​Rəşad Sadıqov baş məşqçiliyindən danışdı

“İmarət” azarkeş qrupu və “Qarabağ” futbol klubunun birgə təşəbbüsü ilə Turizm və Menecment Universitetində millimizin keçmiş kapitanı Rəşad Sadıqovla tələbələrin görüşü keçirilib.
Muxalifet.az xəbər verir ki, tədbir “İmarət” azarkeş qrupunu tələbələrə tanıtmaq və “Qarabağ” futbol klubunun tarixini aşılamaq məqsədilə keçirilib.
Tədbiri universitetin dekanı Anar Mirzəyev və “İmarət” azarkeş qrupunun rəhbəri Qabil Hüseynovun açılış nitqi ilə başlayıb. Nurlan İbrahimov isə “Qarabağ”ın tarixi və “İmarət” azarkeş qrupunun klub üçün etdikləri haqda danışıb.
Daha sonra çıxış edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bunları deyib:
“Təhsilli gənclər qarşısında danışmaq mənim üçün çətindir, çünki idmançılarla ali təhsilli gənclər arasında böyük fərq var. Mən özüm orta məktəbi 9-cu sinifə qədər yaxşı oxumuşam, lakin sonradan idman sahəsinə yönəldiyimə görə dərslərimə elə də vaxt ayıra bilməmişəm. Çox sevinirəm ki, “İmarət” azarkeş qrupu belə gözəl təşəbbüsə əl atıb və bu tədbirin keçirilməsində əziyyət çəkib. “Qarabağ”ın gənclərimizin arasında bu qədər sevilməsi qürurvericidir. Mən hər dəfə meydana çıxanda azarkeşlərimizə baxıb güc alıram. Çox sevindirici haldır ki, “Roma” ilə oyunda stadion tamamilə dolmuşdu. İnanın, bəlkə də buna görə idi ki, biz “Roma” kimi klubla o dərəcədə mübarizə aparmağı bacardıq”.
Tələbələrdən birinin “Deyirlər, siz futbol karyeranızı bitirdikdən sonra məşqçiliyə başlayacaqsınız. Bu, düzgün məlumatdır?” sualına, kapitan “Məşqçilik məsuliyyətli peşədir. Hazırda düşünürəm ki, bu haqda danışmağa tezdir” - cavabını verib.