olan başçılar Fazil Məmmədovla yaxın qohumluq əlaqəsində olan, onun göstərişlərini hər iki başçıya çatdıran Binəqədinin icra başçısı Xaləddin İsgəndərovdan nə baş verdiyini xəbər alıblar. Sonuncu Şəmkirlə Gədəbəyin icra başçılarına ümidverən bir söz deməyib, rəhbərlik etdikləri rayonlarda bütün qanunsuzluqları aradan qaldırmalarını, problemləri yoluna qoymalarını tapşırıb.

Modern.az saytı isə yazır ki, Fazil Məmmədov “sabiq” statusu aldıqdan sonra nazirlikdə onunla və yaxın çevrəsi ilə bağlı ciddi araşdırmalara başlanıb. Gələn məlumatlarda sabiq nazirin Şəmkirdəki 100 hektar sahəyə malik mülkünün əlindən çıxdığı da iddia olunur. Heç kimə sirr deyil ki, zaman-zaman vergilər nazirinin tam nəzarətində olan Şəmkir rayonunda onun gördüyü işlərlə, həyata keçirdiyi layihələrlə bağlı ictimaiyyət arasında sensasion məlumatlar yer alıb və mətbuatda silsilə materiallar yayımlanıb. 17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədovla bağlı araşdırmaların doğuracağı səs-küyün hələ qabaqda olduğu vurğulanır. Belə görünür ki, Fazil Məmmədovun komandasında çalxalanma son həddə qədər gərginləşib, komanda üzvləri ayaqda qalmaları, həbsə getməməsi üçün çaba göstərirlər. Yaxın zamanlarda Fazil Məmmədovun komandasının hansı aqibəti yaşayacağına şahidlik edəcəyik... /musavat.com/