Rəşad Mahmudov təcili yardım həkimlərinin döyülməsindən danışdı – təklif

Baxış sayı:
7699

Milli Məclisin iclasında “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Deputat, tanınmış ürək cərrahı Rəşad Mahmudov bir neçə gün öncə, Bərdədə təcili yardım əməkdaşlarına qarşı törədilmiş zorakılıqdan danışıb.

“Bu, səhiyyə işçilərinə çox mənfi psixoloji təsir bağışlayır”-deyən deputat əlavə edib ki, iş başında təcili tibb yardım işçilərinə zorakılıq polis əməkdaşına, dövlət məmuruna edilən zorakılıq kimi qiymətləndirilməlidir: “Bu, nəzərə alınmalıdır. Qonşu ölkələrdə təcili tibbi yardım işçiləri ilə bağlı nümunələr var. Bu məsələ qısa zaman ərzində həll edilməlidir, yəni qanunvericiliyə dəyişiklik olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələrdə nümunələr var. Mən bütün səhiyyə işçiləri adından bir daha geniş müzakirələr aparılmasını təkidlə xahiş edirəm. Onlara qarşı olan zorakılıq sadəcə cinayət məsuliyyəti deyil. Həm də təcili yardım əməkdaşlarının aldığı siqnala uyğun olaraq yeni ünvana getməsini əngəlləmək deməkdir”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirdi ki, həkimlərin və pasiyentlərin hüquqlarının qorunması ilə bağlı yeni qanun layihəsi hazırlanıb: “Yaxın günlərdə müzakirəyə çıxarılacaq. Rəşad Mahmudovun dediyi məsələlər həmin layihədə əksini tapacaq”.