​Rəsmi Bakı Parisə nota verir - Qanunsuzluq

Baxış sayı:
4750

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik.
Muxalifet.az xəbər verir ki, bu fikri azərtac-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O deyib: “Təəssüflə qeyd edirik ki, Azərbaycanın Xankəndi şəhərinin sakini olan və Ermənistan Respublikasının diplomatik pasportu ilə səyahət edən Aşot Qulyanın Avropa İttifaqının ərazisinə daxil olması Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulması ilə müşayiət olunmasına baxmayaraq, Fransa tərəfindən bu səfərin qarşısının alınması üçün heç bir tədbir görülməyib”.
Hikmət Hacıyev qeyd edib ki, bu kimi səfərlərin sistematik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi həmsədr ölkə kimi Fransanın qərəzsizliyi barədə ciddi suallar doğurur, beynəlxalq səviyyədə və Azərbaycan ictimaiyyətində Fransanın nüfuzuna və etibarlılığına əsaslı şübhə salır.
Diqqətə çatdırılıb ki, Fransanın yerli özünüidarəetmə orqanları üzrə Ümumi məcəllənin LL1115-1 və L1115-5-ci maddələri, həmçinin Fransa XİN və DİN tərəfindən hökumətin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlərə ünvanlandığı 2015-ci il 02 iyul tarixli məktubda yerli özünüidarəetmə orqanlarının bütün beynəlxalq əlaqələrinin Fransanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə uyğun olmalı olduğu və yerli idarəetmə orqanlarının Fransa hökuməti tərəfindən tanınmamış hər hansı qurumla heç bir saziş imzalamaq səlahiyyətində olmadığı bildirilir.
“Amma Fransanın mərkəzi hökumətinin yerlərdə səlahiyyətli nümayəndələri olan perfektlər tərəfindən Fransa qanunlarına uyğun olaraq qondarma rejimlə Fransanın bəzi yerli orqanları arasında imzalanmış qanunsuz sənədlərin ləğv edilməsini müşahidə etmirik.
Bu yaxınlarda Korsika ilə əlaqədar məsələlər meydana çıxan zaman Fransanın mərkəzi hakimiyyəti tərəfindən qəti mövqe nümayiş etdirildiyi halda, Fransanın Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin öz ərazisində təşviqinə imkan yaratması ikili standartların növbəti nümunəsi kimi qiymətləndirilir.
BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, Fransanı öz üzərinə düşən öhdəliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan bu kimi əməllərin qarşısını almağa çağırırıq.
Azərbaycan Respublikasının Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar nota təqdim edəcək.
Azərbaycan tərəfi bundan sonra Fransa ilə münasibətlərində qarşılıqlılıq prinsipindən çıxış edəcək”,- deyə XİN-in mətbuat xidmətinin rəhbəri vurğulayıb.