"RÖVŞƏN CANIYEV ÇOX ANALARI GÖZÜ YAŞLI QOYUB...." – Azərbaycanlı “qanuni oğru”ları FETÖ idarə edirmiş... / SENSASİON FAKTLAR

Baxış sayı:
30340

“Heç bir zaman günahsız adamların qanını tökmək, kimisə aşağılamaq barədə hökm verən, gəncləri cinayətə təşviq edən insan avtoritet ola bilməz” Bir müddət əvvəl Bakının Binəqədi rayonunda çoxsaylı bıçaq zərbələri ilə öldürülən “Emil 444” ləqəbli kriminal avtoritetin qətli ətrafındakı sis pərdəsi ortadan qalxır. Redaksiyamıza göndərdiyi məktubda adının çəkilməsini istəməyən məlumatlı şəxsin yazdığına görə, qətldə Türkiyədə “yeraltı”na çəkilən FETÖ qruplaşmasının birbaşa iştirakı var. İddia edilir ki, “Emil 444” FETÖ tərəfindən himayə olunan kriminal qruplaşmanın xərac toplayanlarından imiş. Onun qətlində şübhəli bilinən şəxs isə Zaur Yusifov adlı idman müəllimidir. Hadisə “Emil 444”-ün həmin şəxsdən xərac istəməsiylə başlayıb. Eyni məhəllədə yaşayan gənclərin arasındakı mübahisəni yatırmaq məqsədilə vasitəçilik etməyə çalışan Zaur Yusifovun atası ağır təhqirə məruz qalır, nəticədə məlum cinayət hadisəsi baş verir. Əsəblərini toparlaya bilməyən Zaur Yusifov və dostları onu çoxsaylı bıçaq zərbələriylə qətlə yetirirlər. “Hürriyyət” qəzetinə məlumat verən qaynağı danışdırmaq və daha ətraflı informasiya almağa qərar verdik. Məlumatlı şəxs adının çəkilməməsi şərtilə təklifimizi qəbul etdi və bizə geniş müsahibə verdi. Onun ən diqqətçəkən iddiaları Azərbaycandakı kriminal dünyanın xarici əlaqələri ilə bağlıdır. Dövlət təhlükəsizliyi məsələsi olduğundan müsahibəni olduğu kimi dərc edirik. (Əvvəli bu linkdə: Azərbaycanlı “qanuni oğru”ları FETÖ idarə edirmiş... ) - Mafioz qrupların kimisə xəraca bağlaması mexanizmi necə olur? - Müxtəlif metodlardan istifadə edirlər. Məsələn, deyək ki, mənim restoranım var. Gəlib 4-5 nəfər oturub yeyib içir. Yemək bitəndən sonra ofisiant onlardan pul istəyəndə tərs cavab verirlər. Deyirlər ki, “get müdirinə de, yazsın öz dabanına”. Ofisiant gəlib müdirə vəziyyəti xəbər verir. Müdir gəlib onlara bir söz deyəndə aranı qarışdırırlar. Deyək ki, müdiri şillə ilə vururlar. Ara qarışdığı üçün polis gəlib həmin adamları götürüb aparır. Qrupun digər üzvləri restoran müdirinə təzyiq etməyə başlayırlar. Müxtəlif təhdidlərlə onu qorxudur, həbs olunmuş adamlarını dərhal həbsdən azad etdirməsini tələb edirlər. Restoran müdiri isə evinə bir tikə çörək aparmaq və əlavə problemlərlə üzləşmək istəmədiyindən cinayətkarların bu tələblərini yerinə yetirmək məcburiyyətində qalır. Beləcə, iş adamı cinayətkar qruplaşmadan asılı hala düşür. - Azərbaycanda restoran sektorunda konkret bu hadisə yaşanıb? - Bəli. Bu, restoranların əksəriyyətində baş verən adi haldır. Təkcə restoranlar deyil, ölkənin ən müxtəlif idarələri, hüquqi və fiziki şəxsləri bu cür təhdidlərə məruz qalır. Təsəvvür edin, bir adam faizə pul verdiyinə görə, hansısa mülki şəxs gəlib ondan xərac tələb edə bilirsə, bu, cinayətkar şəbəkənin nə qədər geniş miqyasa yayıldığını göstərir. Deməli, hansısa həkim, dükan sahibi və digər sahələrin adamları da eyni təhdidlə üzləşə bilərlər. Cinayətkar mafiya oz təsir gücünü artırmaq üçün bəzən səs-küylü qətl hadisələri törətməkdən belə çəkinmir. Cinayətkar aləmdə qanlı hesablaşmaların baş verdiyi barədə məlumatların vaxtaşırı mətbu orqanlarda yer alması və bu halın intensivliyini artırması da təsadüfi deyil. Məqsəd nə qədər güclü olduqlarını cəmiyyətə