Rəşid Mahmudov həqiqətən xalq düşmənidir – ORXAN BAHADIRSOY

 “Kişilərimiz hamilə qadınlara, qadınlarımız begemota oxşayır” nə deməkdir?

Hərdən bəzi insanlarımızın vəziyyətini, yaşayış səviyyəsini görəndə onların buna həqiqətən layiq olduqlarını düşünürəm. Sözümdən başqaları inciməsin. Bu cür yaşayış səviyyəsinə layiq olmayanlar da həmin adamların qurbanlarıdır. Çox uzağa getməyək. Biri elə ATU-nun dosenti Rəşid Mahmudov...
Azərbaycan xalqı Rəşid Mahmudovu bir elm adamından daha çox ailə-məişət qalmaqallarına ekspertlik edən, şou adamlarına tez-tez atmacalar atan, elmi biliyi zəif kütlənin tərif və alqışına hesablanmış pafoslu çıxışlar edən biri kimi tanıyır. Elə bu tip çıxışlarıyla dolu müsahibələrindən biri də ötən gün bütün xəbər portallarında yayımlandı.
Rəşid Mahmudov əvvəlki çıxışlarında olduğu kimi bu müsahibəsində də heç bir elmi əsası olmayan iddialar, paradoksal fikirlər yürütdü. Bəzi məqamlarda yalan da danışdı. Təbii ki, bütün bu cəfəngiyyatların içini az-maz cəsur fikirləriylə və orta məktəb səviyyəli elmi məlumatlarıyla bəzəyib xalqa sırımağa çalışdı.
O, iddia edir ki, dünyada ilk dəfə kök hüceyrənin fiziologiyasını yazıb və bunu fiziologiyaya salıb. Lakin Rəşid Mahmudovun nəzərinə çatdırmaq lazımdır ki, “Kök hüceyrənin fiziologiyası və Hematopoez”, “Yetişkin kök hüceyrələrinin dünəni və bugünü” kitablarında, eyni zamanda 1898-ci ildən bəri “Amerika Fiziologiya Jurnalı”nda kök hüceyrənin fiziologiyası dəfələrlə işlənib və fiziologiyaya salınıb.
Eləcə də reproduktiv orqanların fiziologiyası müxtəlif zamanlarda və müxtəlif şəxslər tərəfindən işlənilib. Ali Ebneshahidi “Reproduktiv Fiziologiya”, Mehmet İnan “Nəsil Artırma Sistemi Fiziologiyası”, Müge Bulakbaşı “Nəsil Artırmanın Fiziologiyası” kitablarını, “İnsan Fiziologiyası/Qadın reproduktiv sistemi” toplusu, “İnsan reproduktiv fiziologiyası və reproduktiv dönmələr”, “Reproduktiv sistemin anatomiyası və fiziologiyası” kitabları çoxdan nəşr olunub. Əlbəttə, bu kitabları Azərbaycan dilində tapmaq mümkün deyil. Onları ingilis, rus, fransız, alman və başqa dillərdə, bizə ən münasibi isə Türkiyə türkcəsində tapmaq mümkündür.
Rəşid Mahmudov o yerdə haqlı ola bilər ki, immun sisteminin fiziologiyasını ilk dəfə bizim dilimizdə işləyir. Eləcə də bundan əvvəl sadaladıqlarını. Amma bunlar dünyada bir ilk deyil. Dünya elmi artıq kök hüceyrənin transplantasiyasını, klonlamanı həyata keçirir. Dünya elmi reproduktiv dönmələrin müxtəlif üsullarını tapır. Bunlar Azərbaycanın tibb elminə tamamilə yad məsələlərdir.
Bir də ki, “kişilərimiz hamilə qadınlara, qadınlarımız begemota oxşayır” nə deməkdir? Bir elm adamının bu cür qeyri-etik danışığı bağışlanmazdır, məncə. Başqa bir yerdə də “kim özünü qınamırsa, o adam dəlidir. Belələrinin müalicəyə ehtiyacı var” deyir. Ruhi-əsəb xəstələrini dəli adlandırmaq hansı həkim əxlaqına sığır, görəsən? Bir dəfə tanınmış aktyorlarımızdan biri ilə söhbət zamanı dedi ki, əvvəllər nitq etikası və estetikası fənn kimi tədris olunurmuş. İndi bu anlayışın özü çox insana, görünür, Rəşid Mahmudova da yaddır.
O, demək olar ki, bütün çıxışlarında homoseksuallığın xəstəlik olduğunu iddia edir. Rəşid Mahmudov bilmirsə öyrənməlidir ki, homoseksuallıq 1990-cı ildə Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmışdır. Üstəlik, qeyd edir ki, “uşaqları homoseksuallardan qorumaq lazımdır, çünki onlar homoseksuallardan pis şeylər öyrənirlər.” Gülüncdür. Homoseksuallıq əgər xəstəlikdirsə öyrənməklə yoluxurmu? Bu cür paradoksal fikir yürütmək ictimai qınağa tuş gəlməmək üçün kələk deyilmi? Hələ bunların Tibb Universitetindəki tələbələrə danışıldığını da vurğulayır. Vay o tələbələrin halına ki, onlar Rəşid Mahmudovun adət-ənənələrini öyrənirlər, tibb elmini yox.
Amerikalıların yazdığı kitablardan sitat gətirən Rəşid Mahmudov həmin kitablarda kök hüceyrənin fiziologiyasına, reproduktiv orqanların fiziologiyasına, homoseksuallığın fiziologiyasına rast gəlməyibmi?
Azərbaycan insanı o qədər əzilib ki, kimsə haqsızlığa etiraz edəndə ondan dərhal qəhrəman düzəldir. Əslində, haqsızlığa etiraz etmək qəhrəmanlıq deyil. İnsanın öz haqqını tələb etməsidir. Rəşid Mahmudov da özünün bir sıra çıxışlarında maaş azlığından, ziyalıların maddi çətinliyindən, məmur özbaşınalığından danışdığı üçün kütlə ondan qəhrəman düzəldib.
Sənət adamlarını mütrüb adlandırmaq, xalqa yalan sırımaq, ictimai qınaqdan qorxub adətbazların tərif və alqışına hesablanan çıxışlar etmək, öz peşəsinin əxlaqını çeynəmək, yetmiş il öncənin düşüncə tərzi ilə müasir gəncliyin zehninə cəfəngiyyatlar yeritmək, elmi biliyi zəif kütləyə gördüyü hər hansı işi dünyəvi yenilik kimi göstərmək xalqa qəhrəman olmaq deyil, düşmən olmaqdır. Bu mənada Rəşid Mahmudovun tələbəsi onun həqiqi qiymətini verib.

Orxan Bahadırsoy