​Rəşad Babayev: Komandamız əzəli rəqibləri üzərində qələbə qazandı

Peşəkar məşqçi, qrossmeyster Rəşad Babayev azərbaycanlı şahmatçıların Şahmat üzrə Avropa komanda çempionatının qalibi olmasını şərh edib.
Muxalifet.az xəbərinə görə, o bildirib ki, bu qələbə Azərbaycan üçün böyük nailiyyətdir:
“Əvvəla, bütün komanda üzvlərini, federasiya rəhbərliyini, şahmatsevərləri bu münasibətlə təbrik edirəm. Bir peşəkar məşqçi, şahmatçı kimi bu nailiyyət  məni çox sevindirir. Bilirsiniz, bu yarışda komandamız əzəli rəqibləri üzərində qələbə qazanıb. Misal üçün, Ermənistan, Rusiya, Macarıstan komandaları yığmamızla birlikdə favoritlər sırasında yer alırdı. Burada xüsusilə Rusiyanın adını qeyd etmək lazımdır.  
Yığmamızın Rusiya komandası üzərində qələbəsi bizi çempionluğa bir addım yaxınlaşdırdı”. 
Rəşad Babayevin sözlərinə görə, komanda nailiyyətlərindən başqa, şahmatçılarımız fərdi göstəricilərdə də uğura imza atıblar: 
“Onlardan biri qrossmeyster Rauf Məmmədovdur. R. Məmmədov Avropa çempionatında ən yaxşı nəticə göstərən oyunçu adını alıb.  Bildiyiniz kimi, Rauf 9 oyundan 8 xal yığaraq fenomenal performansa imza atıb.  O, nəinki öz taxtasında, ümumiyyətlə, Avropa çempionatında birinci seçilib. Bu, fərdi göstəricidə böyük nailiyyətdir. Rauf  ilk dəfə olaraq öz reytinqini 2700 xala qaldırıb.
Daha sonra o digər şahmatçılarımızın da uğurundan danışıb: 
“Şəhriyar Məmmədyarov bu il reytinqdə ikinci pilləyə qalxıb. Dünya reytinqində ön pillədədir, bu da şahmatımız üçün böyük göstəricidir.
T. Rəcəbov stabil oyun göstərərək vacib qələbələr qazanıb. Teymur son zamanlar öz gücünü tam bərpa edib. Artıq ondan gözlənilən nəticələri göstərməyə başlayıb, bu da sevindirici haldır. T. Rəcəbovu qarşıda çox önəmli  Qran-Pri yarışı gözləyir. Ona uğurlar arzulayırıq.
Digər oyunçularımız ayrı-ayrılıqda yaxşı, stabil oyun göstəriblər. Bu tipli yarışlarda stabil oyun göstərmək çox önəmlidir”.
 
R. Babayevin sözlərinə görə, turnirdə federasiya maraqlı bir eksperiment edib: 
“Komandanın üzvü olan lakin reqlamentə əsasən, komandada yer ala bilməyən bir oyunçunu komandanın kapitani təyin edib. Maraqlı məqam odur ki, kapitan Eltac Səfərli həm də komandada ən cavan şahmatçıdır. Düşünürəm ki, bu çox faydalı bir təcrübədir və Eltacı bu roldakı uğuru ilə təbrik edirəm”.
Tanınmış məşqçi Şahmat Federasiyasının Azərbaycanda şahmatın inkişafındakı rolundan danışıb.
“Azərbaycanda şahmatın inkişafına dövlət tərəfindən və xüsusi ilə prezident İlham Əliyev tərəfindən qayğı göstərilir. Bu, çox önəmli məsələdir. Azərbaycan nadir ölkələrdən biridir ki, şahmat üçün xüsusi inkişaf proqramı mövcuddur. Nəticə ildən-ilə yüksəlir” -  deyə o yekunlaşdırıb.