​Rövşən Lənkəranskinin dəstəsinin üzvləri yaxalanıb: “Lotu Quli”nin adamlarını öldürdüyünə görə... - FOTOLAR

Rusiyanın Sankt-Peterburq şəhərində Rövşən Lənkəranskinin dəstəsinin üzvləri olan Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanov saxlanılıblar. Həmin adamlar “Lotu Quli”nin yaxın ətrafına aid olan Elşən Məmmədovun qətlində günahkar bilinir.
Bildirilir ki, Elşən Məmmədov Lotu Qulinin ən yaxın adamlarından biri olub. O, bu il sentyabrın 12-də Tiflisin mərkəzində “Toyota Land Cruiser” markalı avtomobilində güllələnib.
Haqqın.az saytının verdiyi məlumata görə, Emin Əhmədov kriminal avtoritet, hazırda Moskvada sahibkar olaraq fəaliyyət göstərən Zaur Əhmədovun doğma qardaşıdır. Rövşən Lənkəranskinin Türkiyədə öldürülməsindən sonra onun “imperiya”sı faktiki olaraq bacısının əri və yaxın qohumu Zaur Əhmədov tərəfindən idarə edilir.
 
Elşən Məmmədovun qətli
Zaur Əhmədov həm də Lotu Qulinin adamlarına qarşı edilən sui-qəsdlərin əsas təşkilatçısı sayılır.
Xəbərdə Emin Əhmədov, Hüseyn İsgəndərov və Mehman Əmiraslanovun içərisində olduğu “VAZ 2114” markalı avtomobilin Sankt-Peterburq şəhərinin Turku küçəsində dayandığı qeyd olunur.
 
Hüseyn İsgəndərov
Baş leytenant V. Denisenkonun rəhbərlik etdiyi polis dəstəsi həmin adamları saxlayaraq, avtomobildə yoxlanış həyata keçiriblər. Axtarış zamanı bir tapança, qandal, maska və xüsusi əlcəklər olan paket aşkar edilərək götürülüb. Həmin silah ekspertizaya göndərilib.
 
Emin Əhmədov
Sankt-Peterburq əməliyyatçılarının sözlərinə görə, adıçəkilən şəxslər yeni sifarişli qətl hazırlayırmışlar. Bundan başqa Zaur Əhmədovun öz qardaşını azad etdirmək üçün polisə külli-miqarda pul təklif etdiyi məlum olub. /haqqın.az/