Bakıda Çexiyanın Müstəqillik Günü qeyd olunub

Baxış sayı: 31

Tədbirdə Azərbaycan hökumətini Ziya Məmmədov təmsil edib.

Bakıda Çexiya Respublikasının Müstəqillik Günü qeyd olunub.

Oxu.Az xəbər verir ki, Çexiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbir 26 saylı Bakı Musiqi Məktəbinin şagirdlərinin ifasında Azərbaycan və Çexiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Qonaqları salamlayan səfir Vitzeslav Pivonka bildirib ki, Çexiya xalqı hər il 28 oktyabr tarixini “Müstəqillik Günü” kimi qeyd edir.

“Həmçinin, bizim üçün Müstəqillik Günü qədər əhəmiyyətli 17 noyabr tarixi də var. Bu, 1989-cu ildə baş vermiş məxməri inqilabın və 1939-cu ildə faşistlərə müqavimət göstərən zaman həlak olmuş tələbələrin anım günüdür. Biz müstəqillik və azadlıq sözlərinin nə olduğunu yaxşı bilirik. Çexiya öz tarixinin yeni mərhələsində parlaq gələcəyə ümidlə baxır. Və bu yolda Azərbaycanı da öz dostlarından hesab edir”, - deyə səfir əlavə edib.

Tədbirdə Azərbaycan hökuməti adından nəqliyyat naziri ZiyaMəmmədovçıxış edərək, Çexiya xalqını müstəqilliyin 96-cı ildönümü münasibəti ilə təbrik edib:

“Çex xalqı özünəməxsus qüdrətli yol keçib və dünyada özünə layiq yer tutan xalqlardan biridir. Çexiya Azərbaycanın müstəqilliyini ilk zamanlarda tanıyan və onun ərazi bütövlüyünə hörmət edən dövlətlərdən biridir. Qarşılıqlı hörmətə əsaslanır. Diplomatik münasibətlər 1993-cü ildə qurulub. Xüsusi ilə də Çexiya Qarabağ məsələsində Azərbaycana dəstək verir. Çexiya parlamentinin xarici siyasət komitəsinin qəbul etdiyi sənədlər buna dəlalət edir”.

Nazir qeyd edib ki, Çexiya bütün beynəlxalq tədbirlərdə, görüşlərdə, o cümlədən NATO çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir:

“Dövlətlərarası münasibətlərə təsir edən bir çox amillər var. Həm deputat qruplarının, həm də nazirlərin və digər yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərləri dostluq münasibətlərini möhkəmlədir. 1993-cü ildən bəri iki dövlət arasında 26 sənəd imzalanıb. Müxtəlif sahələrdə perspektivlər var. Təklif edərdim ki, aidiyyatı olan qurumlar bir az da artıq çalışsınlar ki, bizim ticarət dövriyyəmiz daha da artsın”, - deyə nazir əlavə edib (APA).