çatdırmaq və bu qorxu üzərində alternativ hakimiyyətlərini möhkəmləndirməkdir. Bunun isə bir adı var - terror. Çünki terrorcuların da əsas məqsədi öz niyyətlərinə nail olmaq üçün səs-küylü parlayışlar, qətllər törədərək rəsmi qurumlara təsir göstərmək və cəmiyyətdə söz sahibinə çevrilməkdir. Dünyanın bir çox yerlərində baş verən terror hadisələri ilə bu gün Azərbaycanda hansısa bir iş adamının qətlə yetirilməsi mahiyyət etibarilə eyni məqsədə qulluq edir – cəmiyyətdə xof yaratmaq və toplumun əsas iqtisadi güc mərkəzlərini özlərinə tabe etdirmək, beləcə, dövlət hakimiyyətini tədricən ələ keçirmək. Mən ona görə deyirəm ki, Azərbaycanda xarici güc mərkəzlərinin himayəsi altında alternativ güc formalaşdırılır. - Bəs hüquq mühafizə orqanları hara baxır? Sirr deyil ki, həmin orqanların cinayətlərə qarşı mübarizə tədbirləri adı altında apardıqları mübarizə bəzən əks nəticə verir. Məsələn, cəzaçəkmə müəsissisələrinin əsas təyinatı cinayətkarları islah etməkdir. Amma həmin müəssisələrin cinayətkarların “peşə qabiliyyətini” artıran təlim yerlərinə çevrildiyi məlumdur. Bir çox xırda cinayət törədən insanlar həbsxanadan təcrübəli cani kimi çıxırlar. Sizcə, cinayətkarlığa qarşı mübarizəni necə təkmilləşdirə bilərik ki, bu hallar aradan qalxsın. - Doğrusu, bu, xeyli geniş mövzudur və bir müsahibəyə sığmayacaq qədər detalları əhatə edir. Qısa şəkildə desək, bu istiqamətdə kompleks tədbirlər görülməlidir ki, dediyiniz kimi, həbsxanalar insanların islah düşərgələrinə çevrilsin. Ən başlıca addımlardan biri hansısa səbəbdən həbsxanaya düşmüş birinin öz cəzasını çəkdikdən sonra azadlıqda işlə təmin olunmasıdır. Əks halda rahatlıqla bu adam uzun illər əhatəsində olduğu, yaxından tanımaq imkanı əldə etdiyi cinayətkarların əlinə keçir. Bilirsiniz ki, hüquq fəlsəfəsinə görə, hər bir cəzanın bir bədəli var. İnsanlar bu bədəli ödədikdən sonra təmizlənirlər. Keçmiş əməllərindən məsuliyyət daşımırlar. Bizdə isə həbsxanaya düşmüş, cəzasını çəkmiş, dolayısıyla günahlarından arınmış insanlara potensial cinayətkar kimi baxırlar. Onları özümüzdən təcrid edir, etibarsızlıq göstərir və gündəlik tələbatlarını halal yolla qazanmaq fürsəti vermirik. Gündəlik tələbatlar isə bu adamları ya intihara, ya da peşəkar cinayətkarlığa sürükləyir. Sözsüz ki, bir çox hallarda cinayətkar mafiya da bu adamların islahında maraqlı olmur. Bir çox hallarda onları yenidən öz qanunsuz əməllərini davam etdirməyə şövq edirlər. Sizə ötən il baş vermiş bir hadisəni danışım. Yadınızdadırsa, təxminən bir il əvvəl Ramanada bir nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnən qətl hadisəsi baş vermişdi. Hikmət Abbasquliyev adlı bir nəfər əlinə “Kalaşnikov” markalı silahını alıb “Naxçıvan” kafesinə daxil olmuş və orada oturan iki şəxsi güllə-baran etmişdi. Atışma nəticəsində Namiq Allahverdiyev adlı şəxs ölmüş, Elxan Kərimov adlı şəxs isə yaralanmışdı. Polisin araşdırmaları nəticəsində məlum olmuşdu ki, hadisədə iştirak edən hər iki tərəfin nümayəndələri cinayət aləminə məxsusdurlar. Qətli törədən Hikmət Abbasquliyev Rusiyada qəsdən adam öldürmə ittihamı ilə həbsdə olub, yenicə azadlığa çıxmış, Ramanada məskunlaşmışdı. Qətlə yetirilən və ağır yaralanan şəxslər də müxtəlif ittihamlarla həbs həyatı yaşamış insanlar olublar. Hadisənin səbəbinə gəlincə, əldə etdiyim məlumata görə, bu hadisədə də günah öldürən tərəfdə olmayıb. Hikmət Abbasquliyev Rusiyadan