“Rəsulzadə nə Milli Komitədə, nə də legionda olmayıb” - Araşdırmaçı Ramiz Abutalıbov

Baxış sayı:
407

Araşdırmaçı Ramiz Abutalıbov erməni baş nazirin Rəsulzadə ilə bağlı ittihamlarını yerlə bir etdi: “Almaniya arxivlərində hansısa komitənin qərarını, protokolunu göstərsin”

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəyə çamur atmasına kifayət qədər cavablar verildi. Rəsulzadəni öz babasına tay tutmağa uğursuz cəhd edərək onu nasistlərlə “əlaqədə” ittiham edən Paşinyana növbət cavab görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbovdan gəldi. Dəyərli ziyalımız “Yeni Müsavat”a müsahibəsində erməni baş nazirə tutarlı faktlarla cavab verdi.

- Ramiz müəllim, Paşinyanın Rəsulzadə ilə bağlı səsləndirdiyi iddialardan yəqin ki, xəbəriniz var. Siz uzun illərdir ki, xarici ölkələrin arxivlərində Xalq Cümhuriyyətini, onun qurucularının fəaliyyətini araşdırırsınız. Səslənən sərsəm fikirlərə cavabınız çox maraqlıdır. 

- Almanların Qafqazda heç bir respublikaya müstəqillik vermək fikirləri yox idi. Qafqaz qubernatorluğu yaratmışdılar. Bununla bağlı fikirlər qəbul olunmurdu. Ona görə də Məhəmməd Əmin bəy bunların hamısını başa düşəndən sonra Rumıniyaya qayıtdı. Rəsulzadənin söhbət apardığı yeganə adam Qafqaz şöbəsinin rəisi, professor Gerxard Fon Mender idi. O, Şərq Ölkələri Nazirliyinin Qafqaz şöbəsinin müdiri, türkoloq idi. 30-cu illərdən Məhəmməd Əmin bəyi tanıyırdı. Onunla söhbətdə Rəsulzadə bildi ki, müstəqillik olmayacaq. Professor Fon Mender - çox məşhur alman türkoloqudur. 1941-ci ilin 17 iyulunda Almaniyada İşğal Olunmuş Şərq Vilayətləri Nazirliyi yaradılmışdı. Onun da rəhbəri əslən Rusiyadan olan Alfred Rozenberq idi. Şərq vilayətləri naziri Rozenberqin planı o idi ki, Şimali və Cənubi Qafqazda qubernatorluq yaradılsın və bütün Qafqaz bu qubernatorluğa daxil edilsin. Məhəmməd Əmin bunların hamısını biləndən sonra başa düşdü ki, müstəqillik məsələsi alınmayacaq. O zaman Menderlə sağollaşıb gedib. Əsasən Mender onu Almaniyada hörmətli bir insan kimi saxlamaq istəyirdi. Mən legionerlərin xatirələrini də yazmışam. Onlar yazırdılar: “Çox təəssüf ki, Məhəmməd Əmin bizi dəstəkləmədi, qayıtdı getdi”. Alman tarixçisi var, çox məşhur tarixçidir - Patrik Mülen, onun kitabı çıxıb:  “Qamali xaç ilə Qızıl yıldız arasında”. Yazır ki, Məhəmməd Əmin razılaşmadı, Milli Komitənin rəhbərliyini boynuna götürmədi və getdi. Bütün bunlardan sonra yenə də belə iddialar irəli sürürlər. Sadəcə, əks-təbliğat vasitəsi kimi istifadə etmək istəyirlər, bunun ayrı adı yoxdur. Rəsulzadəni bir dəfə Almaniyaya çağırdılar, danışdılar, razı olmadı, qayıtdı. Sonra ikinci dəfə də çağırdılar. Yenə də razılaşmadı, qayıtdı. Ondan sonra Düdənginskini legiona rəhbər qoydular.

- Mümkün deyil ki, Nikol Paşinyan tarixi həqiqətlərdən tam xəbərsiz olsun. Amma istənilən halda, Azərbaycan Prezidentinin faşist Njdeyə Ermənistanda qoyulan abidəni hər dəfə mötəbər tribunalardan xatırlatmasının qarşısında, həmçinin babasının nasistlərlə əməkdaşlığı aşkarlanandan sonra erməni baş nazir də bu yolla özünü “sığortalamağa” uğursuz cəhd edib. Bəs bundan sonra bizim mövqeyimiz necə olmalıdır, məsələni boş verməliyik, yoxsa cavablarımız davamlı xarakter almalıdır? 

