Lavrov ABŞ dövlət katibini “sancdı”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Reks Tillersonun NATO XİN rəhbərləri ilə qeyri-formal nahar zamanı onun haqqında dediklərinə cavab verib. “Anam mənə oğlanlarla rəqs etməyi qadağan edib”-Lavrov Tillersonun onun haqqında dediklərini şərh edərkən bildirib.
Tillerson demişdi ki, Rusiya ilə tanqo rəqsi oynamaq və bundan nəsə qazanmaq olar. “Lakin aydındır ki, siz Lavrovla rəqs edə bilməzsiniz, çünki ona rəqs etməyə icazə vermirlər”-dövlət katibi Rusiyada qərarların bir nəfər tərəfindən qəbul edildiyinə eyhamla bildirib. Onun atmacası alqışlarla qarşılanıb.
Lavrov isə deyib ki, NATO XİN rəhbərləri zamanı gedən bu söhbət haqda eşidib. “Anam da mənə oğlanlarla rəqs etməyi qadağan edib. Əgər belədirsə, Reks Tillerson hiss edirsə ki, hələ hamıyla rəqs edə bilməz, o zaman biz ona kömək edə bilərik. O, çox təcrübəli adamdır, əminəm ki, tez öyrənəcək”-Rusiya XİN rəhbəri bildirib.