geri döndükdən sonra normal həyata qayıtmaq istəyib. Ailəsi ilə birlikdə Ramanada bir ev alıb və orda kiçik ticarətlə məşğul olurmuş. Bir gün cinayətkar aləmin Ramanadakı qrupunun üzvləri ona yaxınlaşıb narkotik ticarəti ilə məşğul olmağı təklif edir. Hikmət isə bu işə girmək istəmədiyini deyir. Həmin insanlar ondan əl çəkmirlər. Dəfələrlə edilən cinayətkar təklifləri geri çevirən Hikmətə ən sonda əl qaldırırlar. Öz övladının yanında fiziki hücuma və aşağılayıcı sözlərə məruz qalan Hikmət övladını evə apardıqdan sonra silahını götürüb incidilmiş qürurunun hesabını sormağa yollanır, beləcə, məlum qətl hadisəsini törədir. Hikmət kimi adamlara zamanında sahib çıxa bilsəydik, bu cür xoşagəlməz hadisə də baş verməzdi. - Sizə elə gəlmirmi ki, məhkumluq həyatı yaşamış insanların cəmiyyətdən təcrid olunması düşünülmüş siyasətdir və kriminal dünya dövlətin iri məmurlarına da lazımdır? - Mən bayaq dedim ki, kriminal dünya üzərində nəzarət xarici dövlətlərə sərf edir. Bu mənada məhkumluq həyatı yaşamış insanların cəmiyyətdən təcrid olunması nəticə etibarilə həmin qüvvələrin siyasi maraqlarına cavab verir. Amma siz sualınızı qoyarkən, Azərbaycan dövlətinin siyasi maraqlarından bəhs edirsinizsə, açığı, bu fikrinizə qatılmıram. Azərbaycanın ağıllı dövlət adamları kriminal dünyanın xarici qüvvələrin əlində bizə qarşı əsas təzyiq vasitəsi olduğunu, yəqin ki, bilirlər və onların bu syasətə rəvac verən hər hansı addım atacaqlarına inanmıram. Üstəlik, məhkumluq həyatı yaşamışlara şübhəli yanaşma dövlətin mövqeyindən deyil, xalqın mentalitetindən qaynaqlanır. Hər bir toplum kimi, biz də keçmişi ləkəli olanlara şübhə ilə yanaşırıq. Sadəcə ingilis kimi inkişaf etmiş toplumlar məsələyə “inan, amma yoxla” fəlsəfəsilə yanaşdıqları halda, biz kimi inkişaf etməkdə olan toplumlar daha maksimalist mövqe sərgiləyirlər. Bunun dövlət siyasətiylə heç bir əlaqəsi yoxdur. - Etiraf edək ki, kriminal dünyanın möhkəmlənməsində bizim hüquq mühafizə orqanlarının da xidmətləri az deyil. Bir çox hallarda məhkəmələrin çıxartdığı haqsız qərarlar, polis özbaşınalıqları, prokurorluq orqanlarının varlı cinayətkarı yox, kasıb zərərçəkənləri cəzalandırması insanlarımızın kriminal ədalətə sığınmasına yol açır. Əsasən gənclər arasında... - Nə yazıq ki, dediyiniz bu amil də cinayətkar aləmin nüfuza minməsində mühüm rol oynayır. Əgər mən qanuni yolla borcludan öz pulumu ala bilmirəmsə, məcburən alternativ yollar axtarıram. Amma mən bu məsələdə təkcə hüquq mühafizə orqanlarını yox, həm də toplumumuzun hüquqi savadsızlığını günahkar görürəm. Cəmiyyətdə savadsızlıq o həddədir ki, öz hüquqlarını tələb etmək istəmirlər. - Gənclərimiz arasında oğru dünyasına rəğbəti necə qiymətləndirirsiniz? Bir çox gənclərimiz özlərini kriminal avtoritetlərə bənzətməyə çalışırlar. Kriminal avtoritet necə olmalıdır? - Gənclərə tövsiyəm bacardıqları qədər kriminal dünyadan uzaq olmalarıdır. Cinayət aləmində yaxşı heç nə yoxdur. Avtoritetə gəlincə, mənim fikrimcə, avtoritetin cinayətkarı, rəsmi şəxsi, türmədə və ya azadlıqda gəzəni olmur. Ədalətli, cəsarətli, yüksək əxlaqi keyfiyyətlərə malik, əhatəsində olduğu insanların hüquqlarını qoruyan, xalqını, millətini sevən, qan tökülməsinin qarşısını alan hər kəs avtoritetdir. Hər hansı bir iş adamı da, prezident də, müəllim də, hərbçi də öz çevrəsində avtoritet ola bilər. Hərbçilərin arasında avtoritet Mübariz İbrahimov