“Rəqiblərim içərisində ciddi alternativ görmürəm”

Rəşid Mənsurov: “Vətəndaşımızın azad seçim hüququna qəsd edənlərlə qarşı amansız olacağıq”
 
“...bu günə olan nəticələrə görə mən birinciyəm”
 
22 saylı Nəsimi ikinci seçki dairəsindən seçkilərə qatılan ADP sədrinin müavini Rəşid Mənsurovun Muxalifet.az saytına müsahibəsi.
 
-Rəşid bəy, seçkilərin təbliğat mərhələsi davam edir, bildiyimizə görə seçki kampaniyanız yüksək səviyyədə həyata keçirilir. Kampaniyanın indiki mərhələsi, problemlər və qarşıdakı vəzifələr barəsində nə deyə bilərsiniz?
-Mövcud çətinliklərə, seçkinin təşkilindəki qanuni və qanunsuz qüsurlara, passiv siyasi duruma baxmayaraq bizim seçicilərlə işimiz xeyli dərəcədə fəal və effektli şəkildə davam edir. Bu həqiqətən də bizi sevindirir və daha ciddi işləməyə sövq edir. İnsanlarımız seçkidən tam usanmayıblar və bu fakt ölkədə dinc demokratik dəyişikliklərin mümkünlüyünü şərtləndirən sevindirici bir amildir. Təəssüf ki, bir qisim insanlarımızda seçkilərə, onun obyektiv keçiriləcəyinə inam tamamilə sarsılıb. Bizim əsas işimiz bu qurupla işləmək, onların seçkilərə qatılaraq fəal vətəndaş mövqeyindən çıxış etməsinə nail olmaqdır. Kampaniyamızda partiyaçı fəallarımız, könüllülər və dostlar komanda şəklində sutkanın 12 saatını işləyirlər. Keçmiş seçki təcrübəsi, ərazi ilə ciddi tanışlığın olması, əhali arasındakı ictimai nüfuzumuz təbliğat kampaniyamıza xüsusi üstünlüklər qazandırır. Təbliğat plakatları yayılıb, başa çatdırılıb, qapıdan qapıya kompaniyası tam sürətlə davam edir, eyni zamanda toplum halında da seçicilərlə görüşlərə başlamışıq. 
-Əsas təbliğat sloqanınız və kompaniyanızın prinsipləri haqqında məlumat verərsinizmi?
-Sloqanımız- Ədalətdir. Mübarizəmizin əsası Ədalətli cəmiyyət, ədalətli birgəyaşayış, hamının qanun qarşısında bərabər və məsuliyyətli olmasını təmin edəcək siyasətə dəstək vermək, hamının haqqını verə bilən, haqsızlığın, hüquqsuzluğun qarşısında dura bilən siyasətin yanında olmaqdır. Bu günkü düşdüyümüz vəziyyətin, rastlaşdığımız özbaşınalıq və qanunsuzluqların əsas səbəbi cəmiyyətdə ədalətli tarazlığı qoruya bilməməyimiz, daha doğrusu bunun uğrunda mübarizəni təşkil edə bilməməyimiz, haqq uğrunda dirəniş göstərə bilməməyimizdir. Ümid edirik ki, insanlarımızın vicdanındakı ədalətin cəmiyyətin hakim ideyasına çevrilməsinə nail ola biləcəyik. Prinsiplərimiz isə hüquq və qanununun aliliyi, demokratiklik, qarşılıqlı hörmət, Vətənə və insanımıza böyük sevgi ilə yanaşmaqdır.
-Rəqibləriniz haqqında nə düşünürsünüz?
-Rəqiblərimin içərisində bu dairədən bir neçə dəfə deputat mandatı almış, fəqət bu insanların qayğısı üçün, yaxud millət vəkili kimi seçilən bir fəaliyyət baxımından bir iş görməmiş Asim Mollazadə, hakim partiyanın namizədi, AMİP–nın namizədi və fərdi qaydada namizədliyini irəli surmuş bir neçə namizəd vardır.Hamısına sayğı ilə yanaşır, hamı ilə qanun çərçivəsində davranmağa çalışırıq. Fəqət əsas işimiz rəqiblərimizin seçicilərin azad iradəsinə nə dərəcədə hörmətlə yanaşmasından asılı olacaqdır. Qanunlara, əsas azadlıqlara, vətəndaşımızın azad seçim hüququna qəsd edən, buna çalışan və ya dəstək verənlərlə amansız olacaq, qanunun verdiyi imkanlar şərçivəsində onlarla mübarizə aparacağıq.Rəqiblərim içərisində ciddi alternativ görmürəm.
-Rəşid bəy, platformanızla bağlı daha nə isə demək istəyirsinizmi?
-Platformamızda təhsil, xüsusilə də orta təhsil, səhiyyə və sosial sahələrdə ciddi demokratik mahiyyətli islahatlara nail olmaqla bağlı müddəalar yer alır. Bu gün görülən işlərə kölgə salmadan onu deyə bilərik ki, ölkədəki ilk növbədə islahatlara ehtiyacı olan səhələr məhz bunlardır. Biz istəyirik ki, maddi imkanlarından asılı olmayaraq bütün övladlarımız yüksək səviyyəli pulsuz təhsil almaq, ən yüksək səviyyədə tibbi xidmətlər və sosial yardımlar almaq imkanında olsunlar. Bircə onu demək istəyirəm ki, bu gün xəstələnən vətəndaşımız bir çox hallarda müalicəsiz qalmamaq üçün borca düşməyə, hətta bəzən evini satmağa məcbur olursa, çoxuşaqlı ailələrə, ümumiyyətlə körpələrə, ehtiyacı olanlara, işsizlərə lazım olan qədər, kifayət həcmdə sosial yardım yetmirsə əksinə yardıma heç bir ehtiyacı olmayanlar əyri yollarla kasıbın haqqını yeyirsə ölkəmizin haqqında necə optimist danışa bilərik?! Mən Milli Məclisdə olarsam bütün fəaliyyətimi məhz bu sahələrə dair proqramlar və islahatları həyata keçirməyə imkan verən qanunların qəbuluna calışacağam.
-Təbligat təşviqat mərhələsində kütləvi informasiya vasitələrindən istifadə edirsinizmi?
- Əvvəla deyim ki, çox təəsüf ki, bu seçkilərdə MSK ötən seçkilərdən fərqli olaraq bu dəfə pulsuz efir vaxtından istifadəyə şərait yaratmadı.Pullu efir vaxtı ilı bağlı müəyyən olunmuş qiymətlər isə Azərbaycan reallıqlarına görə, həddindən artıq yüksəkdir.Ona görə də təbliğatın bu imkanlarından bəhrələnə bilmirik. Ancaq ayrı-ayrı mətbuat və internet saytlarının jurnalistlərinin, elə sizin kimi, suallarını cavablandırmaqla  bu və ya digər şəkildə təbliğ olunuruq. Eyni zamanda təşkil olunmuş virtual səsvermələr də bizim təbliğatımıza müəyyən qədər köməklik edir.
Virtual səsvermədən söz düşmüşkən onu da nəzərinizə çatdırım ki, bir neçə saytda virtual səsvermələr gedir bu səsvermələrdə bu günə olan nəticələrə görə mən birinciyəm. Fürsətdən istifadə edib mənə virtual səs verərək birinci edən hər kəsə dərin minnətdarlığımı bildirirəm.

Muxalifet.az