- Bizim tarixçilər məqalələr yazmalıdırlar, mənbələr göstərərək. Çünki bizə qarşı olanlar, məsələn, yazırlar ki, Rəsulzadə Hitlerlə görüşüb. Amma mənbə göstərə bilmirlər ki, axı olmayıb belə bir şey. Olsaydı, yazardılar. Kiminsə iddiaları varsa, qoy mənbə göstərsin. Yoxsa havadan nəsə deməyin mənası yoxdur. Bu mənada belə iddialara cavab konkret mənbələri göstərməklə olmalıdır. Xüsusilə də alman mənbələrinə istinad etmək yaxşı olardı. Xüsusilə Patrikdən... Yuxarıda da qeyd etdim, görürsən deyirlər ki, Hitlerlə görüşüb. Hətta birisi deyir ki, bir yerdə şam ediblər, məndə menyusu var. Adamlar bəzən boş-boş şeylər danışırlar. Hər dəfə belə söhbətlər olanda mən deyirəm ki, arxiv mənbəni göstər!

- Ermənilər var gücləri ilə Njdeni müdafiə edirlər. Sizcə, niyə onlar üçün bu qədər vazkeçilməzdir?

- Onlar tüpürdüklərini yalamaq istəmirlər. Artıq məcburdurlar özlərini müdafiə etməyə.

- Ramiz müəllim, maraqlıdır ki, Rusiya faşizmin qatı tərəfdarına İrəvanın mərkəzində abidə qoyulmasına dözür. Bəs bunun səbəbi nədir?

Ramiz Abutalibov: Among Strangers • Nargis Magazine

Ramiz Abutalıbov

- Rusiya fikir vermir. Belə bir taktika var ki, çalışır heç kimin işinə qarışmasın. Əsas odur ki, gərək elmi diskussiya yüksək səviyyədə aparılsın və əsas müzakirələr arxiv materiallarının üstündə qurulsun.

- Bugünlərdə Paşinyan öz babasının fotosunu paylaşdı...

- Hə, gördüm. O da legionda olub.

- Ermənilər özləri dedilər ki, Nikol Paşinyan da faşizm ideyalarının təbliğatçısı olub...

- Ay sağ ol. Bu, artıq sənəddir. Çünki onun sənədini göstərdilər. Mən ona görə də deyirəm ki, məsələlərə sənəd-sübutla yanaşılmalıdır. Faktsız müzakirə olmamalıdır. Paşinyanın babasının sənədi artıq ortadadır. Paşinyan deyir ki, Azərbaycan legionunun qolunda bayraq nişanı var idi. Bütün legionların qolunda bayraq nişanları var idi də. Ermənilərin də, azərbaycanlıların da, gürcülərin də, şimali qafqazlıların da. Şevron deyirlər. Qola respublikanın bayrağı tikilir. Bəli, Azərbaycan legionu olub. Amma Rəsulzadə nə Milli Komitədə, nə də legionda olmayıb.

Patrik fon tsur Mülen yazırdı: “Əgər birinci erməni və gürcü legionları kağız üstə yaranmışdısa, Azərbaycan legionu Məhəmməd Əminin adı ilə bağlı sadəcə balaca bir epizod idi”. Məhəmməd Əminlə bağlı kağız da yox idi. Rəsmi sənəd yox idi ki, Məhəmməd Əmin Milli Komitəyə başçılıq edib. Sadəcə söhbət olub. Bunu mən demirəm, alman tarixçi deyir. Ona görə də istinad edəndə yaxşı olar ki, xarici mənbələrə istinad edək. Bu barədə “Rəsulzadə və Zaqafqaziya Federasiyası” kitabının 43-46-cı səhifələrdə geniş bəhs olunub. Həmçinin araşdırmaçı alim Mamuliyanın bu məsələlərlə bağlı geniş və tutarlı arqumentlərə, faktlara söykənən araşdırmaları olub. 

Paşinyan bizə çamur atır, əgər belə deyilsə, mənbə göstərsin. Almaniya arxivlərində hansısa komitənin qərarını, protokolunu göstərsin. Deməli, yoxdursa, göstərə bilmir. Nişan da hamıda var idi, ermənidə də, gürcüdə də. Əsgərin qolunda nişan olur da. Əgər mənbə varsa, göstərsinlər, biz etiraz etmirik.

- Ramiz müəllim, çox sağ olun ki, “Yeni Müsavat”ın suallarını cavablandırmağa vaxt ayırdınız.  Moskvadasınız, eləmi?

- Hə, Moskvadayam. Hələ evdən bayıra çıxa bilmirik, koronavirus səbəbindən. (Gülür)

Elşad PAŞASOY