idi. Öz şəhadətilə bütün hərbçilərimiz üçün bir nümunə yaradaraq adını əbədiləşdirdi. İş həyatında avtoritet öz xeyriyyəçiliyi ilə seçilən Mübariz Mənsimov, bir çoxlarımızın Frenk El Kaponi kimi tanıdığımız Füzuli Məmmədovdur. Bu adamlar qazandıqları pulları Azərbaycanın milli dəyərlərinin təbliğinə, soydaşlarımızın təşkilatlanmasına sərf edirlər. Eyni sözləri kriminal dünya üçün də demək olar. Kriminal avtoritetlər də nizam-intizamı pozulmuş həbsxanalarda insanı düz yola səsləyən, haqqı, ədaləti qoruyan şəxslər arasından çıxır. Onlar bəzən dustaqlar arasındakı anlaşılmazlıqlara aydınlıq gətirir, bəzən onların həbsxana məmurları tərəfindən tapdalanan hüquqlarını qoruyurlar. Məhbuslara yaxşı örnək olmağa çalışırlar. Kiminsə zorla qumara oturdulmasının, səbəbsiz yerə üzdəniraq çıxarılmasının qarşısını alırlar. Öz ədalətli qərarları ilə məhbusların rəğbəti qazanır və bu mərtəbəyə yüksəlirlər. Heç bir zaman günahsız adamların qanını tökmək, kimisə aşağılamaq barədə hökm verən, gəncləri cinayətə təşviq edən insan avtoritet ola bilməz. Avtoritet hərfi tərcümədə “nüfuzlu şəxs” deməkdir. İstənilən cəmiyyətdə nüfuz ədalətli qərarlar nəticəsində qazanılır. Kimsə avtoritet olmaq istəyirsə, içəriyə düşmədən, öz çevrəsində insanlara kömək etməklə bu statusu qazana bilər. - Amma bizdə “kriminal avtoritet” deyəndə nədənsə kimlərdənsə pul yığan şəxs sayılır. - Bəli, bəziləri özlərini “avtoritet” adlandırıraq, Rusiyada göyərti satandan pul tələb edir. Ailəsinə bir tikə çörək pulu qazanan insanlarımızın boğazına şərik çıxırlar. Tələblərini yerinə yetirməyənləri isə qətlə yetirirlər. Bunun oğru qanunlarında heç bir yeri yoxdur. Bu, quldurluqdur, özbaşınalıqdır. Bizim özünü “avtoritet” adlandıran bəzi cinayətkarlarımız bir tikə çorək pulu üçün Rusiyanın bazarlarında qəpik-quruş qazanan insanlarımızın soyulması prosesində erməni mafiyası ilə əməkdaşlıq edirlər. Əldə etdikləri pullarla isə gəlib Azərbaycanda şadlıq sarayları tikirlər. Ermənilərin nökərinə çevrilən bu ünsürlər necə avtortet statusu qazana bilərlər? İnsana bu statusu başqaları verməlidir. Avtoritetlərin qazandıqları bu ad ölümlərindən sonra da davam edir. Hər kəs onları yaxşı insan kimi xatırlayır. - Sizin sözlərinizdən qəribə bir təzad ortaya çıxır. Lənkəranski kimi tanınan Rövşən Canıyev də Rusiya bazarlarından xərac toplayırdı. O da həmin pullar hesabına Azərbaycanda şadlıq sarayları tikmişdi. O da öldürüldü və adı indi də yaşayır. Bir çox adamlar Rövşən Caniyevi rəhmətlə anırlar. Belə çıxır ki, siz dediyiniz “oğru qanunları”ndan çıxmaqla da əbədi nüfuz qazanmaq olar. - Rövşən Canıyevə ölümündən sonra duyulan rəğbət heç də etdiyi əməllərdən qaynaqlanmır. Rövşən çox anaları gözü yaşlı qoyub, kiçik sahibkarları incitməklə bir çox insanlarımızın iflasına səbəb olub. Ona duyulan rəğbətin səbəbi törətdiyi əməllər deyil. Ona qardaşı Namiq Caniyevin puluna, hakimiyyət orqanları ilə əlaqəsinə görə hörmət edirlər. Mən şəxsən Rövşən Caniyevin hər hansı müsbət əməlini görməmişəm. - Kriminal avtoritet olmaq üçün həbs səbəbindən qaynaqlanan hansısa məhdudiyyət varmı? Bu cür insanlar hansı maddələrlə tutulanlar arasından çıxır? - Belə bir məhdudiyyət yoxdur. Avtoritet olmaq insani keyfiyyətlə bağlıdır, həbs edilmə səbəbi ilə deyil. Mən adam tanıyıram ki, həbsə zorlama maddəsi ilə düşüb, həbsdən isə avtoritet kimi çıxıb. Söhbətləşdi: Cavid TURAN, Hurriyyet.org